Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7787/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 19№ li Yol tikinti İdarəsi Asfaltzavod ərazisində yerləşən 187 saylı fərdi evə dair qaz sayğacına görə tərtib olunmuş 29.04.2021-ci il tarixli, ******* № li akt əsasında yaranmış 230 manat və sayğacın dəyəri olan 185,73 manat, ümumilikdə 415,73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 19 № li Yol tikinti İdarəsi Asfaltzavod ərazisində yerləşən 187 saylı fərdi ev onun istifadəsindədir. Artıq uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə bu ünvanda yaşayır. Heç vaxt kommunal ödənişlərində gecikməsi olmamış, vaxtı-vaxtında ödəmişdir. Həmin fərdi evə dair **********01870 nömrəli abonent kodu onun adına qeydiyyata alınmışdır. 21.08.2021-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları yaşadığı evə gələrək qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* № li, 21.08.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən G-4 markalı, 1102AQ**********0 № li SMART tipli sayğac ZENNER tipli G-4 markalı **********9 № li sayğacla əvəzləmişlər. Köhnə sayğac onun şahidliyi ilə çıxarılmışdır. Bir neçə müddət sonra evə qaz bildirişi gələrkən qaza 230 manat məbləğində borcu olduğundan xəbərdar olmuşdur. Sumqayıt qaz İdarəsinə yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışmışdır. Orada aydın olmuşdur ki, cavabdeh təşkilatın əməkdaşları çıxarılan sayğaca görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.04.2021ci il tarixli, ******* № li akt tərtib etmişlər. Həmin aktda sayğacın çap vərəqinin üzərində kənar təsir izlərinin mövcudluğu, informasiyanın oxunmaması, yivli birləşmələrin korroziyaya uğraması və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, həmin akt əsasında 230 manat və sayğcın dəyəri olan 185.73 manat məbləğində borc yaranmışdır. Qeyd edir ki, köhnə sayğac onun evindən aralıda yəni küçədə quraşdırılmışdır. Nə o, nə də ailə üzvləri tərəfindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olunmamışdır. Sayğac çıxarılarkən onun plombu əməkdaşlar tərəfindən açılmışdır, belə bir hal olmuş olsa idi, elə həmin akt tərtib olunardı. Laboratoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz qüsur yazılmışdır. Belə ki, sayğac çıxarılandan 7 ay sonra bu akt tərtib olunmuşdur. Sayğac laboratoriyaya aparılanda əməkdaşlar sayğaca onun tərəfindən hər hansı bir müdaxilə etməklə bağlı sübut aşkar etməmişlər. Laboratoriyanın rəyi isə sadəcə fərziyədir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qeyd etdiyi kimi qaz sayğacı evdən çox aralıda quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşalarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayağaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalayır. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir, iddia əsassızdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış evinə aid sayğaca baxış keçirilmiş, laborator münayinəsi nəticəsində sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29.04.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, İddiaçı məxsus evə dair sayğaca baxış zamanı sayğacın elementi bitib, müvəqqəti element quraşdırılmışdır. Məlum olmuşdur ki, çap vərəqinin üzərində kənar təsir izləri mövcuddur. İnformasiya oxunmayıb və yivli birləşmələri korroziyaya uğramışdır. “Azəriqaz” İB Sumqayıt QİS-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, İddiaçı məxsus fərdi evə aid sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın çap vərəqinin üzərində kənar təsir izləri mövcud olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 185,73 manat (bir yüz səksən beş manat yetmiş üç qəpik) borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonent kodu **********01870 olan fərdi yaşayış evinə akta görə 216 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus fərdi yaşayış evinə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 manat borc və akta görə hesablanmış 216 manat borc ləğv olunmalı, abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus fərdi yaşayış evinə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat borc və akta görə hesablanmış 216 (iki yüz on altı) manat borc ləğv olunsun, **********01870 nömrəli abunə hesabından silinsin. «Azəriqaz» İB-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7787/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7787/2021
19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver