Məhkəmə qərarları › İş №2(060)-812/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-812/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-812/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2898,33 manat (iki min səkkiz yüz doxsan səkkiz manat 33 qəpik) manat, 24 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 22,67 (iyirmi iki manat, 67 qəpik) manat, 24 noyabr 2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə), 0 (sıfır) cəmi, 2921 (iki min doqquz yüz iyirmi bir) manat kredit borcunun və ödənilmiş 49,61 (qırx doqquz manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, İK-İS 262-İ №-li kredit müqaviləsinə əsasən ona illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 4000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Sizə kredit 36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsəsan bu müqavilənin 2.3- cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 2898.33 manat ( iki min səkkiz yüz doxsan səkkiz manat 33 qəpik) manat, 24 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 22.67 (iyirmi iki manat, 67 qəpik ) manat, 24 noyabr 2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 0 (sıfır) cəmi, 2921 (iki min doqquz yüz iyirmi bir) manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddia tələbini müdafiə etdi. Mübahisənin məhkəmədən kənar həllinin mümkün olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, bankdan pulu 2016-cı ildə götürmüşdür. Borcunu hər ay vaxtı-vaxtında ödəmişdir. 2020-ci ildə müharibədən sonra əmək qabiliyyətini itirmişdir. Xəstəxanadan çıxdıqdan sonra sənədlərini banka təqdim etsə də, 6 aydan sonra bankdan ona bildirilmişdir ki, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Əmək qabiliyyətinin olmadığını, buna görə də borcunu ödəyə bilmədiyini qeyd etdi. Bunlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə, 24 faizlə, 4000 manat kredit verilmişdir. - 24.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2898,33 manat əsas, 22,67 manat faiz olmaqla cəmi 2921 manat borcu vardır. - Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (25.10.2020_ sağ saidin orta 1/3-nin dəlib keçən qəlpə yaralanması, mil sümüyünün diafizinin açıq qəlpəli yerdəyişmiş sınığı, median sinirin tam qopması radial sinirin saiddən zədələnməsi, sağ baldırın kor qəlpə yaralanması (metal qəlpə) görə aparılmış sınıq fraqmentlərinin eksternal fiksatorla (27.10.2020) osteosintezi, yaraların birincili (27.10.2020) və ikincili cərrahi işlənməsindən (13.11.2020) sural sinir qrefti ilə median sinirin plastikası əməliyyatlarından sonrakı vəziyyət. Sağ mil sümüyünün orta 1/3nin açıq qəlpəli yerdəyişmiş sınığından sonrakı bitişməkdə olan sınığı cərrahi əməliyyatdan sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ əlin barmaqlarının açıcıbüküçü kontrakturası, sağ dirsək və sağ mil-bilək oynaqlarının çapıq, vətər mənşəli kontrakturası daimi ağrı sindromu ilə. Sağ əlin qısa əzələlərinin atrofiyası.Sağ orta sinirin tam qopması, sağ mil sinirinin zədələnməsi (Sural sinir qreft ilə median sinirin plastikası 27.10.2020), postravmatik neyropatiyası.Sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulması. Sağ baldırın kor qəlpə yaralanması, yumşaq toxumaların yad cismi ( metal qəlpələr). Xroniki ağrı sindromu. Asteno-nevrotik sindromu diaqnozu qoyulmuşdur ikinci dərəcəli əlildir. - 12 noyabr 2021-ci il tarixli 22901 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh travması hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Sülh dövründə müharibəyə yararsız, müharibə dövründə məhdud yararlıdır. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.07.2019-cu il tarixli kredit müqaviləsinin 5-ci bəndindən (qarşısıalınmaz qüvvə(fors-major)) görünür ki, müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, Tərəflər Müqavilənin pozulmasına görə məsuliyyət daşımırlar. qarşısıalınmaz qüvvənin təsirinə Tərəflərin nəzarət edə bilmədiyi, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, iradəsindən və idarə imkanlarından asılı olmayan, qabaqqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibə, kütləvi iğtişaşlar, yanğın, zəlzələ, daşqın, tufan, epidemiya, epizootiya, karantin, dövlət və hökumət orqanlarının qərarları və bu kimi digər hallar aid edilir. Fors-major halının başlandığını bilən, yaxud bilməli olan Tərəf, bu halda dərhal digər tərəfə rəsmi məlumat verməyə borcludur. Məlumat müvafiq dövlət qurumu tərəfindən təsdiqlənməlidir. Fors-major halları baş verdiyi gündən etibarən Müqavilə üzrə icra müddətinin axımı dayandırılır və bu hallar aradan qaldırılandan sonra yenidən davam edilir. Tərəflərin müqavilə öhdəliklərinin icrası müddəti fors-major halının davam etdiyi vaxt müddəti qədər uzadılır. Belə şərait 60 (altmış) gündən artıq müddətdə davam etdikdə. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv etmək və ya hər iki tərəf üçün məqbul olan digər müqavilə bağlamaq hüququna malikdirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin 24 noyabr 2021-ci il tarixinə 2898,33 manat əsas, 22,67 manat faiz olmaqla cəmi 2921 manat borcu yaranmışdır. Cavabdeh bankdan götürdüyü borcu vaxtı-vatında ödəmiş, lakin müharibə zamanı hərbi əməliyyatların gedişində ağır yaralanıb əmək qabiliyyətini itirdiyindən hazırda banka olan borcunu ödəyə bilmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 30.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə gedişatında müəyyən olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ildə müharibədə iştirak etmiş, aldığı xəsarət və travmalar nəticəsində əmək qabiliyyətini itirmişdir. Kredit müqaviləsinin 5-ci bəndindən də göründüyü kimi fors-major halları baş verdiyi gündən etibarən müqavilə üzrə icra müddətinin axımı dayandırılır və bu hallar aradan qaldırılandan sonra yenidən davam edilir. Göründüyü kimi cavabdeh əmək qabiliyyətini ondan asılı olmayan səbəblərdən itirdiyindən kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra edə bilməmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, müqavilə üzrə öhdəliyin icra edilməsi müddətindən cavabdehin döyüş əməliyyatlarında iştirak etdiyi və müalicə olunaraq səhhətinin bərpa edildiyi müddət nəzərə alınmaqla, sonraki müddətdə borcunu ödəməkdən yayınarsa yenidən məhkəməyə müraciət edə bilər. Həmçinin qeyd edilməlidir ki, iddiaçının kredit müqaviləsi üzrə cavabdehə verdiyi bütün məbləği geri tələb edilməsi Mülki Məcəlləni 428.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, qanunvericiliyin tələbləri baxımından borclunun borc öhdəliyini vaxtından əvvəl ödəməsi hüququ var. İddiaçının isə öhdəliyi vaxtından əvvəl tələb etmək hüququ yoxdur. Bu baxımdan hesab olunur ki, tərəflər arasında müqavilə öhdəliyi davam etdiyindən iddiaçının hazırki kredit müqaviləsi üzrə yalnız bugünki günədək ödəniş cədvəlinə uyğun olaraq ödənilməmiş əsas və faiz borcunu tələb etmək hüququ var. Lakin iddiaçı tərəfindən kredit müqaviləsi üzrə verilmiş pul məbləğinin hamısı geri tələb edildiyinə görə kredit borcunun qaytarılması və kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2898,33 manat (iki min səkkiz yüz doxsan səkkiz manat 33 qəpik) manat, 24 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 22,67 (iyirmi iki manat, 67 qəpik) manat, 24 noyabr 2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə), 0 (sıfır) cəmi, 2921 (iki min doqquz yüz iyirmi bir) manat kredit borcunun və ödənilmiş 49,61 (qırx doqquz manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2898,33 manat (iki min səkkiz yüz doxsan səkkiz manat 33 qəpik) manat, 24 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 22,67 (iyirmi iki manat, 67 qəpik) manat. cəmi 2921 (iki min doqquz yüz iyirmi bir) manat kredit borcunun və ödənilmiş 49,61 (qırx doqquz manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar