Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7290/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.11.2020-ci ildə vəfat etmiş mərhum atası Maraqlı şəxs miras qalmış Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.4 kv.m yaşayış, 23.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılaraq müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.4 kv.m yaşayış, 23.70 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 04.03.2009-cu il tarixindən mərhum atası Maraqlı şəxs adına dövlət qeydiyyatına alınmışdır. Həmin evə dair çıxarış verilmişdir. Atası 26.11.2020-ci il tarixində vəfat etmişdir. O, atasının yeganə qanun üzrə birinci növbə vərəsəsidir. O, Rusiya Federasiyasında yaşadığı üçün atasının vəfatından sonra mirası qəbul etməmişdir. Belə ki, bütün dünyada COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Azərbaycana gələ bilməmişdir. Xüsusi karantin qaydalarında yumşalma tətbiq edildikdən, yollar açıldıqdan sonra Azərbaycana gələ bilmişdir. Mərhuma məxsus miras əmlakın qəbulu məqsədi ilə Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə müraciət etmiş, notariat ofisindən ona müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: - AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1932-ci il tarixdə Quba rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.4 kv.m yaşayış, 23.70 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisi Maraqlı şəxsdir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 04.03.2009-cu ildə qeydiyyata alınmışdır. - Quba rayon qeydiyyat şöbəsinin verdiyi 01.07.2021-ci il tarixli AZ- İİ seriyalı 152077 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs 26.11.2020-ci il tarixdə vəfat etmişdir. - İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə X3 arasında 10.01.2018-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 69 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Vlasıuk soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 17.08.1960-cı ildə Quba rayonunda anadan olmuş, anası X1, atası Maraqlı şəxsdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 5 saylı Mənzil Kommunal Səhəsinin 752 nömrəli arayışından görünür ki, Maraqlı şəxs 13.01.1967-ci ildən 24.09.2008-ci ilə kimi Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 4b/29 saylı evin, 11 saylı mənzilində qeydiyyatda olmuşdur. - İş materiallarında olan 30.10.2014-cü il tarixində Quba rayonunda imzalanmış vəsiyyətnamədən görünür ki, mərhum Maraqlı şəxs ölən günədək ona məxsus olan Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.22 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Maraqlı şəxs öldükdən sonra onun vərəsəsi Rusiya Federativ Respublikasının vətəndaşı olan və həmin ölkədə yaşayan İddiaçı miras əmlakı qəbul etmək üçün Azərbaycan Respublikasına gələ bilmədiyindən üzrlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum Maraqlı şəxs miras qalmış Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.4 kv.m yaşayış, 23.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Mərhum Maraqlı şəxs miras qalmış Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.4 kv.m yaşayış, 23.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-7290/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7290/2021
13.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver