Məhkəmə qərarları › İş №2(060)-800/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-800/2023

20.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-800/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ona məxsus **********00620 saylı abonent koduna təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixində tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 1036,80 manat, sayğacın dəyərinə görə 185,73 manat borcun silinməsi və mediasiya üçün ödənilmiş 51 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, özü fərdi evdə yaşayır, sayğac yaşadığı ünvandan çöldə yerləşir, 2017-ci ildən Yaşıldərədə yerləşən fərdi yaşayış evinə sayğac quraşdırılıb, sayğacın istismar müddəti keçdiyinə görə sayğaclar dəyişdirilmiş, onun sayğacı da 2022-ci ilin iyul ayında dəyişdirilmişdir. Daha sonra ona akt tərtib edilmiş, kartdan borca tutulmaların aparıldığını görmüşdür. Sayğac çıxarılanda plomb üzərində olmuşdur, sayğacdan heç bir problem olmamışdır, evdə 4 nəfər yaşayırlar və kombidən istifadə edirlər. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.V.Əlməmmədova iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən sayğac çıxarılmış və yoxlanılması üçün Dövlət laboratoriyasına göndərilmişdir. Rəyə görə sayğacda müdaxilə aşkar olunmuş, itirilmiş qazın bərpasına görə 1036,80 manat borc hesablanmışdır. Aktda plombun üzərində olmaması yazılmamışdır, rəy mütəxəssislər tərəfindən verilmişdir, ayda 1 dəfə sayğac nəzarətçilər tərəfindən yoxlanılmalıdır, qaz sərfiyyatı az-az gedir, məsələn 5 m3 qaz 1 m3 kimi görünür. Sonda cavabdehin nümayəndəsi F.V.Əlməmmədova iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 14 iyun 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı Smart kart G-4 markalı 1502AZ**********53 saylı qaz sayğacı yeni Zenner G-4 markalı **********983 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 oktyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan üzrə “hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişlərinin kənar təsir nəticəsində kəsilməsi və xx.xx.2017-ci il tarixində Alarm-1 rejiminin aşkar olunması” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin 13 oktyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 13 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 8640 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan «Azəriqaz» İB tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, sonuncuya ünvanında olan G-4 markalı 1502AZ**********53 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişlərinin kənar təsir nəticəsində kəsilməsi və xx.xx.2017-ci il tarixində Alarm-1 rejiminin aşkar olunduğundan sayğacın istismara yarasız kimi qiymətləndirildiyi, müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manatın ödənilməli olması bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış dan görünür ki, «Azəriqaz» İB ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı iştirak edərək 50 manat xərci ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 14 iyun 2022-ci il tarixdə yenisi ilə əvəz edilmiş, əvəzləşdirilmiş sayğaca baxış keçirilmiş və “hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişlərinin kənar təsir nəticəsində kəsilməsi və xx.xx.2017-ci il tarixində Alarm-1 rejiminin aşkar olunması” əsası ilə 13 oktyabr 2022-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur.Nəticədə abonentin **********00620 saylı abonent hesabına 1036,80 manat borc yazılmışdır, hazırda həmin məbləğ və qaz sayğacının dəyərinə görə 185,73 manat iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı itirilmiş qaz sərfiyyatına gör əsassız olaraq hesablanmış, habelə sayğacın dəyərinə görə tələb edilən borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00620 saylı abonent koduna cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 1036,80 manat və sayğacın dəyərinə görə hesablanmış 185,73 manat, cəmi 1222,53 manat borc silinməlidir. Məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, onun iştirak etməməsinin üzürlü halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumuna) münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 32,73 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00620 saylı abonent koduna cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 1036,80 manat və sayğacın dəyərinə görə hesablanmış 185,73 manat, cəmi 1222 (min iki yüz iyirmi iki) manat 53 (əlli üç) qəpik borc silinsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. «Azəriqaz» İstehsalat Birliyindən 32 (otuz iki) manat 73 (yetmiş üç) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar