Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7457/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evinə elektrik enerjisindən isdifadəyə görə əsassız olaraq hesablanmış 1009,95 manat məbləğində debitor borcun **********00834 abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “Azərişıq" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən evinə elektrik enerjisindən isdifadəyə görə əsassız olaraq 1009,95 manat məbləğində debitor borc hesablanmışdır. Füzuli rayonundan məcbur köçkündür. Borcun olub-olmaması haqqında arayış istədikdə mənzilin dondurulmuş borcu olduğunu bildirdilər. Baxmayaraq ki, mənzilində isdifadə etdiyi elektrik enerjisinin haqqını vaxtı-vaxtında ödəmişdir. Hal-hazırda Sumqayıt RETSİ tərəfindən ona məxsus mənzildən özlərinin dediyinə görə tələb olunmayan borc qanunsuz olaraq tələb edilir. Belə ki, qeyd olunan mənzilə məxsus abunə kodunun borcu olub-olmaması haqqında arayış almaq üçün cavabdehə dəfələrlə müraciət etsə də, borcun ödənilməyəcəyi təqdirdə mənzilə verilmiş abunə kodununda borcun olub-olmaması haqqında arayış verilməyəcəyini dedilər. Halbuki, abunə haqqında çıxrışdanda görünür ki, xx.xx.2016-cı il tarixdən 1009,95 manat borcu silinmişdir. Lakin cavabdeh təşkilat qanunsuz və əsasız olaraq həmin məbləğin ödənilməsini tələb etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavadehin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu olsa da, hal hazırki iş üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində aparılmalıdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında X1yə görə xx.xx.2016-cı il tarixə 1009,95 manat məbləğində dondurulmuş borcu vardır.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2135 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır və Füzuli rayonundan məcburi köçkündür.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı: Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»: 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanına X1yə görə xx.xx.2016-cı il tarixə 1009,95 manat məbləğində məcburi köçkün borcu vardır.
13. Məhkəmə hesab edir ki, Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından iddia təmin edilməli, iddiaçıya hesablanmış 1009,95 manat məbləğində borc silinməlidir.
14. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanı üzrə X1yə görə əsassız hesablanmış 1009 (min doqquz) manat, 95 (doxsan beş) qəpik borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********00834) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir.
Nəticə:
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına X1yə görə hesablanmış 1009 (min doqquz) manat, 95 (doxsan beş) qəpik məbləğində borc **********00834 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat, 09 (doqquz) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva