Məhkəmə qərarları › İş №2(060)-7254/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7254/2021

26.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7254/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Sumqayıt regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhəri, 4 saylı Dövlət Notariat Kontoruna qarşı etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasənda 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızı cavabdehlər Sumqayıt regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhəri, 4 saylı Dövlət Notariat Kontoruna qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəlik işinin ləğvi tələbinə dair iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə 07.12.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı oğlu X19 27 oktyabr 2020-ci ildə böyrək çatışmazlığından vəfat etmişdir. X10 adında bir qardaşı olmuş, Əfqan 2014-cü ildə daimi olaraq Azərbaycan Respublikasını tərk edərək xaricə köçmüş və 2019cu ildən sonra ondan heç bir xəbər olmamışdır. Vəfat etmiş Rövşən söhbət əsnasında qardaşı Əfqanın xaricdə adını və soyadını dəyişdiyini və 2019-cu ildə vəfat etdiyini bildirmişdir. Ərəbov Rövşən sağlığında ailə həyatı qurmamış və övladı olmamışdır. Onun hər iki valideyni də dünyasını dəyişmişdir. Rövşən sağlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onun bir neçə yerdə daşınmaz əmlakları olmuşdur. Rövşənin ölümündən sonra iddiaçı və iddiaçının qardaşları onun qanun üzrə 4-cü növbə vərəsələri hesab ediliri. Lakin Rövşənin ölümündən az bir müddət sonra iddiaçının qızı X6 özünü mərhum Rövşən Ərəbovun varisi olduğunu və guya mərhumun onun adına vəsiyyətnamə qoyduğunu bildirməklə faktiki olaraq onun əmlaklarına yiyələnməyə başlamışdır. İddiaçının qardaşları onun bu qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də araşdırma aparılmışdır. Həmin araşdırma zamanı A.Haqnəzərova izahat verərək göstərmişdir ki, guya Rövşən vəfat etdikdən sonra qardaşı Ərəbov Əfqanı baş vermiş ölüm hadisəsi barədə məlumatlandırmış və Əfqan bunu bildikdən sonra Rusiya Federasiyasıda yaşayan dayısı oğlu X14 2016-cı il tarixdə mülki etibarnamə vermişdir və sonuncu Rövşənin ölümünü bildikdən sonra 2020-ci ilin noyabr ayında onun adına vərəsəlik işinin aparılması məqsədilə etibarnamə vermiş və etibarnamə Sumqayıt şəhəri 3-cü mkr ərazisində yerləşən 4 saylı DNK-da təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının bacısı oğlu Rövşən 2020-ci ilin oktyabr ayında dünyasını dəyişdiyi halda onun qardaşı Əfqan vərəsəliklə bağlı 2016-cı ildə necə etibarnamə verə bilər? A.Haqnəzərova R.Ərəbovun miras əmlakını qəbul etməsi ilə bağlı sonradan Sumqayıt Regional Asan Xidmət Mərkəzinə müraciət etmiş və orada vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işindən belə məlum olur ki, A.Haqnəzərovaya onun polisdə verdiyi izahatında göstərdiyi X20 adlı şəxs tərəfindən deyil, guya birbaşa Əfqan Ərəbov tərəfindən 26.11.2020-ci ildə RF-nin Moskva vilayəti Ximki notarial dairəsində verilmişdir. Bundan başqa A.Haqnəzərova 07.12.2020-ci ildə bu hüquqları X17 adlı şəxsə etibar etmişdir ki, həmin şəxsin iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Bildirir ki, bütün qohumlarda olan məlumata görə Əfqan Ərəbov 2014-cü ildə Azərbaycan Respublikasını tərk etmiş və 2019-cu ildə dünyasını dəyişməklə xaricdə dəfn edilmişdir. Nə Rövşənin, nə də Əfqanın A.Haqnəzərova ilə normal münasibətləri olmamışdır. Bu uşaqlar kiçik yaşlarından valideyn himayəsindən məhrum olduqları üçün iddiaçı tərəfindən böyüdülmüş və bu uşaqlar iddiaçıya bağlı və yaxın olmuşdurlar. Lakin R.Ərəbovun ölümündən sonra üzə çıxan bu “müəmmalı etibarnamə" qanunsuzdur. Əgər A.Haqnəzərovanın polis bölməsindəki izahatını düzgün qəbul etsək, belə bir sual yaranır. Əfqan Ərəbov 2016-cı ildə haradan bilərdi ki, 2020-ci ilin oktyabr ayında onun qardaşı R.Ərəbov dünyasını dəyişəcək və Ruslan adlı şəxsə də vərəsəliyin qəbulu ilə bağlı etibarnamə verirdi? 2020-ci ilin noyabr ayının 26-da Ə.Ərəbov Moskva şəhərinə gələrək şəxsiyyət vəsiqəsi əsasında orada A.Haqnəzərovaya etibarnamə verə bilməzdi, çünki onun şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və etibarsız bir vəsiqə hesab edilir. Bundan başqa xaricdən Moskva şəhərinə onun gəlməsi inandırıcı deyildir. Belə ki, qohumlar bu şəxsin 2019-cu ildə ölməsini şəxsən qardaşı R.Ərəbovdan eşitmişlər, digər tərəfdən o xaricdə başqa ad, soyad altında yaşayır. Bütün bu hallar ona dəlalət edir ki, Əfqan Ərəbov xaricdə dəfn olunmuş və nəticə etibarilə şəxs dünyasını dəyişdiyinə görə A.Haqnəzərovaya verilmiş etibarnamənin saxta olması ehtimalı vardır, və etibarsız hesab edilməlidir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar işdə iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, yalnız məhkəməyə ərzizə iləmüraciət edərək işə onlkarın iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməməlidir. İş materiallarında olan: -AZ-İİ № 120563 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərəbov Rövşən Kazım oğlu 17 noyabr 2020-ci il tarixdə xroniki böyrək xəstəliyi səbəbi ilə ölmüşdür. -05/Q-62/69 saylı doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X19 15 avqust 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. -AZ-İİ № 149125 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 10.07.1997-ci ildə xərçəng intoksikasiyası səbəbi ilə ölmüşdür. -AZ-İİ №149124 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərəbova Solmaz Hüseyn qızı 16 mart 2008-ci ildə ölmüşdür. -05/Q-224/69 saylı arayışdan görünür ki, X11 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. -05/Q-61/69 saylı arayışdan görünür ki, X24 11.02.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X25, anası X7r. - 8V-104, 27.01.2021-ci il tarixli ərizədən görünür ki, Ərəbov Əfqan Kazım oğlu 27.10.2020-ci il tarixdə ölmüş X8 qalmış miras əmlakı qəbul edir. - 26 noyabr 2020-ci il tarixli Moskva vilayətinin Ximki şəhərində rəsmiləşdirilmiş etibarnamədən görünür ki, X2 Əfqan Kazım oğlunun adından X4 8 il müddətinə etibarnamə vermişdir. - AR-İİ № 203048 saylı 07.12.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 X6 vasitəsi ilə X12 etibar edilmişdir. - X23 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 22.11.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə (X24 tərəfindən X14 verilmiş etibarnamə) ləğv edilməmişdir. - X23 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 26.11.2020-cı il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X13 X16 adından X4 verilmiş etibarnamə) ləğv edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə ölmüş X8 qalmış miras əmlakın qəbuluna dair Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə vərəsəlik işi rəsmiləşdirilmişdir. Vərəsəlik işi X11 qardaşı Ərəbov Əfqan Kazım oğlunun adından etibarnamə əsasında X9 müraciəti əsasında qeydiyyata alınmışdır. Ərəbov Əfqan Kazım oğlu X14 22.11.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə vermişdir (Moskva vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş), X20 ona verilmiş səlayiyyətləri 26.11.2020-cı il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə ilə X4 ötürmüş (Moskva vilayəti Ximki notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş), X6 isə ova verilmiş səlahiyyətləri 07.12.2020-ci il tarixli, AR-İİ № 203048 saylı etibarnamə ilə X12 ötürmüşdür (Sumqayıt şəhəri 4 saylı notariat ofsinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş). Qeyd edilən etibarnamələrin ləğv edilməsinə və ya eribarsız hesab edilməsinə dair hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. X11 qardaşı Ərəbov Əfqan Kazım oğlu mirası nümayəndə vasitəsilə qəbul etmişdir. Vərəsəlik işi qanunvericiyin normalarına əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə gör qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.2-ci maddəsinə görənotarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364.1-ci maddəsinə görə etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Qeyd edilənlərə əsasən iddiaçı Behbudova Sona Hüseyn qızının cavabdehlər Sumqayıt regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhəri, 4 saylı Dövlət Notariat Kontoruna qarşı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə 07.12.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının Sumqayıt şəhəri, 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə 07.12.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar