Məhkəmə qərarları › İş №2(060)-8196/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8196/2021

06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8196/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı 12 ədəd səhmə uyğun dvidentlərin hesablanaraq ona ödənilməsi barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin səhmlərinin güzəştli satışında iştirak edərək əldə etdiyi 12 ədəd səhmə uyğun dvidentlərin hesablanaraq ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək, hazırki mübahisənin kommersiya xarakterli olduğundan işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mübahisə kommersiya məhkəməsinə aid olduğundan iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 19-cu bəndində eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Şərh olunanlara əsasən məhkəmə bu hesab edir ki, hazırkı iddianın predmeti kommersiya hüquqi şəxsi ilə bağlı korporoativ tələblər üzrə mübahisə olduğundan cavabdehin vəsatəti təmin edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 32, 35, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı 12 ədəd səhmə uyğun dvidendlərin hesablanaraq ona ödənilməsi tələbinə dair iddiası üzrə 2(060)-8196/2021 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar