Məhkəmə qərarları › İş №2(060)-795/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-795/2021

21.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-795/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – X17, X26, X11, X4) mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 07 dekabr 1996-cı il tarixdə vəfat etmiş X5 miras qalmış Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 33/40-da yerləşən 4 saylı mənzilin-miras əmlakın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 33/40da yerləşən 4 saylı mənzil 24.04.1991-ci il tarixində mərhum nənəsi X7 adına 14 nömrəli reyestr kitabında inventar işi 1480 kimi qeydiyyata alınmışdır. Mərhum nənəsi ilə həmin ünvanda birgə yaşamışdır. Nənəsi 07.12.1996-cı ildə vəfat etmişdir. X2 17.04.1989-cu ildə, anası X14 2009-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsələr arasında tələb barədə mübahisə yoxdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Üçüncü şəxslər X17, X26, X11 və X4 məhkəməyə ünvanladıqları ərizələrdə öz miras paylarından iddiaçının xeyrinə imtina etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia əriuzəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1969-cu ildə anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır və orada yaşayır. 14 nömrəli reyestr kitabında inventar işi nömrəsi 1480 olan qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 X7 adına qeydiyyata alınmışdır. 487830 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Soltana Şavaqatova avaqatov Şaban Cəbrayıl oğlu ilə nikaha daxil olmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçı X7 nəvəsidir. X17 və X3 Şavaqatovanın uşaqlarıdır. Ölüm haqqında şəhadətnaməyə əsasən X15 07.12.1996-cı ildə, onun oğlu X13 17.04.1989-cu ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrə əsasən müəyyən edilir ki, X11 və X4 iddiaçının qardaşlarıdır. 07.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizələrdə X17, X26, X11 və X1 Soltana Mürsəl qızından qalmış miras əmlaka dair iddiçıya vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin 22.02.2017-ci il tarixli, 3360 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. 1 saylı Mənzil Kommunal Sahəsinin 28.08.2020-ci il tarixli, 4093 saylı arayışında mərhum miras qoyanın mübahisəli mənzildə iddiaçı ilə birlikdə yaşadığı göstərilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 30.04.2021-ci il tarixli, 05/Q-1113/13 saylı məktubundan görünür ki, X18 ilə X6 birgə nikahlarından X8, X4, X8 və X9 adlı övladları olmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). İşin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 33/40-da yerləşən 4 saylı mənzil qeydiyyat vəsiqəsinə əsasən iddiaçının nənəsi X12 məxsus olmuşdur. X15 vəfat etdikdən sonra iddiaçı mənzil üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin, iddiaçının qardaşları, dayısı və bibisi, yəni Soltana Şavaqatovanın digər vərəsələri ondan miras qalmış əmlakın iddiaçının adına keçirilməsinə etiraz etmirlər. Bu səbəbdən iddia təmin edilməli, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 33/40-da yerləşən 4 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 33/40-da yerləşən 4 saylı mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar