Məhkəmə qərarları › İş №2(060)-7603/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7603/2021

19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7603/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16, mənzil 20-də iddiaçının adına olan kod üzrə hesablanmış 2684 manat, 13 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 2005-ci ildən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16, mənzil 20-də yaşayır, 2-ci qrup Qarabağ Müharibəsi əlilidir. Bu mənzil iddiaçıya müharibə əlili kimi imtiyazlı əsasslarla verilmiş və həmin mənzil verilərkən bildirilmişdir ki, yaxın vaxtda qeyd edilən mənzilin yerləşdiyi bina istilik sistemi ilə təchiz olunacaqdır. Lakin 16 il keçməsinə baxmayaraq bu binanın, o cümlədən iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı mənzilin istilik sistemi ilə təchizatı həyata keçirilməmiş və nəticədə soyuq aylarda enerjidən sərfiyyat artmış və bu da enerji sərfiyyatı ilə bağlı borcların yaranmasına səbəb olmuşdur. İddiaçı bu illər ərzində yaşadığı binanın istilik sistemi ilə təchizatı barədə dəfələrlə müvafiq orqanlara müraciət etmiş, bu məsələnin yaxın vaxtda yoluna qoyulacağı bildirilsə də müraciət öz müsbət həllini tapmamışdır. İddiaçının yaşadığı mənzilin enerji sərfiyyatı ilə bağlı borcunun dondurulacağı bildirilsə də, həmin borc dondurulmamış və hazırda cavabdeh tərəfindən 2684 manat 13 qəpik borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının mənzili 05.09.2005-ci il tarixdə abonent qeydiyyatına alınıb. 24.09.2005-ci il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. İddiaçının 969,81 manat "xxxx" ASC dövrünə olan borcu 29.08.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən silinmişdir. İddiaçı 02.06.2015-ci il tarixdən 06.10.2021-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 2720,28 manat hesablanmışdır. Abonent həmin dövrdə 5 manat məbləğində ödəniş etmiş və hal-hazırda iddiaçının sayğaca görə 2715,28 manat borcu yaranmışdır. Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı 02.06.2015-ci il tarixindən 06.10.2021-ci il tarixinədək aylıq ödənişləri ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: -"xxxx" ASC-nin bildiriş xəbərdarlıq qəbzindən görünür ki, İddiaçı "xxxx" ASC-nə 2684,13 manat borcu vardır. - etirazdan görünür ki, iddiaçının mənzili 05.09.2005-ci il tarixdə abonent qeydiyyatına alınıb. 24.09.2005-ci il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. İddiaçının 969,81 manat "xxxx" ASC dövrünə olan borcu 29.08.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən silinmişdir. İddiaçı 02.06.2015-ci il tarixdən 06.10.2021-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 2720,28 manat hesablanmışdır. Abonent həmin dövrdə 5 manat məbləğində ödəniş etmiş və hal-hazırda iddiaçının sayğaca görə 2715,28 manat sayğac borcu yaranmışdır. Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı 02.06.2015-ci il tarixindən 06.10.2021-ci il tarixinədək aylıq ödənişləri ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. - Abunə haqqında arayışdan görünür ki, İddiaçı oğlunun "xxxx" ASC-nə 2715,28 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı hazırda ailə üzvləri ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16, mənzil 20-də elektrik enerjisindən istifadə etmiş, bununla bağlı hazırda onun 2715,28 manat borcu yaranmışdır. Bundan əlavə iddiaçının 2018-ci il tarixində "xxxx" ASC-ə olan 969,81 manat borcu "xxxx" ASC tərəfindən silinmişdir. Hazırda mövcud olan borcu, yəni 2715,28 manat məbləğində borc əsaslıdır, iddiaçı tərəfindən ödənilməlidir. Buna görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. Buna görə də Enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Beləliklə məhkəmə hesab edir ki, heç bir hüquqi əsas məyyən edilmədiyindən İddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16, mənzil 20-də iddiaçının adına olan kod üzrə hesablanmış 2684 manat, 13 qəpik məbləğində borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16, mənzil 20-də iddiaçının adına olan kod üzrə hesablanmış 2684 manat, 13 qəpik məbləğində borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar