Məhkəmə qərarları › İş №2(060)-7414/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7414/2021

30.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7414/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 79,83 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə, Qubadlı rayonunun Qaralar kəndindən məcburi köçkün düşmüşdür, həm də Qarabağ müharibəsi veteranıdır. 12.07.2002-ci ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2016-cı ilə kimi ev iddiaçının anasının adına olub. 14.09.2016-cı ildə anası X3 vəfat edib. İddiaçının cavabdehə heç vaxt borcu olmamışdır. O, bütün kommunal xidmət xərclərini vaxtıvaxtında ödəmişdir. Cavabdeh tərəfindən 25.11.2009-cu ildə verilmiş arayışa əsasən iddiaçının cavabdeh təşkilata heç bir borcu yoxdur. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş abunə haqqında arayışda iddiaçının 2008-ci ilə 79,83 manat borcunun olması göstərilmişdir. İddiaçı bu barədə cavabdeh təşkilata iradını bildirsə də, onlar bu borcun silinməsinin mümkün olmadığını bildirmişlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 19/B, mənzil 25-də cavabdehin abonent bazasında abonent kimi 01.01,2002-ci il tarixdən X2 adına bağlanmış müqavilə ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda 30.09.2021-ci il tarixə həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 79,83 manat borcu qalmışdır. Qeyd olunan ünvanda 01.01.2002-ci il tarixdə kod açılaraq ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Ünvanda 28.11 2018-ci il tarixdə su sayğacı quraşdırılmışdır. Abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 5 nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. 01.01.2017-ci il tarixdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv olunmuşdur. Cavabdeh tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri tam etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, sayğac quraşdırıldıqdan sonra cavabdeh təşkilata heç vaxt borcu olmayıb. Ev onun anasının mülkiyyətində idi. 2020-ci ildə öz mülkiyyətinə keçirmək istəyəndə borcun olduğu ona bildirilmişdir. Bu vaxta qədər onun borcdan xəbəri olmamışdır. O, borcunu həmişə vaxtıvaxtında ödəmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etirazı müdafiə edərək bildirdi ki, abonent kimi X3 ilə 01.01.2002-ci ildən müqavilə bağlanıb. İddiaçı məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 5 nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. İddiaçı hər il məcburi köçkün olması barədə arayış təqdim etməli olduğu halda bunu etməmiş və 2018-ci ildə ona limit hesablanmamışdır. Bu məbləğ isə 74 manat təşkil edir. İddiaçının qalan borcu isə sayğac əsasında yaranmış borcudur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü ildə, Qubadlı rayonunun Qaralar kəndində anadan olmuşdur. O, hazırda həmin ərazidə qeydiyyatdadır. İşdə olan 19 saylı Mənzil-Kommunal Sahəsinin 19.08.2021-ci il tarixli, 818 nömrəli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. İşdə olan abonent kartında iddiaçıya məxsus mənzildə sudan istifadəyə görə yekun olaraq 79,83 manat borcu olduğu göstərilmişdir. Abonent kartından görünür ki, iddiaçının yaşadığı ünvanda 28.11.2018-ci il tarixində su sayğacı quraşdırılmışdır. Abonent kartından görünür ki, iddiaçının 2018 üzrə 2,5 manat, 2021-ci il üzrə 3,33 manat sayğac əsasında borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsi, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunması qərara alınmışdır. Göründüyü kimi 01 yanvar 2017-ci il tarixinə kimi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün kommunal xidmətlərdən istifadə üçün pulsuz limit müəyyən edilmiş, həmin tarixdən sonra isə bu limit vahid aylıq müavinətlə əvəz edilmişdir. Cavabdeh öz etirazında 30.09.2021-ci il tarixə 79,83 manat borc hesablandığını bildirmişdir. Müəyyən edilir ki, iddiaçının borcunun 5,83 manatı sayğac əsasında yaranmışdır ki, həmin borc silinə bilməz. Qalan 74 manat borc isə iddiaçıya məcburi köçkün kimi müəyyən edilmiş limit daxilində yaranmış borcdur ki, həmin borc əsassız hesab edilərək silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanına sudan istifadəyə görə hesablanmış 74 (yetmiş dörd) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar