Məhkəmə qərarları › İş №2(060)-8149/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8149/2021

30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8149/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 14 iyul 2021-ci il tarixli akta əsasən hesablanmış 270,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 iddiaçıya məxsusdur. Cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlama nəticəsində 14 iyul 2021-ci il tarixli akt tərtib olunmuşdur. Həmin aktda sayğacın ştamp möhüründə və hesablayıcı mexanizmində müdaxilə izləri olduğu qeyd edilmişdir. Sayğac evdə deyil binanın blokunda yerləşir. Bu səbəbdən iddiaçı sayğacın qorunması üçün məsuliyyət daşıya bilməz. Cavabdeh tərəfindən hesablanmış borc əsassızdır və silinməlidir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, 14.07.2021-ci il tarixində cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzilin elektrik sayğacına baxış keçirilərkən sayğacının dövlət möhürünün məftilinin qırılması və üst örtükdə əzilmə izləri aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş və iddiaçı aktı imzası ilə təsdiq etmişdir. Bununla bağlı yenidən hesablaşma aparılaraq iddiaçıya əlavə 270,60 manat borc hesablanmışdır. Həmçinin sayğac çıxarılaraq xüsusi komissiya tərəfindən yoxlanmış və sayğacın dövlət möhürünün siminin qırıq olması, üst qapağının üst tərəf kənarında və hesablama mexanizminin çarxları üzərində əzilmə cızılma izlərinin olduğu müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, sayğac yaşayış evindən kənarda yerləşir. Bu səbəbdən sayğacın qorunması üçün o cavabdehlik daşıya bilməz. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1990-cı ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 iddiaçının mülkiyyətindədir. İddiaçının mənzilinə quraşdılrılmış elektrik sayğacının yoxlanılmasının nəticəsində cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 14.07.2021-ci il tarixli, 223455 saylı aktda göstərilmişdir ki, mənzilə quraşdırılmış elektrik sayğacının dövlət möhürünün mməftili qırılmışdır və üst örtükdə əzilmə izləri müşahidə olunur İddiaçıya məxsus mənzilin abunə məlumatında göstərilmişdir ki, iddiaçıya 23.08.2021-ci il tarixində elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 270,60 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (7.9.). İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır (7.10.). Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır (7.11.). İştirak edən şəxslərin izahatlarına əsasən müəyyən edilir ki, iddiaçıya məxsus elektrik sayğacı mənzildə deyil, mənzildən kənarda, binanın pilləkən meydançasında yerləşir. Belə olan halda sayğacın qorunması və işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət cavabdehin üzərinə düşür. Bu səbəbdən sayğacın yararsız hala salınması ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddiaçı onun mənzilinə elektrik akt əsasında hesablanmış 270,60 manat borcun silinməsini xahiş edir. Cavabdeh isə həmin əsaslı olması ilə bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia təmin edilməli və iddiaçıya hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına 14 iyul 2021-ci il tarixli akt əsasında hesablanmış 270 (iki yüz yetmiş) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar