Məhkəmə qərarları › İş №2(060)-7551/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7551/2021

15.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7551/2021 15.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdehin nümayəndələri tərəfindən mülkiyyətində olan fərdi yaşayış evində su təchizatı və kanalizasiya xidmətlərinə görə 23.08.2021-ci il tarixə 427,40 manat borcun olması bildirilmişdir. Qeyd edilən ünvanda “su təchizatı və kanalizasiya xidmətlərinə görə” “Sumqayıt Sukanal” İdarəsi tərəfindən 01.09.2011-ci il tarixdə kod açılmış və 22.01.2014-cü il tarixdə su sayğacı quraşdırılmışdır. Tərəfindən xidmət haqları tam və vaxtı-vaxtında ödənilmişdir. Sonradan cavabdehin əməkdaşları borcunun olduğunu və həmin borc məbləğinin ödənilməsini tələb etmişlər. Cavabdeh təşkilat tərəfindən ona məxsus yaşayış evinə bu günkü tarixədək su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borc əsassızdır və onların həmin borcu tələb etmək hüququ yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh "Azərsu” ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 427,40 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 06.09.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında 2 ilə yaxındır sayğacın yaxşı işləmədiyini, 2 ay bundan əvvəl cavabdehin nümayəndələrinin sayğacı dəyişdirdiyini, ondan sonra cərimə gəldiyini göstərmişdir. Əlavə olaraq bildirmişdir ki, elə olub ki, həmin ünvanda aylarla yaşayış olmayıb. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyib, iddia ərizəsinə etiraz təqdim edərək, izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı 427,40 (dörd yüz iyirmi yeddi manat, qırx qəpik) manat məbləğində borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, ünvan 1-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.09.2011-ci il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda 14.10.2021-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 468,30 (dörd yüz altmış səkkiz manat, otuz qəpik) manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. İddiaçıya məxsus ünvanda 01.09.2011-ci il tarixdə kod açılaraq 3 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Qeyd olunan ünvanda 22.01.2014-cü il tarixdə su sayğacı quraşdırılmış və hal-hazırda hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Abonentin 01.09.2011-ci il tarixdən 14.10.2021-ci il tarixədək illər üzrə hesabatı aşağıdakı cədvəldə qeyd edilmişdir. 16.05.2016-cı il tarixdən “su təchizatı xidmətindən” istifadənin dəyəri əhali qrupu üçün 0.50 qəpik, 01.02.2021-ci il tarixdən isə 1 manat təşkil edir. Abonentin “su təchizatı xidmətindən” istifadəyə görə 2011-ci il üçün 32 manat, 2012-ci il üçün 76 manat, 2013-cü il üçün 45 manat, 2014-cü il üçün 95 manat, 2015-ci il üçün 82 manat, 2016-cı il üçün 127,24 manat, 2017-ci il üçün 128 manat, 2018-ci il üçün 75 manat, 2019-cu il üçün 35 manat, 2020-ci il üçün 40 manat ödəniş olmuşdur. CavabdehSC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri tam etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri-AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözü gedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçının əsassız olaraq hesablanmış 427,40 (dörd yüz iyirmi yeddi manat, qırx qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş 01.01.2005-ci il tarixli müqavilə əsasında verilmiş abonent kartından görünür ki, İddiaçının mübahisələndirdiyi ünvan 1 ünvanında sudan istifadəyə görə 14.08.2021-ci il tarixə kimi 427,40 manat məbləğində borc hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverciliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçının mübahisələndirdiyi ünvan 1 ünvanı atası İddiaçı adına qeydiyyata alınmış, həmin ünvanda 22.01.2014-cü il tarixdə su sayğacı quraşdırılmış və sudan istifadəyə görə 14.08.2021-ci il tarixə kimi 427,40 manat məbləğində borc hesablanmışdır. Həmin ünvana cavabdeh təşkilat tərəfindən hər ay borc barədə bildiriş göndərilməsinə baxmayaraq, borc ödənilməmiş, sonuncu dəfə 2021-ci ildə 20 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əsasız hesablanmış borcun silinməsi tələbinə dair iddası əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əsasız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar