Məhkəmə qərarları › İş №2(060)-7389/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7389/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7389/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, Ərizəçi X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək XV-ЖГ 538947 nömrəli pasportun X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs 18 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməməsinə görə hazırda doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. İddiaçı hazırda XV-ЖГ 538947 nömrəli pasportun X2 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Lakin mülki prosessual qanunvericilikdə məhkəmə tərəfindən xüsusi icraat qaydasında pasportun şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6.1-ci bəndinə əsasən qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəni qəbul etməkdən imtina barədə hakim əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəyə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : Ərizəçi X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi X1 ərizənin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar