Məhkəmə qərarları › İş №2(060)-7472/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7472/2025

26.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7472/2025 26.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı öhdəliyin qoyulması və s. tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməsi və iddiaçının mənzilinə sayğac quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birikdə ərizdə göstərilən ünvanda yaşayır. İddiaçı qazdan istifadə etdiyi müddət ərzində vaxtlı vaxtında qaz pulu ödəmişdir. Yaşadığı həyətyanı torpaq sahəsi 0,06 ha-dır. Həmçinin iddiaçının xüsusi mülkiyətindədir və çıxarışı da vardır. İddiaçı evi özəlləşdirməsə də, bütün kommunal xidmətlərini, yəni qaz, su və işığı öz adına rəsmiləşdirmişdir. Belə ki, 2025-ci ilin iyul ayından Cavabdeh İB Sumqayıt Qaz İdarəsi ilə iddiaçı arasında xx.xx.2025-ci il tarixdə AK- 02033/07-25 nömrəli müqavilə bağlanmışdır. Müqavilədə göstərilən abonent kodu:**********07070 iddiaçının adına verilmişdir. Lakin 2025-ci ilin oktyabr ayının son həftəsində Cavabdeh İB-nin əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək heç bir səbəb göstərmədən və xəbərdar etmədən qaz sayğacını açıb aparmışlar. Azəriqaz İB-nin Sumqayıt Qaz İdarəsi müqavilənin 5.3 bəndinin tələbini kobud surətdə pozaraq heç bir xəbərdarlıq etmədən, səbəb göstərmədən qaz sayğacını çıxartmış və qazın verilişini dayandırmışdır. Bir vətəndaş kimi iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Halhazırda iddiaçının qazı yoxdur. Onların bu qanunsuzluqları və özbaşınalıqlarına etiraz olaraq iddiaçı bir neçə dəfə Sumqayıt Qaz İdarəsinə getsə də ona şablon sözlər deyərək yola salmışdırlar. Guya iddiaçının qaz sayğacını qanunsuz quraşdırıblar. Halbuki qaz sayğacı iddiaçı evi alandan mövcuddur və iddiaçı “ASAN xidmət” mərkəzində öz adına rəsmiləşdirmişdir. Onunla müqavilə bağlanıb, lakin Azəriqaz İB müqavilə şərtlərini kobud surətdə pozmuşdur. Əgər qaz sayğacında nöqsan olubsa niyə onu iddiaçının ünvanına quraşdırmışlar. Qaz sayğacı quraşdırılandan sonra ona qanuni plomb vurulur və kod açılır. Sayğacı özbaşınalıq edib çıxardıblar və əvəzində yeni qaz sayğacı quraşdırmamış, iddiaçıya isə heç bir sənəd və ya akt təqdim etməmişdirlər. İddiaçıya əlavə məlumat verilmir. Onun sayğacı küçədə yerləşir, o, sayğaca heç bir müdaxilə etməyib və qanunsuz qaz xəttindən istifadə etməmişdir. İddiaçı hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq qaz sayğacını açıb aparmışdır. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək 2(060)- 7472/2025 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsi barəda qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmşdır ki, İddiaçı iddia ərizəsində yaşadığı həyətyanı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu qeyd etsə də, istifadəsində olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3 -cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinin tələblərinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “GCZ- G-4 DİAFRAQMA” markalı, GCZ0029702 nömrəli qaz sayğacı ilk olaraq Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” massivində yaşayan X1 ünvanı üzrə quraşdırılmış, lakin sonradan Cavabdeh İB-nə məlumat verilmədən, özbaşına və qanunsuz olaraq çıxarılaraq Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” massivində - İddiaçı yaşadığı ünvan üzrə quraşdırılmışdır. Hazırda qeyd olunan qaz sayğacı **********07070 abonent kodu ilə vətəndaş X2 məxsusdur və onun istifadəsindədir. Həmçinin Sumqayıt şəhəri “Yaşıldərə bağları” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan X3 ərizə ilə hüquq mühafizə orqanlarına - Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) tərəfindən ona məxus St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən anası X1 adına olan qaz sayğacının oğurlanmasını bildirmişdir. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılmış və müvafiq qərar qəbul edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB ilə İddiaçı (abonent kodu:**********07070) arasında xx.xx.2025-ci il tarixli, AK-02033/07-25 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. - Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış 09 iyul 2025-ci il tarixli “qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” aktın surətindən görünür ki, qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK- 02033/07-25 saylı müqavilə bağlanmışdır. İstehlakçı İddiaçı adına **********07070 saylı abunə kodu açılmışdır. Tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir və həmin müqavilə hal-hazırda qüvvədədir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya məxsus sayğacın ünvandan özbaşına sökülərək aparılması halı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 may 2023–cü il tarixli 893-VİQD nömrəli Qanunla müvafiq dəyişiklik edilmiş “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1–ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Məhkəmə onu da qeyd edir ki, bu maddə 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib-edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası”nın 1.2.2. yarımbəndinin və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə 10-1-ci hissəsinin 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqi məsələsi Avropa İnsan hüquqları Məhkəməsinin presedent hüququnda mülkiyyət hüququ (mülkiyyət hüququna gözlənti), bir şəxsin yaşayış şəraitinə, istehlakçı hüquqlarına müdaxilə üç standart (qanunda nəzərdə tutulmuşdurmu; qanuni məqsəd daşıyırımı; demokratik cəmiyyət üçün əhəmiyyət kəsb edirmi) üzrə qiymətləndirilməsi də mülki işin ədalətli və obyektik həqiqət konteksində həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, hazırkı işin hallarına uyğun olaraq iddiaçının suya, işığa əlçatanlığının müvafiq ixtisaslaşmış istehsalat birlikləri tərəfindən təmin edilməsi, hətta evlərdən birinin uzun müddət qaz paylayıcısına qoşulması iddiaçının Azərbaycan Respublikasının vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi (AR Konstitusiyasının 12-ci maddəsi), mülkiyyətə gözlənti hüququnu, şəxsi və ya ailə həyatına və yaşayış yerlərinə hörmət hüququnun məhdudlaşdırılmasına, eyni zamanda iddiaçının dediklərinə əsasən müəyyən mənada ayrı-seçkiliyə, hüquqdan sui-istifadə hallarının (fərdi yaşayış evinin yerləşdiyi ərazidə digər evlərin qazlaşdırılması) yaranmasına gətirib çıxaracaqdır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB-nin İddiaçı məxsus **********07070 saylı abunə kodu üzrə “GCZ-G-4 DİAFRAQMA” markalı, GCZ0029702 nömrəli sayğacın yerinə quraşdırılmaması kimi hərəkətləri qanunsuz hesab edilməli, **********07070 saylı abunə kodu üzrə qeydiyyatdan keçən “GCZ-G-4 DİAFRAQMA” markalı, GCZ0029702 nömrəli sayğacın İddiaçı məxsus Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılması vəzifəsi Cavabdeh İB-nə həvalə olunmalıdır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə -100 manat məbləğində dövlət rüsumu tutulur. Hazırki halda, məhkəmə hesab edir ki, tələb qiymətləndirilməyən iddialar kateqoriyasına aid edildiyindən, dövlət rüsumunun məbləği 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB-nin İddiaçı məxsus **********07070 saylı abunə kodu üzrə “GCZ-G-4 DİAFRAQMA” markalı, GCZ0029702 nömrəli sayğacın yerinə quraşdırılmaması kimi hərəkətləri qanunsuz hesab edilsin. **********07070 saylı abunə kodu üzrə qeydiyyatdan keçən “GCZ-G-4 DİAFRAQMA" markalı, GCZ0029702 nömrəli sayğacın İddiaçı məxsus Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılması vəzifəsi Cavabdeh İB-nə həvalə olunsun. Cavabdeh İB-dən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar