Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-765/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi (bundan sonra iddiaçı) Cavabdeh oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının X5 Kəmərləri Sahəsinin istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən 39 T 0374779; ******* koordinatı üzrə inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının X5 Kəmərləri Sahəsinin balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında kəmərdən «4» metr məsafə aralıqda daş hasar və 7 metr məsafədə yaşayış evi inşa edilmişdir. Müvafiq kəmərin mühafizə zonasında aparılan tikinti işlərinin qarşısının alınaraq sökülməsi və torpaq sahəsinə eləcə də aparılan tikinti işlərinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün iddiaçı tərəfindən 14 noyabr 2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə rəsmi müraciət edilmişdir. Müraciətə Agentliyin 20.11.2019-cu il tarixli **********19 saylı məktubu ilə cavab verilərək bildirilmişdir ki, sözügedən ərazidə gedən qanunsuz tikinti işləri ilə bağlı təqdim etdiyiniz faktlar, qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Lakin bu günədək qeyd edilən həmin tikili ilə bağlı heç bir tədbir görülmədiyindən yaşayış evinin tikintisi başa çatdırılmışdır. Qeyd olunan tikinti işlərinin qarşısının alınaraq sökülməsi istiqamətində müvafiq köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə məlumat verilməsi məqsədilə iddiaçı tərəfindən 14 noyabr 2019-cu il tarixli məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinə də müraciət edilmişdir. Lakin bununla bağlı hər hansı tədbir görülməmişdir. Sumqayıt Şəhər Məhkəmsinin 05 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 13.08.2021-ci il tarixində ekspertin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı iş materialları ilə birlikdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Həmin ərazidə mindən çox ev var. Evlərin əksəriyyəti sənədlidir. Torpaq sahəsi bələdiyyə tərəfindən ona verilmişdir və iddiaçı həmin torpaq sahəsini özəlləşdirmişdir. Daha sonra həmin ərazidə ev tikmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 15.04.1954-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. 06.11.2019-cu il və 01.10.2020-ci il tarixlərdə, 5 saylı XİK-in rəisi İ.Nuriyev, 5 saylı XİK-in mühəndisi M.Mirzəyev və 5 saylı XİK-in xətt baxıcısı S.Əliyev tərəfindən tərtib edilmiş və imzalanmış aktlarda göstərilmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağlar yaşayış massivi ünvanında yaşayan cavabdeh tərəfindən 530 mm-lik Sumqayıt QPS-Yaşma QPS yerüstü magistral qaz kəmərinin mühafizə zonasından keçən 3,5 metr məsafədə daş hasar, 7 metr məsafədə yaşayış evi inşa olunmuşdur. İş materiallarına ərazinin fotoşəkili əlavə edilmişdir. İddiaçının X1 Təşkili üzrə Dövlət Agentliyinə ünvanlanmış məktubuna cavab olaraq Agentliyin 20.11.2019-cu il tarixli,**********19 saylı cavab məktubunda qanunsuz tikinti işləri ilə bağlı təqdim edilmiş faktların qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərildiyi qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Dəfnə” B/Y 82 saylı bağ sahəsi cavabdehin adına xüsusi mülkiyyət kimi 23.08.2019-cu il tarixində qeydə alınmışdır. İş materialalrına bağ sahəsinin plan və ölçüsü əlavə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin cavabdehə ünvanlanmış 17.09.2019-cu il tarixli məktubunda cavabdehə Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Dəfnə” B/Y 82 saylı bağ sahəsində bağ evinin tikintisi məqsədilə təqdim edilmiş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinə məlumatlandırma icraatı qaydasında baxıldığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Göründüyü kimi iddiaçı onun balansında olan qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən tikinti işləri aparıldığını bildirir və həmin tikilinin sökülməsini xahiş edir. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən hər hansı özbaşına tikinti işləri aparılmamışdır. Belə ki, cavabdehin hasar və ev inşa etdiyi torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı cavabdeh tərəfindən mülkiyyətində olan sahədən əlavə torpaq sahəsi zəbt edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (238.1.). Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir (238.2.). Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1). Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmış olsa belə, iddiaçının həmin tikilinin sökülməsi üçün subyektiv hüquqa malik olub olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 10.4-cü bəndində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi tikinti obyektlərinin sökülməsi barədə iddia qaldırmaq səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aiddir və iddiaçı həmin iddianı qaldırmaqda sübyektiv hüquqa malik deyil. Eyni zamanda Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilmişdir ki, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Yəni, cavabdehə məxsus fərdi ev və ya ərazidəki digər tikililər həqiqətən iddiaçının qeyd etdiyi boru kəmərinin mühafizəsi zonasına düşürsə, həmin tikililərin yerləşdiyi torpaq sahələri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Hazırkı iddianın təmin edilməsi isə mülkiyyətçi kimi cavabdehin hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh oğluna qarşı iddiaçının X5 Kəmərləri Sahəsinin istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi və mühafizə zonasından çıxarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-765/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-765/2021
31.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver