Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-814/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Cavabdeh” İB-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu **********800120) əsassız olaraq borc kimi yazılmış1350 kubmetr qazın dəyərinin, həmçinin guya plombu əzilmiş sayğaca görə hesablanmış 91,21 AZN borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq iddiaçını və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********800120 olmaqla cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfindən vaxtaşırı haqqı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. 2019-cu ilin sentyabr ayında binada qaz sayğacları smart tipli qaz sayğacları ilə əvəz ediləndə onun qaz sayğacı da cavabdehin Sumqayıt QİS-nin nümayəndələri tərəfindən sökülmüş və yenisilə əvəz olunmuşdur. Köhnə sayğacla bağlı ona heç bir irad bildirilməmişdir. Lakin xx xxxxxx 2019-cu il tarixində Sumqayıt QİS-nin nümayəndələri Eyvazov Elnur, Gülməmmədov Yusif və Zeynalov Vüsal tərəfindın ******* saylı akt tərtib edilmiş, guya köhnə qaz sayğacının plombunun əzildiyi qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli tələbnamədə həmin akta istinad edilməklə guya itirilmiş 1350 kubmetr qazın dəyərinin onun tərəfindən ödənilməli olduğu göstərilmişdir. Bundan əlavə “Sayğacın dövlət yoxlamasının bildirişi haqqında” xx.xx.2020-ci il tarixli sənəddə onun köhnə G-2.5 markalı ******* nömrəli məişət qaz sayğacının qapağına vurulmuş plomb guya əzildiyinə görə metrologiya departamenti tərəfindən yararsız kimi qiymətləndirilmişdir. Həmin tələbnamə və bildiriş qanunsuz və əsassızdır. Qaz sayğacı blokda yerləşir və əgər plomb əzilmiş olsaydı bu diqqəti çəkərdi. Eləcə də kğöhnə sayğac yenisilə əvəzlənəndə bunu görüb aktlaşdırardılar. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək xx xxxxxx 2019-cu il tarixli akt əsasında hesablanmış 135 manat borcun və sayğacın dəyəri kimi ondan tələb edilən 91,21 manat borcun silinməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi. İddiaçı həmçinin bildirdi ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Çünki qaz sayğacı onun evinin daxilində və həyətində deyil, pilləkən meydançası yerləşir. İddiaçı, həmçinin, qeyd etdi ki, sayğac üzrə sərf olunan təbii qazın pulunu vaxtı-vaxtında cavabdehə ödəmişdir. Bu qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddia tamamilə əsassızdır. xx.xx.2019-cu il tarixində sayğaca edilmiş vizual baxış zamanı müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilmişdir. Sayğacin plombu əzilmişdir. Bu səbəblə nümayəndə məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən iddiaçıya məxsus mənzilin qaz sayğacı növbəti dövlət yoxlamasına aparılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plombu əzilib. Aktda dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya 1350 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın **********800120 saylı abonent saldosunda iddiaçıya akt əsasında 135 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında olan qaz sayğacı istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin ünvana müvəqqəti quraşdırılmış sayğacın dəyəri olan 91,21 manat ödənilməzsə mənzilə qaz verilişi dayandırılacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 135 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 91,21 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 135 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına dair tərtib edilmiş akt əsasında hesablanmış 135 (yüz otuz beş) manat və sayğacın dəyərinə görə hesablanmış 91 (doxsan bir) manat 21 (iyirmi bir) qəpik məbləğində borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-814/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-814/2021
18.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver