Məhkəmə qərarları › İş №2(060)-8217/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8217/2021

06.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8217/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi və borcun silinməsi tələbinə dair mülki işə 06 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 yataqxana, ev 6, 54 saylı ünvana (abonent kodu **********54) Cavabdeh İstehalat Birliyi tərəfindən yazılmış 1195,07 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, 18 saylı yataqxana, ev 6, 54 saylı otağın sahibidir. ‘'Azərsu” İstehsalat Birliyinin **********540 saylı kodu ilə abonentidir. Onun ünvanında uzun zamandır su sərfıyyatına görə ödənilməli olan borc həmin ünvanda qeydiyyatda olan adamların sayına görə hesablandığından, Cavabdeh İstehsalat Birliyinin işçiləri tərəfındən ünvanında yaşamayan ailə üzvlərinə görə həmin ünvana borc yazılmışdır. Aktda həmin ünvanda yaşamayan ailə üzvlərinin də orada yaşadıqlarını nəzərə alaraq su sərfıyyatı daha yuxarı məbləğlə hesablanıb və onların borcu olduğu göstərilmişdir. Qeyd edir ki, hal-hazırda yataqxanada yuxarıda qeyd etdiyi ünvanda üç nəfər ailə üzvü yaşadığı halda, su sərfıyyatı üzrə olan borc isə beş nəfər ailə üzvünün adına hesablanmışdır. Sonradan ona 1.195,07 manat borc yazılmışdır. Cavabdeh İstehsalat Birliyinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində ziyan çəkir. Hesab edir ki, cavabdehin üzərinə qoyduğu borc əsassızdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, hazırda həmin ünvanda 3 nəfər yaşayır. Qızı 15 ildir ki, onlarla yaşamır, oğlu isə kirayədə qalır. Mənzildə istifadə olunan su sərfiyyatı 3 nəfər üçün hesablandığı halda onu ödəməyə hazırdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 28.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı ünvan 1 yataqxana, ev 6, 54 saylı ünvana (abonent kodu **********54) Cavabdeh İstehalat Birliyi tərəfindən yazılmış 1195,07 qəpik məbləğində borcun silinməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, ünvan 5-də 01.01 2004-cü il tarixdə İddiaçı adına kod açılaraq 5 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. 2016-2021-ci illər üçün 5 nəfərə borc hesablanmışdır. Abonent ailə tərkibində dəyişiklik olduğu halda bunu Cavabdeh ASC-yə bildirməlidir. Nümayəndə göstərilənlərə əsasən iddianın təmin ediməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 17.09.2021-ci il tarixli abonent kartından görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə cəmi 1195,07 manat borcu var. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli 3409 nömrəli arayışdan görünür ki, X1 rayonu, ST Sumqayıt , bina 24, mənzil 2 ünvanında yaşayır. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli 763 nömrəli arayışdan görünür ki, İddiaçı, Paşayev Şakir Baxış oğlu və Paşayev Fariz Şakir oğlu ünvan 2 ünvanında yaşayırlar. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli 579 nömrəli arayışdan görünür ki, X8 oğlu 2013-cü ildən ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərsu ASC tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 5də (abonent kodu:**********540) 01.01 2004-cü il tarixdə İddiaçı adına kod açılaraq 5 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. 2016-cı il tarixdə 3 nəfərə 125 m2=47,70 manat; 2017-ci il tarixdə 3 nəfərə 143 m2=71,50 manat; 2018-ci il tarixdə 3 nəfərə 186 m2;=93,00 manat; 2019-cu il tarixdə 3 nəfərə 179 m2=89,50 manat; 2020-cı il tarixdə 3 nəfərə 186 m2=93,00 manat; 2021-ci il tarixdə 3 nəfərə 132 m2=121 manat, cəmi 515,70 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 5 ünvanında 2016-cı ildən etibarən sudan istifadəyə görə 5 nəfər ailə tərkibi ilə hesablaşma aparılmışdır. Lakin həmin mənzildə 3 nəfər şəxs yaşayır. İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablaşma aparıldığı təqdirdə onun 2016-2021-ci illərə görə cavabdeh təşkilata 515,70 manat məbləğində borcu olmalıdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi iddiaçının cavabdehdən tələb etdiyi borc məbləğinin bir hissəsi üzrə (2016-cı il üçün) mülki qanunvericilikdə nəzərdə tutulan tələbetmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 2016-cı il üçün su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 3 nəfərə görə hesablanmış 515,70 manat məbləğində borcun 47,70 manat hissəsinə münasibətdə qanunla nəzərdə tutulmuş tələbetmə müddəti tətbiq edilməlidir. Beləliklə, hazırda iddiaçının cavabdehə 3 nəfər ailə tərkibi ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 468 (515,70-47,70) manat borcu var və həmin borc iddiaçı tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, ünvan 6 ünvanına hesablanmış 727,07 (1195,07-468) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********540) ünvan 5 ünvanına hesablanmış 727,07 (yeddi yüz iyirmi yeddi manat yeddi qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar