Məhkəmə qərarları › İş №2(060)-760/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-760/2023

21.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-760/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs: "xxxx" ASC) alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, dəmiryolu yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilinə dair Cavabdeh1 bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, dəmiryolu yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mərhum həyat yoldaşı Mustafayev Oqtay Firidun oğluna məxsus olmuşdur. Ev dəllalı X6 mərhumun kredit almaq istədiyini bildikdə, ona bankların hərbiçilərə aşağı faizlə ev ipotekası ilə kredit verdiyini bildirmiş, onu Hacıqabul rayonunda yerləşən hərbi hissədə xidmət edən gizir Cavabdeh2 ilə tanış etmişdir. O, iddiaçının həyat yoldaşını mənzili 5 min manat müqabilində Cavabdeh2 adına keçirməyə və onu adına kredit götürməyə inandırmışdır. İddiaçının həyat yoldaşı Oqtay Mustafayev Cavabdeh1 uydurma alqı-satqı müqaviləsi ilə evi cavabdehin adına keçirmişdir. Cavabdeh faktiki olaraq olan mənzili banka ipotekaya qoyaraq öz adına kredit almışdır. Həmin kreditlə iddiaçının «Nikoilbank»a olan kredit borcu bağlanmışdır. X6 və Cavabdeh2 kredit məbləğindən daha 16 min manat qaytarmalı, qalan 8 min manatı aralarında bölməli idilər. X1 iddiaçının həyat yoldaşını aldatmış, pulu verməmişdir. Cavabdeh mənzillə bağlı əvvəl 1 il müddətinə mərhumun, sonra mərhum ərinin təklifi ilə 30 il müddətinə oğlunun adıma etibarnamə vermişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın əsli və mənzilin texniki pasportu iddiaçıdadır. Əvvəl iddiaçının həyat yoldaşı, onun vəfatından sonra oğlu uzun müddət banka kredit və sığorta haqqı ödəmişlər. Pulu tələb etdikdə Elvin Cəfərov onları ön cəbhədə xidmət edən oğlunun həyatı ilə təhdid etmişdir. İddiaçının həyat yoldaşı 2019-cu ildə infarkt keçirərək vəfat etmişdir. Məhkəmə iclası barədə Cavabdeh2 nümayəndəsinə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Digər cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin notariusu isə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin və ya onların nümayəndələrinin, həmçinin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək bildirdi ki, bankdan ümumilikdə 41 000 manat pul çıxarılmışdır. Həmin pulu Elvin Cəfərov götürmüşdür. X8 həmin məbləğdən 16 000 manat da onlara verməli idi. Lakin, Elvin Cəfərov onlara pulu sonra verəcəyi barədə vəd verərək aldatmış və onlara pul verməmişdir. Onlar ev əllərindən çıxmasın deyə banka kredit ödənişləri etmişlər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1992-ci ildə anadan olmuşdur. O, Zərdab rayonu, Məlikmahmudlu kəndində qeydiyyatdadır. Mustafayev Oqtay Firudin oğlu, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Oqtay Mustafayev Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, dəmiryolu yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilini (bundan sonra – mübahisəli mənzil) Cavabdeh2 56 000 manata satmış, Cavabdeh2 isə həmin mənzili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən mənzilin dəyərindən 15 000 manat Cavabdeh2 tərəfindən, qalan 41 000 manat isə "xxxx" ASC tərəfindən Oqtay Mustafayevə ödənilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mübahisəli mənzil xx.xx.2015-ci ildən Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilir ki, Cavabdeh2 hazırkı iş üzrə iddiaçıya və digərlərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzilə dair yaşayış və istifadə hüqularının itirilmiş hesab edilməklə, cavabdehlərin və digər şəxslərin mənzili boşaldaraq (çıxardılaraq) ona təhvil verilməsi, mənzildən istifadə etdikləri üçün iş üzrə qətnamə icra olunan günə qədər hər ay üçün 316,44 manat aylıq kirayə haqqı hesablanmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə cavabdehlərdən biri olan X2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Cavabdeh1 bağlanmış 24 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-120/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməsi, iddiaçının ilkin iddia tələbinin qismən, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılaraq (boşaldılaraq) iddiaçıya təhvil verilməsinə dair hissədə təmin edilməsi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5483/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmışdır. Öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir (261.0.2.). İşdən göründüyü kimi Cavabdeh2 hazırkı iş üzrə iddiaçıya və digər şəxslərə qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və digər tələblər barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə cavabdehlərdən yalnız biri, yəni X3 xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı tələbi ilə qarşılıqlı iddia ərizəsi vermişdir. Həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə iddiaçı həmin məhkəmə mübahisəsi üzrə tərəf olsa da, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı barədə qarşılıqlı iddianı o deyil, həmin iş üzrə başqa bir cavabdeh qaldırmışdır. Bu səbəbdən hazırkı mübahisə eyni tərəflər arasında, eyni predmet və əsaslara dair mübahisə hesab edilə bilməz. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4.). İddiaçı hazırkı iddiasında mərhum həyat yoldaşı Oqtay Mustafayevlə "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığını tələb edir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından görünür ki, Oqtay Mustafayevlə "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı barədə iddia hazırkı iş üzrə iddiaçının da iştirak etdiyi başqa bir məhkəmə mübahisəsi zamanı irəli sürülmüş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin iddia rədd edilmişdir. İddiaçı həmin mülki iş üzrə tərəf olduğu üçün həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı ilə müəyyən edilmiş faktları mübahisələndirmək imkanını itirmişdir. Həmin mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı həmin işdə iştirak edən digər şəxslər üçün preyudisial hesab edildiyindən və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarlılığı həmin məhkəmə aktı ilə təsdiq edildiyindən məhkəmə həmin müqavilənin etibarlılığının təkrar yoxlanmasına zərurət görmür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, dəmiryolu yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilinə dair Cavabdeh1 bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar