Məhkəmə qərarları › İş №2(060)-8064/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8064/2021

27.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8064/2021 27.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.07.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış 883,89 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən abunə kodu **********03191 saylı ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. Tərəflərindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyirdi. Həmin ünvan 01.10.2000-ci il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış **********03191 saylı abunə hesabı açılmışdır. 22.07.2021-ci il tarixində cavabdeh təşkilatın işçiləri tərəfindən ona məxsus olan qeyd etdiyi ünvandakı evində quraşdırılmış elektrik hesabat sayğacın sxemdən kənarlaşdırılaraq kənar xətdən istifadə olunması bildirilərək 023567 saylı akt tərtib edilərək həmin akta əsasən ona 883,89 manat əlavə sərfiyyat hesablanmışdır. Ondan qanunsuz olaraq akta əsasən məbləğ tələb olunduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək ona bildiriş təqdim edirlər və sayğac mənzilindən kənarda yerləşdiyindən sayğacın qorunması cavabdehlik təşkilatın üzərinə düşür. Həmçinin abunə haqqında çıxarışda 14.10.2017-ci il tarixdə evə quraşdırılmış yeni elektrik hesabat sayğacı üzrə aylıq sərfiyyatla əvvəlki sayğac üzrə olan sərfiyyatlar arasında heç bir fərq yoxdur. Onun tərəfindən sayğaca müdaxilə olunsa idi yəqinki sərfiyyat arasında kəskin fərq yaranardı. Bu hal bir daha sübut edir ki, həmin elektrik hesabat sayğacına onun tərəfindən heç bir kənar müdaxilə olunmamışdır. Göstərilənləri nəzərə alaraq, 22.07.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış 883,89 manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, 22.07.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğac sxemindən kənar xətdən istifadə olunması, sayğacın çıxış faza və “0” xətdi kəsilərək paylayıcı şəbəkəyə bir başa qoşulması halı aşkar edilmiş və 22.07.2021-ci il tarixli, 023567 saylı akt əsasında 722,54 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilməlidir. Abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, akt əsasında 722,54 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 883,89 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göstərilənləri nəzərə alaraq, İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə 22.07.2021-ci il tarixli, 023567 saylı akta əsasən hesablanmış 883,89 manat borcun silinməsi tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları R.Rəfiyev və R.Qasımov tərəfindən tərtib edilmiş 22 iyul 2021-ci il tarixli NDM seriyalı 023567 №li aktdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mkr, ev 66A, mənzil 12-a aid mənzilə məxsus elektrik hesabat sayğacına baxış zamanı məlum oldu ki, sayğac sxemindən kənar xətdən istifadə olunur. Belə ki, sayğacın çıxış faza və “0” xətti kəsilərək paylayıcı şəbəkəyə birbaşa qoşulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0778675 saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 18.12.2015-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Abunə haqqında saldodan müəyyən edilir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, B:066a, M:12-ə akt əsasında 883 (səkkiz yüz səksən üç) manat 89 (səksən doqquz) qəpik borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). İddiaçı məhkəmə iclasında qardaşı tərəfindən onun mənzilinə məxsus sayğaca müdaxilə edərək kənar xətdən istifadə olunduğunu öz ifadəsində bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yaşadığı mənzildə sayğacdan kənar elektrik xəttindən istifadə olunması həm öz ifadəsi və 22.07.2021-ci il tarixli, NDM № 023567 saylı aktla öz təsdiqini tapır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “22.07.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış 883,89 manat borcun silinməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar