Məhkəmə qərarları › İş №2(060)-817/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-817/2023

21.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-817/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, BTZ ərazisi, 763 ünvanında yerləşən evə xx.xx.2022-ci il tarixli, 030015 saylı akt əsasında hesablanmış 630 manat məbləğində borcun **********02365 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, BTZ ərazisi, 763 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən evin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacına müdaxilə olunması deyilərək, 030015 saylı akt tərtib edilərək həmin akta əsasən 630 manat əlavə sərfiyyat hesablanmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, mənzilə məxsus elektrik sayğacının faiz ardıcıllığı pozularaq sayğac dövriyyədən kənarlaşdırılmışdır. Kənar xəttin en kəsiyi 6 mm2 aliminium naqildən ibarətdir. Naqilin qoyulmuş gücü 7.3 kvt-dır. Bundan əlavə abonentə akt əsasında tərtib edilmiş 646.48 manat məbləğindən abonent 37.12 manat məbləğində ödəniş etmişdir. Abonentin hal-hazırda enerjitəchizatı müəssisəsinə 589.36 manat borcu vardır. Buna görə də iddianın rədd edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizəsi ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, xüsusi biliyi və bacarığı olmayan şəxs tərəfindən faza ardıcıllığının pozulması üçün sayğac daxilində plomblara xətər yetirmədən elektrik kabellərinin yerinin dəyişdirilməsi mümkün deyildir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, EİQ-nın pozulmasına görə akta əsasən 626.48 manat borc mövcuddur. - 030015 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, mənzilə məxsus elektrik sayğacının faza ardıcıllığı pozularaq sayğac dövriyyədən kənarlaşdırılmışdır. Kənar xəttin en kəsiyi 6 mm2 aliminium naqildən ibarətdir. Naqilin qoyulmuş gücü 7.3 kvt-dır. Akt "xxxx" ASC-nin əməkdaşları H.İsmayılzadə və İ.Səfyarov tərəfindən imzalanmışdır. Mövcud qüsur videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, BTZ ərazisi, 763 ünvanında yerləşən fərdi yaşayış evində kənar xətt aşkar olunduğundan 626.48 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X1 Qaydaları”nın 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı elektrik hesabat sayğacının onun yaşadığı evdən uzaqda yerləşdiyindən qanunvericiliyin tələblərinə əsasən elektrik hesabat sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, elektrik sayğacının faza ardıcıllığının pozularaq sayğacın dövriyyədən kənarlaşdırılmasına görə itirilmiş elektrik enerjisinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddiaçının ərizəsində silinməsi xahiş edilən borcun 3.52 manat hissəsi "xxxx" ASC dövründə formalaşmış, eləcə də ondan sonra elektrik enerjisinin sərfiyyatına görə yaranmış və sayğaca görə hesablanmışdır. Odur ki, iddia qismən əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının yaşadığı Sumqayıt şəhəri, BTZ ərazisi, 763 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qeydiyyata alınmış **********02365 saylı abonent koduna hesablanmış 626.48 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, BTZ ərazisi, 763 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qeydiyyata alınmış **********02365 saylı abonent koduna hesablanmış 626.48 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar