Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7595/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı daxili maliyyə lizinq müqaviləsinin ləğvi və pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi, Cavabdeh 47279,10 manat əsas, 12837,58 manat faiz borcu, 4,62 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və və Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Mercedes Benz CLA 45 amg” minik markalı (tip sedan, Ban WDD1173521N234353, rəngi ağ, buraxılış ili 2015-ci il) olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan "xxxx" ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi və Cavabdeh 47279,10 manat əsas, 12837,58 manat faiz borcu, 4,62 manat cərimə olmaqla, cəmi 60121,30 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən "xxxx" ASC lizinq alanın sifariş etdiyi və həmin lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Mercedes Benz CLA 45 amg” minik markalı (tip sedan, Ban WDD1173521N234353, rəngi ağ, buraxılış ili 2015-ci il) olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə X1 arasında bağlanmış 08.07.2019-cu il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən satıcı “Mercedes Benz CLA 45 amg” minik markalı (tip sedan, Ban WDD1173521N234353, rəngi ağ, buraxılış ili 2015-ci il) olan avtomobili "xxxx" ASC-yə satılmasını, "xxxx" ASC isə avtomobilin dəyəri olan 97.000 AZN satıcıya ödənilməsini və qeyd olunmuş avtomobilin qəbul edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən "xxxx" ASC əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə etmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 53.000 manat, o cümlədən lizinq obyektinin qiyməti 97.000 manat təşkil etmişdir. Lizinq obyekti lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 25 % olmaqla lizinqə verilmişdir. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********597 saylı 20.05.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ardıcıl olaraq 2 (iki) dəfədən artıqdır ki, lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə 15.01.2020-ci il tarixində 7900 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Tərəflərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 230/LA saylı, 08.07.2019-cu il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə 36 ay müddətinə illik 25% olmaqla lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 53.000 manat, o cümlədən lizinq obyektinin qiyməti 97.000 manat təşkil edir. - 230/LA saylı, 08.07.2019-cu il tarixli daxili maliyyə lizinq müqaviləsindən görünür ki, satıcı “Mercedes Benz CLA 45 amg” minik markalı (tip sedan, Ban WDD1173521N234353, rəngi ağ, buraxılış ili 2015-ci il) olan avtomobili "xxxx" ASC-yə satılmasını, "xxxx" ASC isə avtomobilin dəyəri olan 97.000 AZN satıcıya ödənilməsini və qeyd olunmuş avtomobilin qəbul edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən "xxxx" ASC əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə etmişdir. - Lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, lizinqin və lizinq obyektinin qiyməti 97.000 manatdır. - 24.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 230/LA saylı, 08.07.2019-cu il tarixli müqaviləyə əsasən 18.05.2021-ci il tarixə borcu 47279.10 manat əsas, 12837.58 manat faiz borcu və 4.62 manat cərimə təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti qismində 97.000 manat dəyərində olan “Mercedes Benz CLA 45 amg” minik markalı (tip sedan, Ban WDD1173521N234353, rəngi ağ, buraxılış ili 2015-ci il) olan avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq alan qismində çıxış edən cavabdeh isə bunun müqabilində 36 ay müddətinə illik 25% olmaqla lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh lizinq müqaviləsinin şərtlərini pozaraq ödənişləri gecikdirmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə əsas borcunun və mükafatın cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinin 14.4-cü bəndinə görə bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə lizinq alan lizinq verənə hər gecikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 1%-i miqdarında dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə lizinq ödənişlərinin gecikməsi günlərinin sayına dair sübut təqdim etmədiyindən cərimə məbləği müəyyən olunmur. Belə ki, maliyyə arayışında gecikmə günlərinin sayı göstərilməmiş, hesabdan izahlı çıxarış, həmçinin digər hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinin 16.1-ci bəndinə görə bu müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda ləğv edilə bilər: - lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə; - lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətini pisləşdirdikdə; - lizinq alan lizinq verənin yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə; - lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə. Həmin müqavilənin 16.2-ci bəndinə görə bu müqavilənin 16.1-ci bəndində sadalanmış hallar baş verdikdə lizinq verən həmçinin lizinq alandan öz xeyrinə mübahisəsiz qaydada pul vəsaitlərinin və cərimələrin silinməsi və lizinq obyektinin geri tələb edilməsi hüququna malikdir. Bu zaman lizinq verənə ödənilmiş lizinq ödənişləri lizinq alana geri qaytarılmır. Məhkəmə iddia tələbinin "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatdan yuxarı olduğuna görə bu tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən yaranmış 47279.10 manat məbləğində əsas borc, 12837.58 manat məbləğində faiz borcu olmaqla, cəmi 60116.68 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 08.07.2019-cu il tarixli, 230/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 47279.10 manat məbləğində əsas borc, 12837.58 manat məbləğində faiz borcu (mükafat) olmaqla, cəmi 60116.68 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-7595/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7595/2021
23.11.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver