Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7602/2025 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi olmaqla şəxslərin ölmüş elan edilmələri tələbinə dair iş üzrə (açar sözlər: şəxsin ölmüş elan edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi olmaqla şəxslərin ölmüş elan edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X10 xx.xx.2018-ci ildə və xx.xx.1985-ci il təvəllüdlü X2 isə xx.xx.2018-ci ildə Suriya Respublikasında ölmüş elan edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1972-ci il təvəllüdlü X14 onun qardaşı, xx.xx.1985-ci il təvəllüdlü X7 isə onun yoldaşıdır. Onlar rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X15 adlı övladları dünayaya gəlmişdir. Təxminən 2015-ci ildə onlar ailəvi olaraq Türkiyə Respublikasına getmişlər. Orada onlar qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə İŞİD (hazırki adı İD) adlı cinayətkar birliyinin tərkibinə daxil olmaqla Suriya Ərəb Respublikasının ərazisinə keçmiş, qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etmişlər. Həm qardaşı, həm də onun yoldaşı orada vəfat etmişlər. xx.xx.2018-ci ildə X7, xx.xx.2018-ci ildə isə X14 vəfat etmişdir. Yuxarıda qeyd etdiyi kimi qardaşı və onun yoldaşı döyüşlər zamanı Suriya Respublikasında vəfat etmişlər. Ona görə də qardaşının və onun yoldaşının ölmüş elan edilmələri barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qardaşının və onun yoldaşının ölmüş elan edilmələri onlara ölüm haqqında şəhadətnamə almaq, həmçinin ailə başçısını itirməyə görə uşaqlara müavinət almaq və bir sıra hüquqlarını realizə etmək üçün lazımdır. Qeyd edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 14 oktyabr 2020-ci il tarixli, 241 nömrəli Sərəncamı ilə o, qardaşı və onun yoldaşının uşaqları üzərində qəyyum təyin edilmişdir.
b) tələbə etiraz
3. Maraqlı şəxs tərəfindən tələbə etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, hazırkı faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq, həmçinin ailə başçısını itirməyə görə uşaqlara müavinət almaq və bir sıra hüquqlarını realizə etmək üçün lazımdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, uşaqlar dövlət xətti ilə gətirilmişlər. Şəxslərin ölüm tarixi və yeri barədə məlumatı Aytən Həsənovanın anası onlara telefon vasitəsilə bildirmişdir. Hazırda həmin şəxs də İraqda həbsxanadır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi onun baldızıdır. Asif onun qaynı, Aytən isə qaynının yoldaşıdır. Onlar təxminən 2014- 2015-ci ildən Türkiyəyə, oradan da Suriyaya getmişlər. 2018-ci ilin iyunun 1-ci Aytənin anası zəng edib bildirdi ki, Aytən vəfat edib. İki ay sonra avqustun 2-si isə Asifin vəfat etdiyini bildirdi. Asifin qayınanası ilə whatsApp vasitəsi ilə əlaqə saxlamışlar. 10 ildən çoxdur ki, onları görməmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 digə şahid X6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, Asifin qayınanası hazırda İraqda həbsdədir. Aytəni və Asifi 2015-ci ildən görməmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
8. AZ-T seriyalı, 129629 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 ataları X14, anaları X5r.
9. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 14 oktyabr 2020-ci il tarixli, 241 nömrəli Sərəncamından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X15 üzərində qəyyum təyin edilmişdir.
10. Sumqayıt Şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X14 (FİN: 2AUA06E) və xx.xx.1985-ci il təvəllüdlü X2 (FİN: 1NKNX8F) barələrində şəhər prokurorluğunda material üzrə araşdırma və cinayət işi üzrə istintaq aparılmamışdır.
11. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-58/2-50063 saylı məktubundan görünür ki, tərəflərindən keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri zamanı, xx.xx.1972-cı ii təvəllüdlü X14 və xx.xx.1985-ci il təvəllüdlü X2 xx.xx.2015-ci il tarixdən ölkə hüdudlarından kənarda olması (Türkiyə Respublikası), eyni zamanda barələrində Sumqayıt ŞPİ-də hər hansı bir təqsirləndirici material və digər xarakterizə edən məlumatlar qeydə alınmamışdır.
12. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuş X10 və xx.xx.1985-ci ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olmuş X2 Azərbaycan Respublikası vətəndaşlıqlarını itirmələri ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfındən məhkəməyə müraciət edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, A.A.Həsənovun və A.T.Həsənovanın Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaları ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciətləri qeydə alınmamışdır və Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaları barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır.
13. Azərbaycan Respublikasinin Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2026-cı il tarixli, 5/3/167 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X14 və xx.xx.1985-ci il təvəllüdlü X3 barəsində Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar daxil olmamışdır.
14. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2026cı il tarixli, 3-38-33/2-273/26 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X10 və xx.xx.1985-ci il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2015-ci il tarixdə Türkiyə istiqamətinə çıxışları qeydə alınmışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Maddə 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Maddə 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
18. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: “... 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.”
b) məhkəmənin mövqeyi
19. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilikdə şəxsin ölmüş elan edilməsinin şərtləri dəqiq müəyyən edilmişdir. Həmin əsaslardan biri şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmamasıdır. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin bu o demək deyil ki, şəxsin sağ olub-olmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər.
20. Hazırkı iş üzrə ərizəçi qardaşının və qardaşı arvadının ölmüş elan edilməsi ilə bağlı Mülki Məcəllənin 41.1-ci maddəsinin tələblərinə istinad edərək, həmin normada müəyyən olunmuş şərtin ödənildiyini bildirir.
21. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 41.1-ci maddəsinin tələbləri nəzərdən keçirilməlidir. Həmin normada isə göstərilir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmadıqda, o maraqlı şəxsin ərizəsinə əsasən məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hazırkı iş üzrə iş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, xx.xx.1972-ci il təvəllüdlü X14 və xx.xx.1985-ci il təvəllüdlü X7 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, həmin tarixdən sonra geri qayıtmamış, ölkəni tərk etdikdən sonra Suriya Ərəb Respublikasına getmiş, orada hərbi əməliyyatlarda iştirak etmişlər. Ərizəçinin qardaşı və qardaşının arvadı barədə yaşayış yerində 10 ildən çoxdur ki, heç bir məlumat yoxdur. Eyni zamanda onların xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar vardır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X14 və xx.xx.1985-ci il təvəllüdlü X2 ölmüş elan edilməsi üçün yetərli əsaslar vardır.
22. Eyni zamanda məhkəmə hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X10 ölüm günü xx.xx.2018-ci il və xx.xx.1985-ci il təvəllüdlü X2 isə ölüm günü xx.xx.2018-ci il, ölüm yeri isə Suriya Ərəb Respublikası kimi müəyyən edilməlidir.
Nəticə hissəsi:
23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X14 ölmüş elan edilsin. xx.xx.1972-ci il təvəllüdlü X10 ölüm tarixi xx.xx.2018-ci il, ölüm yeri Suriya Ərəb Respublikası hesab edilsin. xx.xx.1985-ci il təvəllüdlü X7 ölmüş elan edilsin. xx.xx.1985-ci il təvəllüdlü X2 ölüm tarixi xx.xx.2018-ci il, ölüm yeri Suriya Ərəb Respublikası hesab edilsin. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva