Məhkəmə qərarları › İş №2(060)-731/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-731/2021

15.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-731/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı1 vəkili, İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və digərlərinə qarşı hərracın yekunları haqqında protokolların etibarsız hesab edilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) "xxxx" MMC-yə, "xxxx" Kommersiya Bankı ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış binasının "xxxx" KB ASC-yə satılmasına dair hərracın nəticələri haqqında Y-58 № li, İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-20 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış binasının "xxxx" KB ASC-yə satılmasına dair hərracın nəticələri haqqında Y-59 № li, İddiaçı2 Kazım qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzilin "xxxx" KB ASC-yə satılmasına dair hərracın nəticələri haqqında Y-60 № li, 17.06.2020-ci il tarixli yekun protokollarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin müəyyən edilmiş və mübahisələdirilməyən halları ondan ibarətdir ki, "xxxx" KB ASC ilə İddiaçı1 arasında 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən İddiaçı1 48 ay müddətinə, 21.09.2018-ci il tarixədək, illik 19% ödəmək şərtilə 200 000 ABŞ dolları, həmçinin 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit xətti müqaviləsinə əsasən 36 ay müddətinə, 19.08.2017-ci il tarixədək, illik 6% ödəmək şərtilə 15000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası, İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri yaşayış binası və ünvan 2 evin 59 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər məhkəməsinin 2(060)-1214/2018 saylı, 19.07.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiası qismən təmin edilərək, 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı və 19.08.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı1 bankın xeyrinə əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, 34958,25 ABŞ dolları faiz borcu, cərimə üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 ABŞ dollarının, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutulmasını, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-9 ünvanda yerləşən qeyriyaşayış binasına və ünvan 4erləşən 59 saylı mənzilinə və girov predmeti olan 100000 manat məbləğində pul qalığının Sumqayıt şəhər Məhkəməsinin 2(060)-175/2017 saylı, 15.03.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməsindən artıq qalan hissəsinə yönəldilməsi, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 78000 manat, Sumqayıt şəhəri, 53cü məhəllədə yerləşən 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 80000 manat, ünvan 4erləşən 59 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-338/2019 saylı 05.03.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin, 2(060)- 175/2017 saylı 15.03.2017-ci il tarixli və Sumqayıt şəhər Məhkəməsinin, 2(060)-1214/2018 saylı 19.07.2018-ci il tarixli qətnamələrinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5245/2019 saylı, 23.07.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-338/2019 saylı 05.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi əsasında icra vərəqəsi verilmiş və icraya yönəldilmişdir. "xxxx" MMC-nin hərracın yekunları haqqında 17.06.2020-ci il tarixli, Y-58, Y-59 və Y-60 nömrəli protokoluna əsasən Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53- 09 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası 77775 manata, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası 57375 manata, ünvan 4erləşən 59 saylı mənzil 33150 manata Unibank” Kommersiya Bankı ASC-yə satılmışdır. İddiaçıların əsas dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən 52 000 manata dəyərləndirilən ünvan 5 cəmi 33150 manata, 122 000 manata dəyərləndirilən Sumqayıt şəhəri, 53-cü məhəllə 53-9 qeyri-yaşayış binası 77775 manata, 90000 manata dəyərləndirilən Sumqayıt şəhəri, 53-cü məhəllədə, 53-20 nömrəli, 1 mərtəbəli qeyri yaşayış sahəsi 57 375 manata "xxxx" KB ASC tərəfindən alınmışdır. İddiaçıların məhkəmə tərəfindıən dəyərləndirilmiş əmlaklarının ümumi məbləği 264 000 manat təşkil edirdi ki, bu da demək olar ki, banka olan borcu ödəyirdi. Lakin, hərrac mərkəzi 264 000 manatlıq əmlakı cəmi 168 300 manata bankın mülkiyyətinə verib ki, nəticədə iddiaçılar əlavə olaraq 95 700 manat maliyyə sanksiyasına məruz qalırlar. Yəni, iddiaçılar mülkiyyətlərində nə varsa hamısını itirdikdən sonra yenə də banka borclu qalırlar. Bu da ondan xəbər verir ki, bütün bu məsələlər cavabdehlər arasında yəni, "xxxx" KB ASC ilə "xxxx"nin birgə təşkil etdikləri qanunsuz və əsassız razılaşmadır. İddiaçı İddiaçı1 vəkili, İddiaçı2 nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclası barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 xx.xx.1966-cı ildə, İddiaçı2 isə xx.xx.1966-cı ildə anadan olmuşlar. İddiaçılar ünvan 5 ünvanında yaşayırlar. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir (307.1.). Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir (319.4.). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi iddiaçıların mülkiyyətində olan əmlaklar kredit borcunun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 kredit borcunu ödəyə bilmədiyi üçün Unibank” Kommersiya Bankı ASC məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən kredit borcunun tutulması və tutmanın ipoteka oredmetinə yönəldilməsi qət edilmişdir. Qətnamədə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyən edilmişdir. Qətnamə icraya yönəldilmiş və əmlaklar açıq hərraca çıxarılmışdır. “İpoteka haqqında” Qanunda göstərilmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir (42.1.). Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir (43.2.). Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər (43.3.). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir (43.4.). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (43.5.). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (43.7.). İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (43.8.). Göründüyü kimi ipoteka predmeti olan əmlaklar "xxxx" MMC tərəfindən keçirilmiş birinci və ikinci hərracda satılmamış və nəticədə birinci hərracdan sonra əmlakların qiyməti 15 faiz və daha sonra 25 faiz enmişdir. Bundan sonra isə "xxxx" KB ASC əmlakları enmiş qiymətlərlə almışdır. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçıların hərracın qanunsuzluğu ilə bağlı dəlillərini əsassız hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Kommersiya Bankı ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış binasının, Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-20 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış binasının və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzilin "xxxx" KB ASC-yə satılmasına dair hərracın nəticələri haqqında yekun protokollarının etibarsız hesab edilməsi barədə iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar