Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7278/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı “miras əmlakın qəbul müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 2007-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmış 7-8-12-ci məhəllə ünvanında yerləşən 3 otaqlı, 47.0 kv.m yaşayış, 12.77 kv.m köməkçi sahədən ibarət 11 saylı evin 20 saylı mənzilin- miras əmlakın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ünvanında yerləşən 3 otaqlı, 47.0 kv.m yaşayış, 12.77 kv.m köməkçi sahədən ibarət 11 saylı evin 20 saylı mənzili 01.11.2002-ci il tarixindən mərhum atası X3 adına dövlət qeydiyyatına alınmışdır. Atası, Manafov Rəhim 26 aprel 2007-ci il tarixdə "baş beyinə qansızma" səbəbi ilə vəfat etmişdir. O, atası vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmişdir. Lakin bir tərəfdən atasının dəfni, yas mərasimləri, digər tərəfdən də hüquqi savadı olmadığı üçün mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişdir. 27 iyul 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, notariat ofisindən ona müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hesab edir ki, mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilməli və müddət bərpa olunmalıdır. Bildirir ki, hal-hazırda qanun üzrə vərəsələr arasında heç bir mübahisə yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı ailə quraraq başqa ünvana gəlin köçsədə, bir müddət sonra atası evinə gələrək uşaqları ilə birlikdə bu ünvanda yaşamışdır. İddiaçı atası vəfat etməmişdən xeyli müddət əvvəl bu mənzilə gəlmiş və həmin vaxtdan hazırki vaxtadək bu mənzildə yaşayır. Miras kütləsinə daxil olan mənzil iddiaçının istifadəsində və sahibliyindədir. İddaçı faktiki olaraq mirası qəbul etmişdir. Atasının ölümündən sonra mirasın qəbulu ilə bağlı heç bir vərəsə notariat orqanına müraciət etməmişdir. Qanunu üzrə vərəsələr olan iddiaçının bacısı və qardaşının bu əmlakla bağlı heç bir tələbləri yoxdur. İddiaçı hüquqi biliyi olmadığından mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına müraciət etməmişdir. Lakin miras əmlakı faktiki olaraq qəbul etdiyindən hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan : Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin 2088 nömrəli 27 iyul 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı miras açıldığı gündən altı ay keçdikdən mirasın qəbuluna yol verilməməsi əsası ilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. AZ-T seriyalı 164017 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Manafova Firuzə Rəhim qızı xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X6, anası X4r. İV-JQ seriyalı 438565 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Manafova Firuzə Rəhim qızı ilə X5 arasında 06 oktyabr 1988-ci ildə nikah bağlanmış, qadına Qubatova soyadı verilmişdir. AZ-İ seryalı 247562 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, X6 06.04.2007-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilən Qeydiyyat Vəsiqəsindən görünür ki, Sumqayıt şəhər 7-8-12-ci məhəllədə yerləşən 3 otaqlı yaşayış sahəsindən ibarət olan 11 nömrəli evin 20 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında 01.11.2002-ci il tarixli 43 nömrəli protokol əsasında vətəndaş X3 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 4 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli, 842 saylı arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. 4 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş 21.10.2021-ci il tarixli aktın məzmunundan görünür ki, X6 öldüyü – 06.04.2007-ci il tarixədək qızı Qubatova Firuzə Rəhim qızı ilə birlikdə ünvan 3 ünvanda Qubatova Firuzə Rəhim qızı uşaqları ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MKTİB tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Sumqayıt şəhər 7-8-12-ci məhəllə, ev 11, mənzil 20 ünvanına aid komunal xidmət haqqı Qubatova tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin müəyyən edilmiş hallarından göründüyü kimi miras qoyan X6 öldükdən sonra onun vərəsəsi İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum X2 miras qalmış əmlakın (Sumqayıt şəhərt 7-8-12-ci məhəllədə yerləşən 3 otaqlı yaşayış sahəsindən ibarət olan 11 nömrəli evin 20 saylı mənzili) İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Mərhum X2 miras qalmış əmlak - Sumqayıt şəhəri 7-8-12-ci məhəllədə yerləşən 11 saylı evin 20 saylı mənzilinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7278/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7278/2021
22.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver