Məhkəmə qərarları › İş №2(060)-7999/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7999/2021

22.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7999/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq hesablanmış 216 manat, sayğacın dəyəri üçün 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 10.08.2018-ci il tarixdən ******* № çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən qaz sayğacı istifadə müddəti bitdiyi üçün dəyişdirilməsi üçün onun iştirakı olmadan açıb aparılmışdır. 30.08.2021-ci il tarixdə ******* saylı akt tərtib olunmuşdur, həmin aktın əsasında ona məxsus olan mənzilə 216 manat məbləğində cərimə, sayğacın dəyəri 185.73 manat hesablanmışdır. Onun həmin aktdan xəbəri olmayıb. Akt onun iştirakı olmadan tərtib olunub. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasında xəbərsiz olmuşdur. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Qeyd edir ki, onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh “Azəriqaz” İB-nin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Sayğacda olan hər hansı bir texniki nasazlığa görə o, heç bir məsuliyyət və cavabdehlik daşımır. Cavabdeh təşkilatın belə nəticəyə gəlməsi istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, cərimə kimi ondan tələb olunan borc silinməlidir. Həmin mənzildə heç kim yaşamır. Mənzilin qaz sayğacı mənzildən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o, məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq hesablanmış 216 manat, sayğacın dəyəri üçün 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 3 saylı evin 43 saylı mənzilinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı aktda sayğacın baxış zamanı məlum olmuşdur ki, 1202AQ**********9 №-li, G-4 markalı sayğacın çıxış plastmas borusunun deşilməsi halı aşkar olunmuşdur. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə 04.06.2021-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 04.06.2021-ci il tarixli aktla dəyişilmiş qaz sayğacın dəyəri kimi 185,73 manat, akt əsasında 216 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Məhkəmə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi X6 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10.08.2018-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, E.Nağıyev və U.Əhmədovun iştirakı ilə tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, 30.08.2021-ci il tarixli “akt”ın surətindən görünür ki, Əzizov Vidadinin yaşadığı Sumqayıt şəhəri, 1-ci məhəllə, Nərimanov küçəsi, ev 3, mənzil 43-ə aid sayğac 16.08.2021-ci il tarixdə Dövlət Yoxlamasına gətirilmiş G-4 markalı, (AQ**********9) sayğaca baxış keçirimiş, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. İş materiallarında olan 31.08.2021-ci il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3. İş materiallarında olan “Azəriqaz” İB-nin 20 avqust 2021-ci il tarixli MSK 29/1710- 03232-1 saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********30991710X03232 saylı, 11 avqust 2021-ci il tarixli telefonoqramına əsasən 11 avqust 2021-ci il tarixində Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş İtron tipli qaz sayğaclarına 16 avqust 2021-ci il tarixində Metrologiya Departamenti tərəfindən G-4 markalı AQ**********9 nömrəli məişət qaz sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən Vidadi Əzizova ünvanlandığı 10.09.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı AQ**********9 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istsimara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır. İş materiallarında olan Abonentin saldosundan görünür ki, X4 məxsus Abşeron rayonu, Sumqayıt şəhəri, 1-ci məhəllə, Nərimanov küçəsi, ev 3, mənzil 43-ə akta görə 216 manat borc hesablanmışdır. İş materiiallarında olan Aze seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 41A, ev 4B, mənzil 69-da qeydiyyatdadır. “X5"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Bundan əlavə “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən ünvanlanmış 10.09.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı AQ**********9 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istsimara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, sayğacın dəyəri kimi iddiaçının ünvanına hesablanmış 185,73 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X5”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1-ə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1-ə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar