Məhkəmə qərarları › İş №2(060)-7370/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7370/2021

20.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7370/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.09.2019-cu il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilərək həmin akt üzrə qeyri-qanuni hesablanmış 135 manat və qaz sayğacına yazılmış 64.67 manat, ümumilikdə 199.67 borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında qazdan istifadəyə görə 2017-ci ilə qədər məcburi köçkün statusu olduğuna görə ödənişləri ödəməmişdir. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12.09.2019-cu il tarixli, ******* nömrəli akt tərtib olunaraq evinə quraşdırılmış, Mexan tipli, G-2.5 markalı, 00137090 nömrəli qaz sayğacı çıxarılmış, yoxlanılması üçün labaratoriyaya göndərilmişdir. Əvəzində smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Laboratoriya yoxlanılması keçirilmiş və 27.11.2019-cu il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında evində quraşdırılmış qaz sayğacı yoxlanılmış, laboratoriya yoxlanılması zamanı, guya sayğacın çıxış plastmas ekranında kənar təsir izi var, plastmas qapaq tərəflərindən açıldığı və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmişdir. Xətaların normadan artıq olduğu göstərilmişdir. Həmçinin “Azəriqaz” İB-nın “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09.12.2019-cu tarixli, ******* nömrəli aktında da eyni səbəblər göstərilmişdir.Halhazırda isə həmin akt əsasında,qeyri-qanuni borc hesablanmış və evinə 2 il sonra 06.08.2021-ci il tarixdə bildiriş göndərilərək, 135 manat və qaz sayğacına 64.67 manat pul tələb olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacı mənzilindən kənarda yerləşir və qaz sayğacına edilən bütün müdaxilələrə cavabdeh deyil, çünki sutkanın 24 saatı da sayğacı müşahidə etmək mümkünsüzdür. Aktlardan da göründüyü kimi, sayğaca müdaxilə edilməmişdir. Buna onun ehtiyacı da yoxdur. Mənzilinə yazılmış aktın və hesablanmış məbləğin heç bir hüquqi əsası yoxdur. 2 il bundan əvvəl tərtib olunmuş akt barəsində ona indi məlumat verilir. Həmçinin indiyədək hər ay öz ödənişlərini vaxtıvaxtında etdiyini bildirmişdir və həmçinin onu da bildirmişdir ki, evində aylıq qaz sərfiyyatı stabildir. Yəni onun evinin qaz sərfiyyatında hər hansı böyük dəyişiklik yoxdur ki, o, ödənişlərin həcminə görə sayğaca müdaxilə etmək məcburiyyətində qalsın. Qaz sərfiyyatı stabildir və o, heç bir ödənişini gecikdirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, yoxlama zamanı sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, sayğac dəyişdirilmişdir və bu halda sayğacın və itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 dekabr 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 1 ünvanına aid qaz sayğacına baxış zamanı sayğacın plastmas ekranında kənar təsir izinin olması, plastmast şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar olunmuşdur. “Azəriqaz” İB Sumqayıt QİS-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, ünvan 2 ünvanında olan G-2.5 markalı 00137090 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın ekranında kənar təsir izi var, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olması aşkar edildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 64,67 manat borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonent kodu **********00270 olan ünvan 1 ünvanına akta görə 135 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Məhkəmə, həmçinin hesab edir ki, aktın etibarsız edilməsi üçün əsas yoxdur, çünki, həmin akt sayğacda qüsur olmasını özündə əks etdirir. Həmin qüsurun müəyyən edilməsi isə bu qüsurun (müdaxilənin) abonentin tərəfindən müdaxilə ilə bağlı yaranması nəticəsinə gəlməyə və ona qeyd edilən məbləğdə borcun hesablanmasına əsas vermir. Qeyd edildiyi kimi qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 64,67 manat borc və akta görə hesablanmış 135 manat borc ləğv olunmalı, abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 64,67 manat borc və akta görə hesablanmış 135 manat borc ləğv olunsun, **********00270 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar