Məhkəmə qərarları › İş №2(060)-7953/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7953/2021

25.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7953/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlipənah qızının və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlipənah qızı və Cavabdeh3 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 Əlipənah qızı və Cavabdeh3 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlipənah qızının hər birinə 5 000 manat, Cavabdeh3 (övladı-28.09.2018-ci il təvəllüdlü Yurtlu Mert ilə birlikdə) 10 000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlipənah qızının (uşaqları 14.01.2016cı il təvəllüdlü X6 və 25.03.2017-ci il təvəllüdlü X5 ilə birlikdə) Sumqayıt şəhəri, 42-ci məhəllə, 6 saylı binada yerləşən 2 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 6 saylı binada yerləşən 2 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 Əlipənah qızı isə iddiaçının gəlinidir. Digər cavabdeh isə iddiaçının qızıdır. Hazırda iddiaçı ilə cavabdehlər arasında münaqişə yarandığından onlarla bir mənzildə yaşamaq mümkün olmadığı üçün iddiaçı onlara kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları qərarına gəlmişdir. İddiaçının məhkəməyə ünvanlanmış izahatında qeyd edilmişdir ki, Cavabdeh1 iddiaçının doğma oğludur. X1 isə iddiaçının gəlinidir. Oğlu uzun illərdir ki, nə iddiaçı, nə də bacısı Cavabdeh3 ilə yola getmir. Evdə daim söz-söhbət salır. Artıq valideyn olaraq bütün bunlara dözə bilmir. Qızı Cavabdeh3 bir övladı var, başqa yerdən köməyi yoxdur. İddiaçı hər iki övladı rahatlıqla yaşasın deyə bu addımı atmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər iddiaçının qızı, oğlu və gəlinidir. Mənzil vərəsəlik qaydasında iddiaçının həyat yoldaşı vəfat etdikdən sonra iddiaçıya miras qalmışdır. Hal-hazırda iddiaçının qızı ilə gəlini və oğlu yola getmirlər, evdə daim dava-dalaş və söz-söhbətlər yaranır. Cavabdeh olan qızı Türkiyə Respublikası vətəndaşı ilə ailə həyatı qursa da, hal-hazırda nikahları formal xarakter daşıyır və ailələri demək olar ki, dağılmışdır. İddiaçı yaşlı olduğundan buna bir müddət dözsə də, artıq əsəbləri tab gətirmir. Buna görə də, kompensasiya qaydasında ödənişlər edərək, cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddanın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o sözügedən mənzildə böyümüş və mənzil miras kimi atası vəfat etdikdən sonra anasına qalmışdır. Digər cavabdeh olan bacısı isə evlidir və nikahı pozulmayıb. O, əlildir və bunu onun məhkəməyə təqdim etdiyi sənəd də təsdiq edir. Xəstəliklə əlaqədar olaraq ona işləmək olmaz və buna görə də tək qazancı əlilliklə bağlı aldığı təqaüddür. Ona və həyat yoldaşına təklif olunan kompensasiya məbləği kifayət deyildir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatı ilə oxşar məzmunlu izahat verərək iddianın təmnin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının iddia tələbi ilə razıdır. Onun bir uşağı var. O, həyat yoldaşı ilə nikahlarının pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. O, 2019-cu ildə sözügedən mənzilə qayıtmışdır. O, mənzildən qeydiyyatdan çıxmağa razıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1984-cü ildə, Cavabdeh2 Əlipənah qızı xx.xx.1986-cı ildə və Cavabdeh3 isə 02.02.1983-cü ildə anadan olmuşlar. Cavabdehlər Sumqayıt şəhəri, məhəllə 42, ev 6, mənzil 2 ünvanında qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, məhəllə 42, ev 6, mənzil 2 (bundan sonra - mübahisəli mənzil) iddiaçının adına xüsusi mülkiyyət kimi 17.06.2020-ci il tarixində qeydə alınmışdır. “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 1 nömrəli xəstəxana poliklinika şöbəsinin 15.10.2021-ci il tarixli, 9672 saylı arayışına əsasən Cavabdeh1 “orta dərəcəli əqli gerilik, tez-tez olan qıcolma tutmaları və davranış pozuntuları diaqnozu ilə şəhər poliklinikasının psixiatrik kabinetində dispanser və ambulator müşahidədədir. X2 tərəfindən təqdim verilmiş 187 saylı, 25.10.2021-ci il tarixli arayışda göstərilmişdir ki, Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində iki otaqlı kirayə evlərin qiyməti 100-120 manat arasındadır. X8 tərəfindən verilmiş 20.10.2021-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, mübahisəli mənzilin qiyməti 45000-48000 manat təşkil edir. Cavabdeh3 Məhəmməd qızı məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçının ona qarşı Sumqayıt şəhəri, 42-ci məhəllə, 6 saylı binada yerləşən 2 saylı mənzildən 10 000 manat kompensasiya verilməklə istifadə hüquqularına xitam verilməsi barədə iddiasını qəbul etdiyini qeyd etmişdir. İddiaçı iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Göründüyü kimi cavabdehlər iddiaçının ailə üzvləri olmaqla iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüququna malikdirlər. İddiaçı hazırda cavabdehlərin həmin hüququna kompensasiya verilməklə xitam verilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında təqdim etdiyi ərizəsində iddianı etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Göründüyü kimi iddianln Cavabdeh3 tərəfindən etiraf edilməsi qanuna zidd deyil və üçüncü şəxslərin hüquqlarını pozmur. Bu səbəbdən iddia tələbi həmin cavabdehə aid hissədə təmin edilməlidir. Digər cavabdehlərə gəldikdə isə qeyd edilməlidir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün 10000 manat kompensasiya təklif etmişdir. Belə olan halda təklif olunan kompensasiyanın cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş arayış təqdim etmişdir. Həımin arayışda Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində iki otaqlı kirayə evlərin qiyməti 100-120 manat arasında olduğu qeyd edilmişdir. Lakin, həmin şəxsin qeyd edilən məsələ ilə bağlı peşəkar fəaliyyətlə məşğul olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə qeyd edilən sübuta tənqidi yanaşır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Cavabdeh3 mənzilə istifadə hüququna xitam verildiyi üçün onun yetkinlik yaşına çatmayan uşağı 28.09.2018-ci il təvəllüdlü Yurtlu Mertin də mənzilən istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 İddiaçı tərəfindən 10000 (on min) manat məbləğində kompensasiya verilməklə, onun yetkinlik yaşına çatmayan uşağı 28.09.2018-ci il təvəllüdlü Yurtlu Mert ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə, 6 saylı binada yerləşən 2 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə Cavabdeh3 İddiaçı tərəfindən kompensasiya verildikdən sonra onun və yetkinlik yaşına çatmayan uşağının həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar