Məhkəmə qərarları › İş №2(060)-7277/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7277/2022

29.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7277/2022 29.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı qızının cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Köhnə Corat, 487A ünvanında yerləşən evə xx.xx.2022-ci il tarixli, 262432 saylı akta əsasən hesablanmış 534,37 manat borcun **********01109 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Köhnə Corat, 487A ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. İddiaçı tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəyir. Həmin ünvan xx.xx.2005-ci il tarixdə enerji təchizatçı müəssisəsi tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə cavadeh təşkilatın işçiləri tərəfindən elektrik hesabat sayğacından kənar xətdən isdifadə olması deyilərək iddiaçıya 262432 saylı akt tərtib edilərək həmin akta əsasən ona 534,37 manat əlavə sərfiyyat hesablanmışdır. Sayğac çöl divarda yerləşir. Ona enerji təchizatçı təşkilat nəzarət edir və cavadehlik daşıyır. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, mənzildə elektrik enerjisi sayğacdan kənar xəttdən istifadə olunur. Belə ki, sayğacın giriş xəttini yuxarı hissədən zədələməklə budaqlanma yolu ilə kənar xətt ötürülmüşdür. Kənar xətdə naqilin en kəsiyi 2x10 mm2 aliminium naqildən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, R № 262432 saylı akt əsasında 20,54 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. "İddiaçının istifadəsində olan elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 2 il on bir ay ərzində cəmi 114,61 manat dəyərində elektrik enerjisi istehlak edilmişdir. Bu da ona əsas verir ki, abonent həqiqətən də elektrik enerjisindən kənar xətt vasitəsilə qanunsuz olaraq istifadə edib. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, ona xəbərdarlıq edilmədən borc yazılıb. Belə ki, həmin evdə onun həyat yoldaşı yaşayıb. O, özü xəstə olduğundan müalicə olunmaq üçün bu ilin yanvar ayından aprel ayına kimi bacısıgildə qalmışdır. Həyat yoldaşı aprel ayında vəfat etdikdən sonra həmin evə qayıtmışdır. Onun evdə sayğacdan kənar elektrik xəttinin olması barədə heç bir məlumatı olmayıb. Yəni, evdə sayğacdan kənar xətt ola bilməzdi. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçının yaşadığı evdə sayğacdan kənar xətt xx.xx.2022-ci ildə ləğv edilmişdir. Həmin vaxta kimi xəttin hansı səbəbdən ləğv edilmədiyini bilmir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. xx.xx.2022-ci il tarixli, 1571 saylı arayışa əsasən iddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci tarixli, 262432 nömrəli aktda iddiaçıya məxsus fərdi yaşayış evində elektrik enerjisindən sayğacdan kənar xətt çəkilməklə istifadə edildiyi, sayğacın giriş xəttinin yuxarı hissədən zədələnməklə kənar xətt götürüldüyü, kənar xətdə naqilin en kəsiyi 2x10 mm2 aliminium naqildən ibarət olduğu qeyd edilmişdir. İddiaçının abonent kimi qeydə alındığı ünvan 3 ünvanının abunə haqqında məlumatından görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində aktlar əsasında həmin evə ümumilikdə 534,37 manat borc hesablanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 325756 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolla müəyyən edilir ki, 262432 saylı akta əsasən kənar xətt ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). İddiaçı ona məxsus olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə ilə bağlı sayğacdan kənar xətt çəkilmədiyini bildirir. Lakin cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 325756 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan da görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt mövcud olmuşdur. Eyni zamanda iddiaçı 2022-ci ilin yanvar ayından aprel ayına kimi həmin evdə yaşamadığını, həmin vaxt evdə həyat yoldaşının tək yaşadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mənzildə yaşamadığı dövrdə həyat yoldaşı tərəfindən sayğacdan kənar elektrik xətti çəkilib-çəkilmədiyini müəyyən edə bilməz. Eyni zamanda abonent məlumatından görünür ki, iddiaçıya akt əsasında 511,31 manat borc hesablanmışdır. Onun silinməsini xahiş etdiyi qalan borc isə sayğac əsasında yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göründüyü kimi iddiaçı borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Lakin cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda iddiaçının əvvəllər yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyi göstərilmişdir. İddiaçı qeyd edilən halı inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli, 262432 saylı akta əsasən hesablanmış 534,37 manat borcun **********01109 saylı abunə hesabından silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar