Məhkəmə qərarları › İş №2(060)-7708/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7708/2021

19.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7708/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçınun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, 21 mkr, Dadaş Dadaşov küçəsi ev 23 (köhnə qaydada ünvan 1 ünvanında yerləşən fərdi evə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25.04.2018-ci il tarixli, ******* saylı akt və «dəymiş ziyanın bərpasına dair» 26.04.2018-ci il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 928,8 manat məbləğində ziyanın silinməsi, akt əsasında məcburi ödənilmiş 771,4 manat borcun və sayğacın dəyəri olaraq 235,88 manatın cavabdeh təşkilatdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Sumqayıt şəhəri, 21 mkr, Dadaş Dadaşov küçəsi ev 23 (köhnə qaydada ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində istifadə etdiyi qaza görə ödənişləri vaxtlı-vaxtında etmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən fərdi yaşayış evinə quraşdırılmış smartkart tipli qaz sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilmiş, həmçinin sayğac yenisi ilə əvəz edilmişdir. Bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25.04.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda sayğac qüsurla işləyir, qayka birləşməsinə vurulan plomb sınıqdır, sayğac yenisi ilə əvəz edilmişdir qeydi yazılmışdır. Akt tərtib edilərkən tərəfindən imzalanmamışdır. Bildidirir ki, qaz sayğacı fərdi yaşayış evinin daxilində deyil, hasarın çöl hissəsində quraşdırılmışdır. Qaz sayğacına edilmiş müdaxilədən məlumatım yoxdur. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında günahkar deyildir. 26.04.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanmasına dair akta əsasən itirilmiş qazın həcmi 4644 kub metr, 928,80 manat hesablanmışdır. Həmçinin yeni quraşdırılmış sayğacın dəyəri 235,88 manat məbləğində pul da ondan alınmışdır. Qaz sayğacı smart kart tipli olduğundan karta ödədiyi məbləğin yarısı borcdan çıxılmış, borcun 771,4 manat hissəsi ödəniş edilərkən silinmişdir. Hazırki gündə də ödəniş edilərkən cərimə məbləği ödənişdən silinir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək 25.04.2018-ci il tarixli akta əsasən hesablanmış 928,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən, müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, sayğac dəyişdirilmişdir və bu halda sayğacın və itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. Cavabdehin nümayəndəsi həmçinin məhkəməyə etiraz ərizəsi təqdim edərək araşırılan mübahisə üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı № ******* saylı “Çıxarış”dan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 27.07.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 25.04.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə aid quraşdırılmış sayğac yoxlaması zamanı məlum olmuşdur ki, sayğac qüsurla (ilişərək) işləyir. Qayka birləşməsinə vurulan plombun simi qırıqdır. Sayğac metrologiya şöbəsi tərəfindən yenisi ilə əvəz olunmuşdur. 13.08.2021-ci il tarixdə verilmiş Abonentin Saldosundan görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 24 saylı evə (abonent kodu **********0240) akta görə 928,80 manat borc hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 03.09.2021-ci il tarixli sorğusuna əsasən «Azəriqaz» İB-nin 22 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş arayışdan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında quraşdırılmış G-4 markalı, 1202AQ**********6 sayğaca vizual müdaxilə aşkarlanması səbəbindən, 12.04.2018-ci il tarixdə G-4 Smart markalı 1802AZ**********29 zavod nömrəli sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan sayğac Sumqayıt QİS-dən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması Laboratoriyasına göndərilmişdir. Dövlət yoxlamasının nəticəsi olaraq 17.07.2018-ci il saylı aktına əsasən sayğacda xətalar normaya uyğundur və klapanın işlək olmadığı aşkarlanması kimi qiymətləndirilmişdir. “Azəriqaz” İB tərəfindən 10.04.2018-ci il tarixli ******* №li akt tərtib edilərək hesablama yolu ilə dəymiş ziyanın məbləğinin 928.80 manat olduğu müəyyənləşdirilmişdir. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.5-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin hallarından göründüyü kimi iddiaçının qazdan istifadə etməsi üçün quraşdırılmış qaz sayğacına baxış keçirilməsində iddiaçının iştirakı ilə akt tərtib olunmamış, aktın istehlakçı kimi iddiaçıya təqdim edilməsi təmin edilməmişdir. Bundan başqa, qanunun göstərişinə əsasən qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Buna görə də məhkəmə hesab edir ki, akt əsasında 928,80 manat borcun hesablanması və iddiaçıdan tələb edilməsi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış 928,80 manat borc onun abunə hesabından (abonent kodu **********00240) silinməlidir. Məhkəmə cavabdeh nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə bildirir ki, araşdırılan mübahisə müqavilə münsibətlərindən irəli gələn tələb kimi qiymətləndirilə bilməz. Odur ki, araşdırılan iddia üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus yaşayış evinə akta görə hesablanmış 928,80 (doqquz yüz iyirmi səkkiz manat səksən qəpik) manat borc **********00240 saylı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar