Məhkəmə qərarları › İş №2(060)-7351/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7351/2021

13.10.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7351/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Nuranə Həmzə qızı Allahverdilinin katibliyi, İddiaçı TBC Kredit BOKT MMC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı TBC Kredit BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı TBC Kredit BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında 18 sentyabr 2019-cu il tarixli SUMG1-2281-2087 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60(altmış) ay müddətinə 3113, 39 (üç min bir yüz on üç manat, otuz doqquz qəpik) manat məbləğində güzəştli kredit vermişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 18 sentyabr 2019-cu il tarixli SUMG1-2281-2087+SUMG1-2303 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 (on iki) ay ərzində hər ay 3.00 (üç) manat, növbəti 48 (qırx səkkiz) ay ərzində isə hər ay 66.00 (altmış altı) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam vererək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 13 avqust 2021-ci il tarixi üçün Cavabdeh1 18 sentyabr 2019-cu il tarixliSUMG1-2281-2087 saylı Kredit (restrukturizasiya) müqaviləsi üzrə 2 755. 59 manat əsas borcu, 11.06 manat cari faiz borcu olmaqla, cəmi 2 766.65 manat borcu mövcuddur. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh1 ilə bağlanmış 18 sentyabr 2019-cu il tarixli SUMG1-2281-2087 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor TBC Kredit BOKT MMC-nin xeyrinə 2 755.59 manat əsas borcu, 11.06 manat faiz borcu olmaqla, cəmi 2 766.65 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı TBC Kredit BOKT MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qismən qəbul etdiyini, pandemiya ilə əlaqədar işləmədiyindən ödəniş edə bilmədiyini qeyd etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, cavabdehin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan iddiaçı TBC Kredit BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli, SUMG1-2281-2087 saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3.113,69 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3.113, 69 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.09.2019-cu il tarixli, SUMG1-2281-2087 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 18.09.2019-cu il tarixindən etibarən 18.09.2024-cü il tarixinədək 3209.1 manat ödəniş etməlidir. İş materiallarında olan 18.09.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 18.09.2019-cu il tarixli, SUMG1-2281-2087 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materallarında olan 13 iyul 2019-cu il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcundan Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar 13 iyul 2021-ci il tarix üçün 18 sentyabr 2019-cu il tarixdə bağlanan SUMG1-2281-2087 saylı Kredit(Restrukturizasiya) müqaviləsi üzrə 2755,59 manat borcu, 9,78 manat faiz borcu, cəmi 2764,37 manat borcu qalması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı TBC Kredit BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2019-cu il tarixli, SUMG1-2281-2087 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1% hesablanmaq şərti ilə 3 113,69 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdeh1 iddiaçı TBC Kredit BOKT MMC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etməlidir. Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməlidirlər. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. İddia tələbindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın tətbiqi ilə əlaqədar Cavabdeh1 TBC Kredit BOKT MMC ilə kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsi bağlamış, lakin həmin müqavilənin tələb və öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı TBC Kredit BOKT MMC Cavabdeh1 2755,59 manat əsas, 11,06 manat faiz, cəmi 2766,65 manat məbləğində kredit borcunun tutulması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçı TBC Kredit BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2019-cu il tarixli, SUMG1-2281-2087 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2755,59 (iki min yeddi yüz əlli beş manat əlli doqquz qəpik) manat əsas, 11,06 (on bir manat altı qəpik) manat faiz borcu, cəmi 2766,65 (iki min yeddi yüz altmış altı manat altmış beş qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı TBC Kredit BOKT MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı TBC Kredit BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2019-cu il tarixli, SUMG1-2281-2087 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2755,59 (iki min yeddi yüz əlli beş manat əlli doqquz qəpik) manat əsas, 11,06 (on bir manat altı qəpik) manat faiz borcu, cəmi 2766,65 (iki min yeddi yüz altmış altı manat altmış beş qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı TBC Kredit BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar