Məhkəmə qərarları › İş №2(060)-7765/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7765/2021

07.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7765/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X1 iddiaçıya miras qalmış Abşeron rayonu, Saray qəsəbəsində 0,0250 ha torpaq sahəsinə dair miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Quba rayonunun Nöydün kəndində anadan olmuşdur. 09 oktyabr 1994-cü ildə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həyat yoldaşı X5 12 dekabr 2020-ci ildə vəfat etmişdir. Abşeron rayonu, Saray qəsəbəsində 0.0250 ha torpaq sahəsi 25.09.2019-cu il tarixli çıxarışa əsasən mərhum həyat yoldaşı X2 mülkiyyətindədir. İddiaçı həyat yoldaşından miras qalmış əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Cavab məktubunda iddiaçının məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1974-cü ildə, Quba rayonu, Nöydün kəndində anadan olmuş, hazırda Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi 25.09.2019-cu il tarixdə X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X6 21.09.1973-cü ildə andan olmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 12.12.2020-ci ildə vəfat etmişdir. Nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı X6 ilə 09.10.1994-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin 03.08.2021-ci il tarixli, 2163 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə sorğusuna əsasən caavbdehin 26.11.2021-ci il tarixli məktubu ilə X3 vərəsəlik işinin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin surətləri göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, iddiaçı onun anasıdır. X9 misar qalmış əmlakın anasının adına rəsmiləşdirilməsinə etiraz etmir. Ondan və iddiaçıdan başqa atasının vərəsələri qaraşı və nənəsidir. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, iddiaçının oğludur. X9 misar qalmış əmlakın anasının adına rəsmiləşdirilməsinə etiraz etmir. X8 da buna etiraz etmir. Nənəsi bu səbəbdən ona etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). Göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0250 ha torpaq sahəsi X2 qanuni sahibliyində olmuşdur. X5 vəfat etdikdən sonra iddiaçı mənzil üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin iddiaçının övladları, qaynanası, yəni X2 digər vərəsələri ondan miras qalmış əmlakın iddiaçının adına keçirilməsinə etiraz etmirlər. Bu səbəbdən iddia təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsində 0,0250 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində 0,0250 ha torpaq sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar