Məhkəmə qərarları › İş №2(060)-8179/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8179/2021

03.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8179/2021 03.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıtelektrikşəbəkəsi tərəfindən Sumqayıt şəhəri 30-cu məhəllə, 9/13 saylı evin, 49 nömrəli mənzilinə dair əsassız olaraq artıq hesablanmış 571.05 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 49 nömrəli mənzili onun mülkiyyətindədir. Həmin mənzildə o uşaqları birlikdə qeydiyyatda olmaqla yaşayır. X1yə görə hesablanan aylıq ödənişləri hər ay vaxtı-vaxtında ödəyir. Onun X1yə görə heç bir borcu yoxdur. Lakin Sumqayıt elektrik şəbəkədən ona hər dəfə bildiriş göndərərkən 2000-ci illərin ödənişlərinin (yəni köhnə Barmek borclarının) ödənilməsini də tələb edirlər. O, bununla razılaşmayaraq Sumqayıtelektrikşəbəkədən həmin məbləğin silinməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır və qeyd olunan borc hər dəfə tələb olunur. Faktiki olararaq hətta ondan qeyd olunan mənzildə yaşamadığı dövrlər üçün də elektrik enerjisindən xəyali istifadəyə görə pul istəyirlər. Sumqayıtelektrikşəbəkənin əməkdaşları tez-tez onu əsassız olaraq narahat edir və elektrik enerjisinin kəsilməsi ilə təhdid edirlər. Bu səbəblərdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı "xxxx" ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili 01.10.2000-ci il tarixdə abonent qeydiyyatına alınıb. 05.12.2007-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılmışdır. İddaçının 05.12.2007-ci il tarixdən 05.10.2021 il tarixinə kimi 1263,16. manat dəyərində elektrik enerjisindən isdifadə etdiyi halda həmin tarixlər üçün 698,11 manat ödəniş etmişdir. İddiaçının hal-hazırda enerjitəchizatçı təşkilata 565,05 manat borcu qalmışdır. İddiaçı isə ona məxsus mənzilə 571,05 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona X1yə görə hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı 05.12.2007-ci il tarixindən 05.10.2021-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. İddiaçı 571,05 manat borcun silinməsi tələbinə dair iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmaını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri 30-cu məhəllə, 9/13 saylı evin, 49 nömrəli mənzili 04.01.2003-cü il, 42-1-28 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, **********00625 nömrəli abonentə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 562.16 manat ETAİS-dən gələn borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının mənzilinə hesablanmış əvvəlki dövrlər üzrə 562.16 manat borcun qanuni olub-olmaması məsələsinə gəldikdə isə, məhkəmə iş materiallarına əsasən belə hesab edir ki, iddiaçıya hesablanmış həmin borcun hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Göründüyü kimi, qərarda orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma aparılması zamanı məişət abonentləri istisna olunur. İddiaçı da məişət abonenti olduğu üçün ona elektrik enerjisi hesabatı işlədicilərin gücünə görə orta sərfiyyatla hesablana bilməz. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın tələblərinə əsasən hesab edir ki, abonentin evinə sayğac quraşdırıldıqdan sonra X1yə görə hesablanmış borc qanuni və əsaslıdır və həmin borc abonent tərəfindən cavabdeh təşkilata ödənilməlidir. Belə ki, EEİQ-nin 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərilməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qanunun bu normasına istnad edərək belə nəticəyə gəlir ki, **********00625 nömrəli abonentə üzərinə qəbul etmədiyi xidmətə görə onun haqqını ödəmək öhdəliyi qoyula bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 49 nömrəli mənzilinə (Abunə kodu: **********00625) X1yə görə hesablanmış 562.16 (beş yüz altmış iki manat on altı qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar