Məhkəmə qərarları › İş №2(060)-7913/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7913/2021

20.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7913/2021 20.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt şəhər regional «ASAN Xidmət» mərkəzində notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 oktyabr 2016-cı il tarixdə vəfat etmiş Kərimov Xəlil Habil oğlundan miras qalmış Sumqayıt şəhəri 11-ci mkr ünvanında yerləşən 2 otaqlı 26 saylı evin 40 saylı mənzilinin-miras əmlakın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin məzmununda yanlışlığa yol verilərək maraqlı şəxs ifadəsindən istifadə edildiyini, maraqlı şəxs sözünün cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 11-ci mikrorayon ünvanında yerləşən 2 otaqlı 26 saylı evin 40 saylı mənzili mərhum atası Kərimov Xəlil Habil oğlunun adına dövlət qeydiyyatına alınmışdır.Atası 18 oktyabr 2016-cı ildə kardiomiopatiya xəstəliyi səbəbilə vəfat etmişdir. O, atası vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmişdir. Lakin bir tərəfdən atasının dəfni, yas mərasimi, digər tərəfdən də hüquqi biliyinin olmaması üçün mirasın qəbulu ilə notariat ofisinə müraciət etməmişdir. Hal hazırda, sözü gedən ünvanda qardaşı X2 yaşayır. Bildirir ki, üç qardaşdırlar. Onunla qardaşları Kərimov Rövşən və Kərimov Vüqar arasında mirasla əlaqədar heç bir problem yoxdur. O, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün Sumqayıt Regonal "ASAN Xidmət" mərkəzində notariat mərkəzinə müraciət etsə də, notariat ofisindən ona müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilməli və müddət bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, atasının vəfatından sonra o, miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etəmişdir. Eləcə də atasının vəfatından sonra həmin mənzildə qardaşı ailəsi ilə birlikdə yaşayır, istifadə edir. O, həmin mənzildən istifadə etməyib, onun özünə məxsus ayrıca evi vardır. Lakin, qardaşının əvəzindən kömək məqsədi ilə mənzilə dair kommunal xərcləri bəzi vaxtlar o, ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: İ-JQ seriyalı 323373 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuş, atası Kərimov Xəlil Habil oğlu, anası X1r. AZ-İİ seriyalı 205233 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq edilmiş surətindən görünür ki, Kərimov Xəlil Habil oğlu 18.10.2016-cı il tarixdə ölmüşdür. Sumqayıt şəhər regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin 2408 nömrəli 27 avqust 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı vərəsəlik şəhadətnaməsi verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etmiş, imtina cavabı almışdır. Atasının vəfatından sonra miras əmlakı qəbul etməməsinin səbəbini atasının dəfni, yas mərasimi, xüsusilə də hüquqi biliyinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının müddəti ötürmə səbəbi kimi göstərdikləri üzrlü hesab oluna bilməz. Eləcə də göründüyü kimi iddiaçı özünün də qeyd etdiyi kimi qeyd edilən miras əmlaka nə faktiki sahiblik etmiş, nə də əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, miras əmlakın qəbul edilmə müddətinin ötürülməsi məhkəmə tərəfindən üzrlü hesab olunmadığından İddiaçı Sumqayıt şəhər regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar