Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7671/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.03.2021-ci il tarixli, ******* saylı "təbii qazdan istifadə qaydalarının pozulması barədə” aktın və 16.03.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin ləğv edilməsi və ona məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 4488 saylı bağ evinə (Abonent kodu:**********00160) təbii qaza görə əsassız hesablanmış 216 manat və sayğacın dəyərinə görə 185,73 manat, cəmi 401,73 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4488 saylı bağ evi onun xüsusi mülkiyyətindədir. 16.03.2021-ci il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları həmin ünvana gələrək orada quraşdırılmış “İtron G-4” tipli, 1302AZ**********86 nömrəli sayğaca baxış keçirmiş, guya, sayğacın plastmas qapağının bütövlükdə aşkar olunmadığı, göstəricilərin və zavod seriyasının oxunmadığı, sayğacın çıxış plastmas borusunun deşildiyini əsas götürərək, onu çıxarmış və 16.03.2021-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması barədə” akt tərtib etmişdir. Sayğaca baxış keçirilərək çıxarıldığı və akt tərtib olunduğu zaman iştirakı təmin edilməmiş və akt onun tərəfindən imzalanmamışdır. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismarı İdarəsinin 16.03.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsinə əsasən 2160 kub metr qaz itkisi olduğu göstərilmiş və ona 216 manat məbləğində borc hesablanmışdır. Bundan başqa, sayğacın dəyəri olan 185,73 manat da ondan tələb olunur. Halbuki, həmin ünvana quraşdırılmış qaz sayğacı 2019-cu ildə oğurlanmışdır və bu barədə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsində tərəfindən şikayət ərizəsi verilmiş və müvafiq araşdırma aparılmışdır. Əsassız hesablanmış borcun silinməsi ilə bağlı cavabdeh təşkilata müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi olmamış, ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmişdir və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. “Azəriqaz” İstehsalat Birliyi ilə aralarında bağlanmış “Qaz Paylayıcısı ilə Məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyinin nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmasını sübuta yetirməlidir. Hesab edir ki, ona məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 4488 saylı bağ evinə quraşdırılmış qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsi cavabdeh tərəfindən sübut edilmədiyindən ona cərimə hesablanması əsassızdır. Qeyd edilənlərə əsasən hesab edir ki, “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 16.03.2021-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması barədə” akt və 16.03.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamə ləğv edilməli və ona təbii qaza görə əsassız hesablanmış 216 manat və sayğacın dəyərinə görə 185,73 manat, cəmi 401,73 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16.03.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, bağ evinə baxış zamanı sayğacın plastmas qapağı bütövlükdə aşkar edilməmiş, informasiya, göstərici və zavod nömrəsi oxunmamışdır. Məlumat oxumaq mümkün olmamış, sayğacın çıxış plastmas borusu deşilmişdir. “Azəriqaz” İB Sumqayıt QİS-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, İddiaçı məxsus bağ evinə aid sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın plastmas qapağı bütövlükdə aşkar edilmədiyindən və çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 185,73 manat borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonent kodu **********00160 olan bağ evinə akta görə 216 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Məhkəmə, həmçinin hesab edir ki, aktın və Tələbnamənin ləğv edilməsi üçün əsas yoxdur, çünki, həmin sənədlər sayğacda qüsur olmasını və vurulmuş ziyanın məbləğini özündə əks etdirir. Həmin qüsurun müəyyən edilməsi isə bu qüsurun (müdaxilənin) abonentin tərəfindən müdaxilə ilə bağlı yaranması nəticəsinə gəlməyə və ona qeyd edilən məbləğdə borcun hesablanmasına əsas vermir. Qeyd edildiyi kimi qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4488 saylı bağ evinə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 manat borc və akta görə hesablanmış 216 manat borc ləğv olunmalı, abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus bağ evinə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 manat borc və akta görə hesablanmış 216 manat borc ləğv olunsun, **********00160 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7671/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7671/2021
05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver