Məhkəmə qərarları › İş №2(060)-7451/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7451/2021

13.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7451/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Nuranə Həmzə qızı Allahverdilinin katibliyi, İddiaçının İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, AR DƏDRX-nin ******* nömrəli, 11.07.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışı ilə Sumqayıt şəhəri, 6-cı mkr, 27 saylı evin 92 saylı mənzili onun mülkiyyətindədir. Uzun illərdir ki, o, ailə üzvləri ilə birlikdə bu ünvanda yaşayır. Həmin evə dair elektrik sayğacına dair **********01048 nömrəli abonent kodu da onun adına qeydə alınmışdır. Evə sərf etdiyi istər qaz, istərsə də enerji, istərsə də su ilə bağlı ödənişlərini vaxtı-vaxtında etmişdir. Yaşadığı ünvana dair elektrik sayğacına görə 223408 nömrəli, 07.07.2021-ci il tarixli tərtib olunmuş akt əsasında 152,84 manat məbləğində borc yaranmışdır. Aktda qeyd olunmuşdur ki, onun mənzilinə dair elektrik sayğacının hesabat sayğacı işləmir. Hesabat sayğacının yenisi ilə əvəz edilməsi və çıxarılan sayğaca laboratoriya yoxlanılıb rəy verilməsi qeyd olunmuşdur. Həmin evə borc haqqında bildiriş gələrkən məlumatlı olmuşdur. Həmçinin sayğac binanın blok hissəsində uxarı hissədə quraşdırılmışdır. Nə özü, nə də ailə üzvləri tərəfindən sayğaca və ya elektrik naqillərinə heç bir müdaxilə olunmamışdır. Çıxarılarkən sayğacın plombu əməkdaşlar tərəfindən açılmışdır. Yazılan akt barəsində heç bir məlumatı olmamışdır. Laboratoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz qüsur yazılmışdır. Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmiş, ödənişləri vaxtında etmişdir. Sayğac laboratoriyaya aparılarkən sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə ilə bağlı heç bir sübut aşkar etməmişlər. Laboratoriyanın rəyi isə sadəcə fərziyədir. Yaranmış borcu qanunsuz və əsassız hesab edir. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalayır. Borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 92 saylı mənzilinə dair elektrik sayğacına görə 223408 nömrəli, 07.07.2021-ci il tarixli tərtib olunmuş akt əsasında 152,84 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı onun anasıdır. Onlar eyni ünvanda yaşayırlar. İddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərdi ki, İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 07.07.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın işləməməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarının (EEİQJ 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 07.07.2021-ci il tarixli, 223408 saylı akt əsasında 152,56 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.15-ci bəndinin (Ödəmə sənədində səhv və va sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir.İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizat, müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamamı nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikilə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrin görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəli dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır) tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqili cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzər alınaraq, 152,56 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 152,84 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb eldiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Yuxarıda sadalananlar iddiaçının "EEİQ"-nin tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki qanunvericiliyinə görə hüquqdan sui-istifadə yolverilməzdir. Həmçinin iddiaçı qeyd olunan mənzil üzrə elektrik enerjisindən istifadə etməklə "xxxx" ASC ilə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EkİQ-in 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən hesab edir ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş 07.07.2021-ci il tarixli, 223408 saylı akta əsasən hesablanmış 152,84 manat borcun silinməsinə dair iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatlarını dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. İş materiallarında olan R № 223408 saylı, 07 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan yaşadığı ünvan 1 ünvanında yoxlama zamanı məlum olmuşdur ki, elektrik hesabat sayğacı işləmir. İş materiallarında olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərdən görünür ki, 223408 saylı, 07 iyul 2021-ci il tarixli akt əsasında ünvan 1 ünvanında elektrik sayğacı işləmədiyinə görə borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 07 iyul 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus mənzildə elektrik sayğacına baxış zamanı elektrik hesabat sayğacının işləməməsi aşkar olunmuş, lakin İddiaçı müdaxiləsi nəticəsində baş verməsi sübuta yetirilmədən, həmçinin iddiaçı tərəfindən imzalanmadan bu barədə akt tərtib edilərək iddiaçıya 152,84 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus mənzilin hesablaşma elektrik sayğacın istismara yararsız hala düşməsinə, sayğacda yaranmış nasazlığa və digər pozuntulara görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda iddiaçı həmin dövrə qədər vaxtaşırı ödənişlər etmiş, həmçinin sayğaca hər-hansı müdaxiləsi müəyyən edilməmişdir. Belə ki, sayğacın üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Bu səbəbdən iddiaçı sayğacın qorunması, işlək vəziyyətdə saxlanmasında məsuliyyət daşımır. Belə olan halda məsuliyyəti iddiaçının öhdəliyinə verməsi və əsassız olaraq borc hesablanması qanunsuz hesab edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07.07.2021-ci il tarixdə tərtib edilmiş 223708 saylı akta əsasən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 152.84 (yüz əlli iki manat səksən dörd qəpik) manat borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar