Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-746/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı və əmlak tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı və əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 1-ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzil satılmasına dair 25 oktyabr 2018-ci il tarixdə Sumqayıt 1 saylı notariat kontorunda bağlanmış aiqı- satqı müqaviləsinə dair razılığın etibarsız hesab edilməsi, cavabdehlə birgə nikah döründə əldə etdikləri Sumqayıt şəhəri, 1-ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzilin real bazar dəyəri olan 117.000 manat pulun 1/2 hissəsinin cavabdehdən alınıb ona verilməsi, Cavabdeh ona məxsus olan 8 adda əmlakların - yəni 1 ədəd 1000 manat dəyərində uşaq yataq dəsti -2 çarpayı, 2 tumba, 1 şifoner; 1 ədəd 1000 manat dəyərində şkaf, 1 ədəd 200 manat dəyərində uşaq çarpayısı, 1 ədəd 1200 manat dəyərində künc divan, 3 ədəd 300 manat dəyərində xalça, 1 ədəd 2300 manat dəyərində “Samsung” markalı soyuducu, 1 ədəd 800 manat dəyərində “Samsung” markalı paltaryuyan və 1 ədəd 350 manat dəyərində “Samsung” markalı tozsoran və ya onların dəyərinin alınıb qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 11 noyabr 2006-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladları - 19 dekabr 2008-ci il təvəllüdlü X3, 13 fevral 2010-cu il təvəllüdlü X4 və 28 mart 2011-ci il təvəllüdlü X9 oğlu olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış 11 noyabr 2006-cı il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqların onun yanımda qalması və yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli arayışdan görünür ki, onların birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 1ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzil daşınmaz əmlakın dövlət revestrində 30 avqust 2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh şəxsi mənafeyi naminə Sumqayıt şəhəri, 1-ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzili ünvan 1 tarixli 4Ə- 342 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Cavabdeh mənzili satan zaman onu aldadaraq 117.000 manata satacağını və satdıqdan sonra isə bağ evi alacaqlarını bildirmişdir. Bu səbəbdən də o, həmin əmlakın satılmasına ərizə ilə razılıq vermişdir. Lakin, Cavabdeh həmin əmlakı satdıqdan sonra heç bir daşınmaz əmlak almamışdır. Bir müddət sonra cavabdehlə aralarındakı münasibətlər daha da pisləşdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə onların nikahları pozulmuşdur. Vəkili vasitəsilə səlahiyyətli orqanlara sorğu ilə müraciət etdiyi zaman ona məlum olmuşdur ki, cavabdeh həmin mənzili onu aldadaraq dəyərindən aşağı qiymətə 50.322 manata satmışdır. Həmçinin ona məxsus əmlaklar cavabdehin sahibliyində qalmışdır. Qeyd olunanlara əsasən ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, tərəflər nikahda olduqları dövrdə iddiaçı mübahisə predmeti olan evin satılmasına dair razılıq vermiş, lakin evin satılmasına razılıq vermə səbəbi cavabdehin həmin evi 117.000 manat məbləğinə özgəninkiləşdirəcəyini bildirməsi olmuşdur. Alqı-satqı müqaviləsində mənzilin satış dəyəri düzgün göstərilməmişdir, mənzilin satış dəyəri 117.000 manat razılaşdırılmışdır. Mənzilin satışı zamanı tərəflər birgə nikah münasibətlərində olsalar da və birgə təsərrüfat aparsalar da, əldə olunan vəsait ailənin ehtiyatları üçün sərf olunmamışdır. Belə ki, cavabdeh qızıl satışı ilə məşğul olduğundan qızıl alverini həyata keçirmək üçün evin satışından əldə olunan vəsaiti sərf etmişdir. Əldə olunan vəsaitin bir hissəsi hesabına isə heç bir sənədləşdirmə aparılmamaqla bağ sahəsində fərdi yaşayış evi almışdır. Mübahsiə predmeti olan mənzil satıldıqdan sonra bir müddət tərəflər birlikdə qeyd edilən fərdi yaşayış evində yaşamışlar, sonradan münasibətləri pisləşdiyindən iddiaçı evdən çıxmış və ailə münasibətlərinə xitam verilmişdir. Boşanmadan əvvəlki bir il müddət ərzində tərəflər faktiki olaraq ayrı yaşayıblar. İddiaçıda olan məlumata görə həmin fərdi yaşayış evi də cavabdeh tərəfindən satılmışdır. İddiaçının nümayəndəsi həmçinin göstərdi ki, hazırda yəni 1 ədəd 1000 manat dəyərində uşaq yataq dəsti -2 çarpayı, 2 tumba, 1 şifoner; 1 ədəd 1000 manat dəyərində şkaf, 1 ədəd 200 manat dəyərində uşaq çarpayısı, 1 ədəd 1200 manat dəyərində künc divan, 3 ədəd 300 manat dəyərində xalça, 1 ədəd 2300 manat dəyərində “Samsung” markalı soyuducu, 1 ədəd 800 manat dəyərində “Samsung” markalı paltaryuyan və 1 ədəd 350 manat dəyərində “Samsung” markalı tozsoran cavabdeh tərəfindən iddiaçı qaytarıldığından həmin hissədə iddianı müdafiə etmədiyini bildirdi və bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahih etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mkr, ev 45, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 30.08.2013-cü il tarixdə qeydə alınmışdır. AN-İ seriyalı, ******* saylı 25.10.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mkr, ev 45, 13 saylı mənzili 50.322 manata X2. Sumqayıt şəhəri 1 saylı notariat kontorunda 8İ-2143 saylı reyestr nömrəsi ilə qeyd edilən İddiaçı tərəfindən verilmiş 24.10.2018-ci il tarixli ərizədən görünür ki, o, əri Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin satılmasına etiraz etmir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1577/2020 saylı 08 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 11 noyabr 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, ……………. qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı və Cavabdeh arasında 11.11.2006-cı il tarixdə rəsmi nikah bağlanmaqla hüquq və vəzifələr yaranmışdır. Tərəflərin birgə nikah dövründə – 2013-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mkr, ev 45, 13 saylı mənzil üzərində cavabdehin mülkiyyət hüquqları qeydə alınmış, həmin mənzil yenə də tərəflərin birgə nikahda olduqları müddətdə - 25.10.2018-ci il tarixdə iddiaçının da razılığı ilə cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Tərəflər arasında nikah məhkəmə qətnaməsinə əsasən 08 iyun 2020-ci il tarixdə pozulmuşdur. İddiaçı Sumqayıt şəhəri, 1-ci mkr, ev 45, 13 saylı mənzilin birgə nikah dövründə əldə edildiyini, bu səbəbdən birgə mülkiyyətləri olmasını, həmin evin yalnız 117.000 manata satılacağı təqdirdə özgəninkiləşdirilməsinə razılıq bildirməsinə istinad edərək mənzilin satışına razılıq verilməsi barədə ərizənin etibarsızlığını və əmlak satıldıqdan sonra əldə edilmiş əmlakın real dəyəri olan 117.000 manat vəsaitə ½ hissədə payının müəyyən edilməklə həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının iddiası iki tələbdən ibarətdir: 1) ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin 25.10.2018-ci il tarixli alqı-satqısına dair razılığın etibarsızlığı, 2) Alqı-satqıdan əldə olunan 117.000 manat pul vəsaitinə münasibətdə ½ hissədə iddiaçının payının müəyyən olunması. İşin hallarından göründüyü kimi mübahisələndirilən alqı-satqı müqaviləsi 25.10.2018ci il tarixdə bağlanılmış, iddiaçı isə araşdırılan tələblə bağlı 05 oktyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə Mülki Məcəllənin 337, 354-cü maddələrinə istinadən hesab edir ki, müqaviləyə dair razılığın etibarsızlığı ilə bağlı hissədə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, odur ki, tələb həmin hissədə təmin edilməməlidir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.03.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. - 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin bağlanmasına, yənin evin satılmasına yalnız 117.000 manat şərti ilə razılıq verməsi, lakin evin satış qiymətinin müqavilədə aşağı məbləğdə göstərilməsinin ona sonradan məlum olması barədə göstərdikləri məhkəmə tərəfindən inandırıcı hesab olunmur. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd və onun əsasını təşkil edən razılıq bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, müddət keçmədiyi halda belə, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Məhkəmə iddia tələbinin digər hissəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan ev satıldıqdan sonra əldə olunan vəsait ailə mövcud olduğu dövrdə həmin ailənin ehtiyacları üçün sərf edilmişdir. Bu halın əksi iddiaçı tərəfindən heç bir mötəbər sübutla sübuta yetirilmədi və iddiaçı tərəf təqdim edilmiş sübutlar əsasında işə baxılmasını xahiş etdi. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı və əmlak tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-746/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-746/2021
07.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver