Məhkəmə qərarları › İş №2(060)-7247/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7247/2025

03.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7247/2025 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 5 saylı binanın, 30 saylı mənzil iddiaçının mülkiyyətindədir. 2019-cu ilin oktyabr ayında iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 5 saylı bina, 30 saylı mənzilin abonent kodu **********00300 olan qaz sayğacının yoxlanılması üçün əraziyə gəlmiş Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* nömrəli sayğac çıxarılaraq aparılmış və bununla bağlı hər-hansı akt imzalanması üçün iddiaçıya təqdim edilməmişdir. Sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz" İB-nin qaz sayğacının yoxlanılması barədə 10 oktyabr 2019-cu il tarixli 29/1710-02851-l nömrəli aktına əsasən G-2,5 markalı, ******* nömrəli sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombunun aşkar olunmaması əsası ilə iddiaçının 409,3 manat ödəniləcək borcunun olduğu bildirilmişdir. İddiaçı cavabdeh təşkilatın əməkdaşlarına müraciət edərək bu məbləğdə qaz sərfiyyatının olmadığı halda hansı səbəbdən bu qədər məbləğin iddiaçıya yazıldığını soruşduqda isə ona bildirilmişdir ki, qaz sayğacına müdaxilə olduğundan bu məbləğ yaranmışdır. İddiaçının mülkiyyətində olan mənzildən çıxarılmış qaz sayğacına əlavə sərfiyatın hesablanmasını təsdiq edən hallar nədir? Azərbaycan Respublikası Qaz X1 13-cü maddəsində qeyd edilən hallardan hansı iddiaçı tərəfindən törədilmişdir ki, cavabdeh tərəfindən ona əlavə sərfıyyat hesablanmışdır? Belə ki, borcun hesablanması üçün əsas olan aktda sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombunun aşkar edilməsi göstərilsə də, bu tamamilə əsassızdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 464 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmşdır ki, hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-7247/2025 saylı mülki iş üzrə İddiaçı xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında yazılmış borc məbləğinin əsassız olduğu üçün silinməsi tələbi ilə bağlı iddia qaldırmışdır. İş üzrə cavabdeh aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsinə etiraz edir. Belə ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış, Cavabdeh İB –nin Sumqayıt RQİİ-də İddiaçı adına qeydiyyata alınmış təbii qaz sayğacına (abonent kodu : **********00300 ) baxış keçirilmiş və sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombunun olmaması aşkarlanmışdır. Müdaxilə faktı barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparmaqla) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 4644 m3 təbii qaz sərfi – 464,40 manat dəymiş ziyan məbləği hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, 10 oktyabr 2019-cu il tarixdə dövlət yoxlamasına aparılmış sayğacların müayinəsi labaratoriyasının rəyinə əsasən, G-2,5 markalı, ******* zavod nömrəli sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombunun olmaması aşkarlanmışdır. - xx.xx.2019-cu ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 4644 m3 müəyyən olunmuşdur. - Abonent saldosundan görünür ki, Abşeron, ünvan 3 üzrə **********00300 saylı abonentə 464 manat borc hesablanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sayğaca cavabdeh tərəfindən heç bir müdaxilə olunmamışdır. ünvan 3 ünvanına qaz sərfiyyatına görə hesablanmış 464 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Məhkəmə qeyd edir ki, silinməli borc 464 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, ünvan 3 ünvanına əsassız olaraq tərtib olunmuş akt ləğv olunmalı, akt üzrə hesablanmış 464 manat qaz borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 3 ünvanına (abonent kodu **********00300) akt ləğv olunsun, akt üzrə hesablanmış 464 manat borc silinsin. İddianın verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar