Məhkəmə qərarları › İş №2(060)-7293/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7293/2021

01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7293/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Hal-hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Həmin mənzil 04.09.2009-cu il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, sonuncu dəfə 20.11.2019-cu il tarixdə hesabat sayğacı quraşdırılmış və hər ay cavabdehin ərazi üzrə nəzarətçimühəndisləri tərəfindən sayğaca baxış keçirilərkən qeydə alınmış elektrik enerjisi sərfiyyatı barədə bildirişlər ona təqdim olunduqdan sonra tərəfindən həmin sənədlər əasında ödənişlər həyata keçirilmişdir. 28.07.2021-ci il tarixdə "xxxx" ASC-nin bir qrup əməkdaşı yoxlama apararaq elektrik sayğacına baxış keçirmiş və guya elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən istifadə olunması barədə akt tərtib etmişlər. 04.08.2021-ci il tarixdə isə onlara yeni hesab ödəniş sənədi təqdim edilərək enerjitəchizatı müəssisəsinə elektrik enerjisindən istifadəyə görə 1555,54 manat borclarının olduğu bildirilmişdir. Borcun haradan yarandığını araşdıran zaman məlum olmuşdur ki, tərtib olunmuş akt əsında hesablanmışdır. Bununla əlaqədar cavabdeh təşkilata müraciət etsə də, onlar akta görə əlavə hesablaşma aparılmışdır. Müraciətlərə baxmayaraq enerjitəchizatı müəssisəsinin rəhbərliyi qeyd olunanlara heç bir əhəmiyyət vermədən təqdim olunan cərimə məbləğinin 07.08.2021-ci il tarixədək ödənilməsini tələb edərək, həmin məbləğin ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin dayandırılacağını bildirmişlər. Həmçinin enerjitəchizatı müəssisəsinin nümayəndələri mütəmadi olaraq həmin sayğaca baxış keçirir və onun göstəricilərini qeyd edərək bildirişlər və hesab ödəniş sənədləri təqdim edirlər. Enerjitəchizatı müəssisəsinin əməkdaşları sonuncu dəfə həmin sayğaca mübahisələndirilən aktın tərtib olunduğu tarixdən 23 gün əvvəl, yəni 05.07.2021-ci il tarixdə baxış keçirmiş, həmin aya 12,88 manat borcu olduğu barədə bildiriş təqdim edilmişdir. Aktda qeyd olunan qüsur həmin vaxtda ona baxış keçirən əməkdaşlar tərəfindən müəyyən olunmalı və müvafiq tədbirlər görülməli idi. Qeyd olunanlara əsasən cavabdeh "xxxx" ASC tərəindən Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən, abunə kodu **********01876 olan mənzilə tərtib olunmuş akt əssında hesablanmış 1555,54 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, sayğac həyətdə yerləşir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Hər dəfə 15-20 manat məbləğində ödəniş etmiş, keçən ay 50 manat ödəniş etmişdir. Akt onun tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərdi ki, İddiaçı "xxxx" ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, 28.07.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus obyektə sayğac sxemindən kənar xətt daxil olması, kənar xətt sayğacın giriş hissəsindən sip xəttinin izolyasiyası pozularaq əlavə naqil qoşularaq sayğacın çıxış fazasının üzərində quraşdırılmış avtomat ayrıcısına verilməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdi olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 28.07.2021-ci il tarixli, 023808 saylı akt əsasında 1519,19 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 1554,54 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş akta əsasən hesablanmış 1555,54 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərdi ki, İddiaçı onun qonşusudur. 10 ildir orda yaşayır. Sayğacların hamısı çöldədir. Xətlər göydən gəlib dirəyə birləşir, ordan da evə daxil olur, hər hansı bir müdaxilə etmək mümkün deyildir, açıq yerdədir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərdi ki, 20 ildir orda yaşayır, iddiaçı ilə evlərinin arasında 5 metr məsafə var. İddiaçı işıqdan başı çıxmır. Sayğaclar bayırda, darvazaların giriş hissəsində yerləşir.. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatlarını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 023808 saylı, 28.07.2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən, **********01876 saylı kodu olan abonentə məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilərkən obyektə sayğac sxemindən kənar xətt daxil olması, kənar xətt sayğacın giriş hissəsindən sip xəttinin izolyasiyası pozularaq əlavə naqil qoşularaq sayğacın çıxış fazasının üzərində quraşdırılmış avtomat ayrıcısına verilməsi halı aşkar edilmişdir. İş materiallarında olan AR Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış Massivi 2-ci məhəllə üzrə 1 saylı Məhəllə komitəsi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli 0223 saylı arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhər Yaşıl dərə Yeni Yaşayış Massivi Çerkassi küç. 11-ci mikrorayonun arxasında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə belə hesab edir ki, aktın tərtib olunmasına əsas olmuş qanunsuz qoşulma halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli iddiaçıya hesablanmış 1519,19 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı vaxtaşırı ödənişlər etmiş, sayğac üzrə hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmiş, hər ay nəzarətçi tərəfindən sayğaca baxılmışdır. Belə olan halda məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının öhdəliyinə verməsi əsassız olmaqla, qanuna uyğun deyildir. Belə ki, iş materiallarına əsaslanaraq müəyyən edilir ki, iddiaçının borcu 1555,54 manat deyil 1519,19 manat təşkil edir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənl ərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus 42-ci məhəllədə yerləşən fərdi yaşayış evinə hesablanmış 1519,19 (min beş yüz on doqquz manat on doqquz qəpik) manat borc **********01876 saylı abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar