Məhkəmə qərarları › İş №2(060)-7767/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7767/2025

10.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7767/2025 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 iddiaçının həyat yoldaşıdır. Mehti Mehtiyev 10 dekabr 1993-cü ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının vəfatı tarixinə mülkiyyətində Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 151B saylı ev olmuşdur. Bunu mərhumun adına verilmiş Qeydiyyat vəsiqəsi təsdiq edir. İddiaçı Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 151B saylı evi faktiki olaraq miras əmlak kimi qəbul etmiş və evdən təyinatı üzrə istifadə edir. Lakin hüquqi savadsızlıq səbəbindən qanuni vərəsə kimi miras əmlaka dair şəhadətnamə almamış və mərhum həyat yoldaşına məxsus evə görə hüquqmüəyyənedici sənədlər əldə etməmişdir. Lakin qeyd etdiyi kimi mərhum həyat yoldaşına məxsus evdən təyinatı üzrə istifadə etməklə onu faktiki qəbul etmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. 1 saylı Sumqayıt Regional “ASAN xidmət" Mərkəzinin Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən, 10 dekabr 1993-cü ildə vəfat etmiş iddiaçının mərhum həyat yoldaşı X5 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 151 B saylı evə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən bir otaqlı yaşayış sahəsi 26,5 kv.m, köməkçi sahəsi 8,0 kv.m-dən ibarət olan 151B nömrəli yaşayış evi XDC İcraiyyə komitəsinin 07 iyun 1990-ci il tarixli qərarı əsasında X2 adına qeydə alınmışdır.

8. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ № 408820 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixində baş beynin tam dağılması səbəbindən vəfat etmişdir.

9. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 may 2019-cu il tarixli, № xx/xx-1402/62 saylı arayışın surətindən görünür ki, X7i ilə X3 09 iyun 1977-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikaha girmişlər. Nikah bağlandıqdan sonra arvada Mehtiyeva soyadı verilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli, 862 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbulu barədə notariat ofisinə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizənizə baxılmışdır. Ərizənizə və ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirir ki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mərhum X4 vəfat etdiyi xx.xx.1993-cü il tarixə qüvvədə olan 552-ci maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azətbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll missəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarla, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi miras sözügedən Qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.1993-cü il tarixdə açıldığı üçün, həmin dövrün qanunvericiliyinə əsasən, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, mirasın qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunnmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının həyat yoldaşı X6 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı ona imtina cavabı verilmişdir. Hazırda iddiaçı Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 151B nömrəli evin ərindən miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

14. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

15. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

16. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

17. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

18. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

19. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

20. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

21. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

22. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

23. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

24. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

25. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X6 öldükdən sonra arvadı İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir.

26. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasın açıldığı məqamda miras əmlak onların istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının həyat yoldaşının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir.

27. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar