Məhkəmə qərarları › İş №2(060)-7501/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7501/2021

04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7501/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.07.2021-ci il tarixdə tərtib edilmiş 023861 saylı akta əsasən hesablanmış 254,03 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, abunə kodu **********00828 olan ünvan 1 ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edirlər. Tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmişdir. Həmçinin bildirmək istəyir ki, Qubadlı rayonu Göyyal kəndindən məcburi köçkündür. Elektrik enerjisindən isdifadəyə görə ödənişlər dövlət tərəfindən vaxtı vaxtında enerjitəchizatçı təşkilata ödənilmişdir. Həmin ünvan 01.10.2000-ci il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, **********00828 saylı abunə hesabı açılmışdır. 15.09.2008-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. 30.07.2021-ci il tarixində cavabdeh təşkilatın işçiləri tərəfindən ona məxsus olan yuxarıda qeyd etdiyi ünvandakı evində quraşdırılmış elektrik hesabat sayğacından kənar xətt çəkilməsi bildirilərək 023861 saylı akt tərtib edilərək həmin akta əsasən ona 254,03 manat əlavə sərfiyyat hesablanmışdır. Ondan qanunsuz olaraq akta əsasən hesablanmış məbləğ tələb olunduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay baxış keçirərək ona bildiriş təqdim edirlər və sayğac mənzilindən kənarda yerləşdiyindən sayğacın qorunmasına cavabdehlik təşkilatın üzərinə düşür. Abunə haqqından çıxarışdanda aydın görünür ki, akt tərtib olduqdan sonra enerji sərfiyyatında hər hansı fərq yaranmamışdır. Bu hal bir daha aktın qanunsuz və əsassız olduğun sübut edir. Cavadeh təşkilat ona 254,03 manat hesablaşma aparmışdır. Halbuki cavabdeh təşkilatın nümayəndəsi hər ay sayğaca baxış keçirir və bildiriş təqdim edir, kənar xətt olsaydı ərazi üzrə nəzarətçi həmin halı aşkar etməli idi. Abunə haqqında çıxarışdan da görünür ki, aylıq sərfiyyatı 7 manatdan artıq olmamışdır. Mənzilə quraşdırılmış elektrik hesabat sayğacı əsasında yaranmış borc vaxtında tərəfindən cavabdehə ödənilmişdir. Hal-hazırda isə "xxxx" ASC tərəfindən əsassız tərtib olunmuş akt əsasında və metodiki hesablama yolu ilə yaranmış borcu ondan tələb edir. Həmçinin abunə haqqında çıxarışdan bir daha müəyyən olunur ki, 14.10.2017-ci il tarixdə evə quraşdırılmış yeni elektrik hesabat sayğacı üzrə aylıq sərfiyyatla əvvəlki sayğac üzrə olan sərfiyyatlar arasında heç bir fərq yoxdur. Onun tərəfindən sayğaca müdaxilə olunsa idi yəqin ki, sərfiyyat arasında kəskin fərq yaranardı. Bu hal bir daha sübut edir ki, həmin elektrik hesabat sayğacına onun tərəfindən heç bir kənar müdaxilə olunmamışdır. Sayğacın işlək vəziyyətdə saxlanması istehlakçının vəzifəsi deyil və bu səbəbə görədə o, məsuliyyət daşıya bilməz. Mövcud qanunvericiliyin tələblərindən də görünür ki, cavabdeh heç bir əsası olmadan onun üzərinə istifadə etmədiyi elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi öhdəliyini qoymuşdur. Borcun ödənilməyəcəyi təqdirdə isə mənzilinə elektrik enerjisinin verilməsinin dayandırılacağını bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 30.07.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğac sxemindən kənar xətdən istifadə olunması, sayğacın çıxış faza və “o” xətləri paylayıcı şəbəkəyə bibaşa qoşulması halı müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 30.07.2021-ci il tarixli, 023861 saylı akt tərtib edilərək 254,03 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçının borcun silinməsinə dair iddia tələbi əsasızdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, abonentə məxsus sayğaca baxış "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilmiş, hal şahidləri işirak etməmişdir. Abonentə məxsus mənzilə aid sayğac evdən kənarda yerləşir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30.07.2021-ci il tarixli, 023861 saylı aktdan görünür ki, X4 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanına aid sayğac yoxlaması zamanı sayğacın sxemindən kənar xətdən istifadə olunması, sayğacın çıxış faza və “o” xətləri paylayıcı şəbəkəyə birbaşa qoşulması aşkar edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, **********00828 saylı abunə hesabında akta görə 254,03 manat borc hesablanmışdır. Məhkəmə sorğusuna Azərişıq ASC “Şimal” RETSİ tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli cavabdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evi **********00828 saylı kodla 01.10.2002-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə 15.09.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. Bununla əlaqədar olaraq bildiririk ki, 30.07.2021-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirilərkən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması halının pozulması faktı aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 №-li Qərarı ilə təsdiq edilmiş “X2 Qaydalarına uyğun olaraq, NDM 023861 saylı aktla rəsmiləşdirilmişdir. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 3629 KVT/s (254,03 manat) sərfiyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Mənzilin 02.09.2021-ci il tarixinə enerjitəchizatçı təşkilata yuxarıda qeyd olunmuş səbəbdən 268,24 manat borcu vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilə verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır ki, qeyd olunan “X1 Qaydaları”na görə də qeyd olunan halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmçinin, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi X1də pozuntuya yol verilməsi ilə bağlı tərtib edimiş 20.07.2021-ci il tarixli akt “X1 Qaydaları”nın göstərişlərinə uyğun tərtib edilməmiş, hal şahidlərinin, abonentin iştirakı təmin olunmamışdır. Eləcə də cavabdeh tərəf iddiaya etirazını bildirsə də, etirazı əsaslandığı hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 saylı evin 189 saylı mənzilinə 30.07.2021-ci il tarixli 023861 saylı akta əsasən hesablanmış 254,03 (iki yüz əlli dörd manat, üç qəpik) manat borc **********00828 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar