Məhkəmə qərarları › İş №2(060)-7956/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7956/2021

17.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7956/2021 17.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “təbii X2nın pozulması haqqında” 31.08.2021-ci il tarixli, ******* nömrəli akta əsasən qeyd edilən 216 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64.67 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən onun evinə G-4 markalı, ******* saylı “mexaniki ” tipli sayğac quraşdırılmışdır. Həmin sayğacdan 26.05.2021 il tarixədək istifadə olunmuş, lakin 26.05.2021 il tarixdə yeni G-4 markalı, **********8 saylı “mexaniki” tipli sayğac quraşdırılmışdır. 26.05.2021 il tarixədək quraşdırılan sayğac işlək vəziyyətdə olmuşdur. 19.02.2021 ci ildə mənzilə yeni köçdüyü üçün 26.02.2021 ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinə həm şifahi həmdə yazılı qaydada müraciət etmişdir ki, sayağaca həm texniki baxış, həm də yeni smart tipli sayğac quraşdırılsın. Onlar tərəfindən ona bildirilmişdir ki, smart tipli sayğac yox yalnız mexaniki tipli sayğacla əvəz oluna bilər, lakin sonradan 26.05.2021 ci ildə kütləvi olaraq sayğac dəyişikliyi zamanı onun iştirakı olmadan G-4 markalı, ******* saylı “mexaniki” tipli sayğac açılmış və yeni G-4 markalı sayğacla **********8 saylı “mexaniki ” tipli sayğacla əvəz olunmuşdur. Sonradan ona zəng edərək bildirmişdirlər ki, sayğaca müdaxilə olunmuş sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Bundan sonra o, onlayn şəkildə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna vəziyyəti izah etdikdən sonra Sumqayıt şəhər “Azəriqaz” İstehsalat Birliyini tərəfindən ona zəng olunaraq dəvət olunmuş, həm sayğaclar üzrə satış departamentinin rəisi, həm də qazın satış şöbəsinin rəisinin qəbulunda olmuş, onlara vəziyyəti izah etmişdir. Vəziyyəti izah etsə də heç bir köməklik göstərilməyib. Halbuki, sayğac üzərində olan plomba müdaxilə olunmamışdır. Həmçinin məlum olmuşdur ki, qaz sərfiyyatı üzrə ona hec bir əsas olmadan 31.08.2021-ci il tarixli, 022614 nömrəli cərimə aktına əsasən 216 AZN və Dövlət yoxlanılmasman gələn rəyə görə guya kənar şəxlər tərəfindən sayğaca müdaxilə olunmuş və bunun üçün də quraşdırılmış yeni sayğac üçün ondan 64.67 AZN pul tələb olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 9/12 saylı evin, 4 nömrəli mənzili İddiaçı məxsusdur. İş materiallarında olan ******* nömrəli, 31.08.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 9/12 saylı evin, 4 nömrəli mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğaca müdaxilə olunmuş, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan 31.08.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 45-ci məhəllə, 9/12 saylı evin, 4 nömrəli mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01/02MS-11-1115 nömrəli, 09.09.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 9/12 saylı evin, 4 nömrəli mənzilinə müdaxilə edilmiş sayğacın dəyəri olan 64.67 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarına əsasən iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımadığından, qaz sərfiyyatına görə hesablanmış 216 manat borc və sayğacın dəyərinə görə hesablanmış 64.67 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 45-ci məhəllə, 9/12 saylı evin, 4 nömrəli mənzilinə (abunə kodu: **********00040) 31.08.2021-ci il tarixli, ******* nömrəli akta əsasən qeyd edilən 216 manat borc və sayğacın dəyərinə görə hesablanmış 64.67 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar