Məhkəmə qərarları › İş №2(060)-818/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-818/2023

14.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-818/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 14 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1-yə əsassız olaraq hesablanmış 613,22 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehin nümayəndələri tərəfindən ona məxsus olan mənzildə xidmətlərdən istifadəyə görə xx.xx.2022-ci il tarixə 613,22 manat borcunun olması bildirilmişdir. Bildirir ki, mənzildə xidmətlərə görə xx.xx.2002-ci il tarixdə kod açılmış və 4 nəfər ailə tərkibinə uvğun olaraq normativ qaydada hesabat aparılmışdır. Kod açıldıqdan sonra tərəfindən ona məxsus mənzildə tək yaşamağı barədə sənəd təqdim olunmağına baxmayaraq təqdim etdiyi sənəd cavabdeh tərəfindən nəzərə alınmamış və əsassız olaraq 4 nəfər ailə tərkibinə uyğun oiaraq hesabat aparılmışdır. Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin 4 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 871 saylı, xx.xx.2022-ci il tarixli arayışda və tərtib olunmuş aktda da onun həmin mənzildə tək yaşamağı öz təsdiqini tapmışdır. Hesablanmış borc məbləği ilə razı deyil. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən bu günkü tarixədək “su təchizatı və kanalizasiya xidmətləri”nə görə hesablanmış borc əsassızdır və həmin borcu tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsınin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cu maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzili 1998-ci ildə almış və həmin vaxtdan etibarən mənzildə tək yaşayır. 2020-ci ilin may ayının 11-də yoldaşı rəhmətə gedib. Yoldaşı vəfat etməmişdən öncədən bağ evində yaşamışdır. Sözügedən mənzilin boş qalmaması üçün o, həmin evdə yaşayırdı. Qızları isə 90-cı illərdə ailə quraraq mənzili tərk etmişdir. Yaşadığı mənzilə cavabdeh tərəfindən 4 nəfər üzrə hesablama aparılıb və hazırda guya onun 613 manat borcu var. Halbuki həmin evdə ondan başqa heç kim yaşamamışdır. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının qeyd etdiyi mənzilə xx.xx.2002-ci ildə kod açılmış, 4 nəfər üzrə ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanma aparılmışdır. Sonradan sənəd təqdim olunması ilə əlaqədar 2022-ci ilin oktyabr ayının 1-dən hesablama bir nəfərlik ailə tərkibinə uyğun həyata keçirilir. Nümayəndə qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 871 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında mənzilin sahibi olaraq tək yaşayır. İş materiallarında olan abonentin kartından görünür ki, ünvan 2 ünvanında İddiaçı adına xx.xx.2002-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sudan istifadəyə görə 613.22 manat borc hesablanmış, hesablama 2022-ci ilin oktyabr ayının 1-dək 4 nəfərə görə aparılmışdır. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 16, 2 saylı mənzil İddiaçı adına qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 16, 2 saylı mənzilin sahibi İddiaçıdır və həmin mənzildə İddiaçı tək yaşayır. İş materialında olan AZ-İİ 086166 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixində “Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 371 nömrə ilə qeyd edilmişdir. İşdə olan 4 saylı MKS-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.1961cı ildən ünvan 3 ünvanında qeydiyyatda olmuş, öldüyü günədək (xx.xx.2020-ci il) göstərilən ünvanda yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2003-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 isə xx.xx.2003-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. İşdə olan Cavabdeh ASC tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2-də (abonent kodu:**********020) xx.xx.2002-ci il tarixdə abonent İddiaçı adına kod açılaraq 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Hal-hazırda ünvanda hesabat 1 nəfər ailə tərkibinə uyğun olaraq aparılır. Abonentin illər üzrə hesabat və ödənişi arayışa əlavə edilmiş cədvəldə göstərilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 16, 2 saylı mənzildə sudan istifadəyə görə hesablaşma 4 nəfər ailə tərkibinə görə aparılmışdır. Həmin mənzilə sudan istifadəyə görə borc hesablanmış, iddiaçı 613.22 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləğinin bir hissəsi üzrə (2016 və 2017-ci illər) mülki qanunvericilikdə nəzərdə tutulan tələbetmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 613,22 manat məbləğində borcun 143,45 (62,95+80,5) manat hissəsinə münasibətdə qanunla nəzərdə tutulmuş tələbetmə müddəti ötürüldüyünə görə iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin qalan hissəsinə (469,77 manat) gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında İddiaçı tək yaşamışdır. Lakin cavabeh tərəfindən iddiaçının adına xx.xx.2002-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sudan istifadəyə görə hesablama 4 nəfərə görə aparılmışdır. Belə ki, iş materiallarından görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat aparılmış şəxslərdən iddiaçının övladları X6 xx.xx.2003-cü il tarixdən ünvan 4 ünvanında, X4 isə xx.xx.2003-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadırlar. Bundan başqa mübahisəli ünvanda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat aparılmış şəxslərdən X2 isə xx.xx.2020-cı il tarixdə ölmüşdür. Öldüyü günədək isə ünvan 3 ünvanında yaşamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən İddiaçı su və kanalizasiya xidmətləri üzrə borcun hesablanması zamanı qeyd edilən hallar, yəni adına hesabat aparılan şəxslərdən 3 nəfərinin həmin ünvanda yaşamadığı nəzərə alınmamışdır. Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında 1 nəfərlik hesabat aparılacağı təqdirdə 2018-2022-ci illər üçün sudan istifadəyə görə 211,50 manat ödəniş edilməli olduğu halda, həmin ünvanda 310 manat ödəniş olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 16, 2 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 613,22 (143,45 + 469,77) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 16, 2 saylı mənzilə (abonent kodu: **********020) hesablanmış 613,22 (altı yüz on üç manat iyirmi iki qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar