Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-779/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş mal tövləsinin sökülməsi, evdən və həyətyanı sahədən istifadə qaydasının müəyyənolunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər hər ikisi iddiaçının valideynləridir. Amma iddiaçının onların razılığı olmayan xanımla evlənməyi nəticəsində aralarında soyuqluq yaranmış və münaqişəli şəraitdə yaşayırlar. Mütəmadi olaraq cavabdehlər onu və ailəsini təhqir edir, döyür və incidirlər. Sumqayıt Şhər Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(060)-3526/2015 saylı qətnaməsinə əsasən onun və arvadı Tünzalə Ağayevanın eyni cavabdehlərə qarşı iddiaları təmin olunaraq ünvan 1 ünvanına köçmələri qət olunmuşdur. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli və Ali Məhkəmənin xx xxxx 2016-cı il tarixli qərarı ilə qüvvədə qalmışdır. Hər iki ailə qeyd olunan ünvanda yaşayır. Cavabdehlər hər vəchlə onu və ailəsini incidir və evdən getmələrini istəyirlər. Bu məqsədlə cavabdehlər iddiaçının pəncərəsinin düz ağzında qanunsuz heç bir icazə almadan mal tövləsi tikmiş, orada heyvan saxlayırlar. Bu antisanitariyadır. İydən evə daxil olmaq olmur. Evdə milçək əlinən gəzmək və istirahət etmək olmur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi. İddiaçı həmçinin bildirdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Aailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, R.Əzimov küçəsi, 29 saylı evə köçürülmüşdlər. Həmin evdə valideynləri olan cavabdehlərlə yaşayırlar. Lakin, evə girişçıxışları ayrıdır. Cavabdehlər evin ona aid hissəsinin həyətə baxan pəncərənin qabağında tövlə inşa etmişlər. Onlar orada keçi saxlamaq fikrindədirlər. Əgər həmin heyvanlar orada saxlanılarlarsa onların səsi və iyi onlara mane olacaqdır. Cavabdeh1 ona və həyat yoldaşına qarşı daim kobud davranmışdır. Hətta onlara xəsarətlər də yetirmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək bildirdi ki, qeyd edilən tövlənin inşa edilməsi iddiaçının hüquqlarını pozur. Tövlə sökülməli və yaşayış hüququ müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qeyd edilən ev onun həyat yoldaşının mülkiyyətindədir. İddiaçıya orada yalnız yaşamaq hüququ verilmişdir. İddiaçı öz həyat yoldaşının və qayınanasının təhriki ilə öz valideynləri ilə münaqişəyə girmişdir. İnşa edilmiş tövlə iddiaçının hər hansı hüququnu pozmur. Hal-hazırda o, həmin tövlədə mal-heyvan saxlamır. Lakin, gələcəkdə orada keçi saxlamaq fikrindədir. Lakin, bu da iddiaçının hər hansı hüququnun pozulmasına səbəb ola bilməz. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 da iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1990-cı ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O hazırda ünvan 3 ünvanında qeydiyyatdadırlar. Cavabdeh1 xx.xx.1963-cü ildə, Sumqayıt şəhərində, Cavabdeh2 isə xx.xx.1963-cü ildə, Qubadlı rayonu, Çaytumas kəndində anadan olmuşlar. Hazırda cavabdehlər ünvan 3 ünvanında qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, R.Əzimov küçəsi, ev 58 və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-3526/2015 saylı qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının və X1 iddia tələbi təmin edilmiş və onların Abşeron rayonu, Saray qəsəbəsi, R.Əzimov küçəsi, ev 58-ə köçürülmələri qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1529/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-779/16 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər mübahisəli torpaq sahəsində yerləşən evdə yaşayırlar. Onların evə giriş-çıxış qapıları fərqlidir. Evin hündürlüyü təxminən 5 metrdir. Cavabdehlər tərəfindən evin iddiaçının yaşadığı hissəində olan iddiaçıya məxsus pəncərənin qarşısında tövlə inşa edilmişdir. Tövlə ilə evin pəncərəsi arasında təxminən 4 metrdən artıq məsafə vardır. Yerli baxış keçirilən zaman tövlədə hər hansı mal-heyvan saxlanılmırdı. Tövlənin qapısı evin pəncərəsinə tərəf deyil yan tərəfə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Mülki Məcəllənin 240.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. İşdən göründüyü kimi mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Qeyd edilən tikili isə onun və digər cavabdehin tərəfindən inşa edilmişdir. İddiaçının tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət, icarə və ya qanuni istifadə hüququ yoxdur. Yalnız məhkəmə qətnaməsinə əsasən iddiaçının mübahisəli evə köçürülməsi qət edilmişdir. Hazırkı iddia tələbinin təmin edilməsi üçün iddiaçı cavabdehlər tərəfindən inşa edilmiş tikilinin onun hüquq və mənafeyini pozduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır (69.1.). Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir (69.4.). Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi (69.5.). Göründüyü kimi iddiaçının yaşadığı evin hündürlüyü təxminən 5 metr, evlə yardımçı tikili arasında məsafə isə 4 metrdir. Belə olan halda ara məsafəsi evin divarının 0,4 hissəsindən çoxdur. Yəni, evlə tikili arasında qanunvericiliklə müəyyən edilmiş ara məsafəsi gözlənmişdir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (171.1.). Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (171.2.). İddiaçı cavabdehin mübahisəli tikilidə keçi saxlayacağını və həmin heyvanların səsküyünün və iyinin onların normal yaşayışlarına mane olacağını bildirmişdir. Müəyyən edilmişdir ki, hal-hazırda cavabdehlər həmin yardımçı tikilidə hər hansı mal-heyvan saxlamırlar. Eyni zamanda orada mal-heyvan saxlanılsa belə, iddiaçının pəncərəsindən yardımçı tikiliyə kimi kifayət qədər məsafə olduğundan bu iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilmiş mal tövləsinin sökülməsi, evdən və həyətyanı sahədən istifadə qaydasının müəyyən olunması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-779/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-779/2021
16.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver