Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8286/2025 18.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı Kərimov Ağcabəyim Baloğlan qızının və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Kərimov Ağcabəyim Baloğlan qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Kərimov Ağcabəyim Baloğlan qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kərimov Ağcabəyim Baloğlan qızı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 2019-cu ilin may ayında alqı-satqı müqaviləsi əsasında almış və adına rəsmiləşdirmiş və həmin tarixdən həmin mülkə (ünvan) sahibkarlıq edir. Daşınmaz əmlakını istilik ilə təmin olunmasını Cavabdeh ASC tərəfindən həyata keçirilmiş və həmin xidmətin qarşılığını (dəyərin) artıqlaması ilə ödəmişdir. Yəni, 2019-cu ildən - 2025-ci ilədək 312 (üç yüz on iki) manat ödəmişdir. Ödənilmiş məbləğin 254,66 manatı illər üzrə xidmət haqqı, 58 (əlli səkkiz) manatı isə artıq ödəməsi mövcudur. 29 avqust 2025-ci il tarixində yaşadığı ünvana Cavabdeh ASC-nin N«3- 12/2-XB-na 2025- li xəbərdarlıq məktubu daxil olmuşdur. Həmin xəbərdarlıqda bildirilir ki, iddiaçının "xxxx" ASC-yə 157,57 (yüz əlli yeddi manat, əlli yeddi qəpik) manat borcu varmış, araşdırma zamanı məlum oldu ki, yaranmış borc 2019-cu ilədək olan mənzil sahibinin 225 (iki yüz iyirmi beş) manat borcu aşkarlanmışdır. 22 oktyabr 2025-ci il tarixində AzərPoçt vasitəsi ilə № 046670829AZ müraciət etmiş və “Azəristiliktəchizaf’ASCnin N°3-12/2-XB-na 2025- li bildirişində qeyd edilənləri ətraflı araşdırıb ona aid olmayan borcun silinməsini xahiş edir. 20 noyabr 2025-ci il tarixli CavabdehASC-nin №13-12\2-K- 482-5-1204\28 saylı cavabında bildirir ki, 2019-cu ilədək olan mənzildə yaranmış borcun məsuliyyətini onlar daşıyır. Cavabdeh ASC-nin 20 noyabr 2025-ci il tarixli, №13-12\2-K- 482-5- 1204\28 saylı məktubu 24 noyabr 2024-ci il tarixində aldıqları üçün həmin məktubdan (qərardan) şikayət vermək üçün qeyd edilən halları nəzərə alaraq CavabdehASC-nin 20 noyabr 2025-ci il tarixli №13-12\2-K-482-5-1204\28 saylı məktubda əks olunan ifadələrdən məlum olur ki, cavabdeh faktı ətraflı araşdırmadan formal olaraq vətəndaşa cavab ünvanlamışdır. İddiaçı 2019-cu ilin qış mövsümü başlayan kimi Cavabdeh ASC-nin Sumqayıt filialına müraciət etmiş və mənzilin ona aid olmasını bildirmiş və sistemdə düzəliş etdirmişdir. Cavabdeh ASC-nin iddiaçıdan tələb etdiyi borc (2019-cu ilədək olan mənzil sahibinin 225 (iki yüz iyirmi beş) manat əsassız və tələb etmə müddətini də keçdiyi üçün silinməlidir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-nin bazasında iddiaçının adına və ünvanına hesablanmış 225 (iki yüz iyirmi beş) manat borcun alt sistemindən silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı Kərimov Ağcabəyim Baloğlan qızı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Cavabdeh ASC, Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-cı il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin təmin etməkdən ibarətdir. Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı yaşayış binası Sumqayıt İstilik Sistemləri İstismar Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının 17 saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq, xx.xx.2025-ci il tarixinə kommunal xidmətə görə 170,96 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. İddiaçı özü etiraf etdiyi kimi qeyd olunan mənzili 2019-cu ilin may ayında keçmiş mülkiyyətçi ilə arasında daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanaraq almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən “Alıcı”nın sahibliyinə verilənədək mənzilə dair əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “Satıcı”nın üzərinə düşür. Eyni zamanda da müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilərək notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilənin şərtlərinə görə iddiaçının daşınmaz əmlakı əldə etmədən öncə mənzilin kommunal borclarının olub-olmaması barədə “Satıcı”dan tələb etmək hüququ olmuş, lakin İddiaçı tərəfindən hüquqlarına laqeyd münasibət bəslənərək kommunal xidmətlərə görə borcun olub-olmamasına dair hər hansı bir arayış tələb olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mənzilin mülkiyyətçisinin dəyişməsi zamanı alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin əvvəlki sahibindən kommunal xidmətlərə görə yaranmış borclarla bağlı münasibətlərə aydınlıq gətirilməli idi. Lakin tərəflərindən bununla bağlı heç bir zəruri tədbir görülməmiş və əvvəlki sakinlə aralarında alqı-satqı müqaviləsi bağlanan zaman "xxxx" ASC-yə bu barədə müvafiq məlumat verilmədiyi üçün mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə ödənilməmiş borc qalmışdır. xx.xx.2025-ci il tarixə mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə 157,57 manat məbləğində borcu vardır.
7. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ünvan 2 ünvanı üzrə abonent İddiaçı istilik borcu 157,57 manat təşkil edir.
8. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatlı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 2/117 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 2/117 xx.xx.2019-cu il tarixdə İddiaçı alqı-satqı müqaviləsi əsasında satılmışdır. Mənzil əvvəlki sahibin mülkiyyətində olduğu dövrdə Cavabdeh ASC tərəfindən mənzilin istilik təchizatına görə borc hesablanmışdır. Hazırda iddiaçı 225 manat məbləğində hesablanmış borcun silinməsini tələb edir, cavabdeh iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq:
10. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
12. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. İstilik təchizatı sektorunda fəaliyyət 9.1. İstilik təchizatı sektorunda aşağıdakı fəaliyyət növləri vardır: 9.1.1. istilik enerjisinin istehsalı; 9.1.2. istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi); 9.1.3. istilik enerjisinin satışı. 9.2. İstilik təchizatı subyektlərinin bu Qanunun 9.1-ci maddəsində göstərilən bir və ya bir neçə fəaliyyətlə məşğul olmasına hər hansı məhdudiyyət tətbiq edilmir.
Maddə 10. İstilik enerjisi istehsalçısının vəzifələri və hüquqları 10.1. İstehsalçının aşağıdakı vəzifələri vardır: 10.1.1. istilik enerjisi istehsalını “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun həyata keçirmək; 10.1.2. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək; 10.1.3. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulan qaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək; 10.1.4. balansında olan istilik qurğularının etibarlı və fasiləsiz işini təmin etmək; 10.1.5. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək.
10.2. İstehsalçı aşağıdakı hüquqlara malikdir: 10.2.1. istehsal etdiyi istilik enerjisini müqavilə əsasında satmaq; 10.2.2. istilik istehlakı qurğularının, şəbəkələrin və istehlakçıların fəaliyyətində istilik təchizatının texnoloji proseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuya yol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb etmək. 10.3. İstehsalçının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.
Maddə 12. İstilik enerjisi satıcısının vəzifələri və hüquqları 12.1. Satıcının vəzifələri aşağıdakılardır: 12.1.1. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək; 12.1.2. alqı-satqı müqaviləsinin şərtlərini rəsmi internet saytında dərc etmək; 12.1.3. istehlakçılara hüquq və vəzifələrini izah etmək; 12.1.4. bu Qanunun 13.4-cü maddəsinə uyğun olaraq paylayıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək; 12.1.5. istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq satdığı istilik enerjisini tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək; 12.1.6. xidmət göstərdiyi istehlakçının tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq paylayıcı ilə müvafiq müqavilə bağlamaq. 12.2. Satıcının hüquqları aşağıdakılardır: 12.2.1. paylayıcıdan bu sahədə xidmətlərinin göstərilməsini tələb etmək; 12.2.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan şəbəkə vasitəsilə sayğacın göstəricilərinə uyğun olaraq qəbul edilmiş istilik enerjisinin dəyərinin ödənilməsini tələb etmək; 12.2.3. istehlakçının paylayıcı tərəfindən istilik enerjisi ilə təmin edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək. 12.3. Satıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.
Maddə 13. İstilik enerjisinin istehlakı 13.1. İstehlakçının vəzifələri aşağıdakılardır: 13.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən istilik qurğularının quraşdırılması qaydalarına, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və istilik qurğularının texniki istismar qaydalarına, habelə bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 13.1.2. istilik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əməl etmək; 13.1.3. paylayıcının səlahiyyətli nümayəndələrinin bu Qanunun 11.1.10-cu maddəsinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qanunun 11.1.9-cu maddəsinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış sayğaca baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək; 13.1.4. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək.
13.2. İstilik enerjisi istehlakçısının hüquqları aşağıdakılardır: 13.2.1. bu Qanunun tələblərinə uyğun olaraq tikinti obyektlərinin şəbəkəyə qoşulmasını tələb etmək; 13.2.2. istilik enerjisinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz istilik enerjisi ilə təmin olunmaq; 13.2.3. istilik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın satıcı tərəfindən ödənilməsini tələb etmək.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarı 1.2.2. abonent – enerji təchizatı müəssisəsinin şəbəkəsinə qoşulmuş, istilik və isti su təchizatı xidmətlərinə dair müqaviləni (bundan sonra – müqavilə) enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; 1.4. İstilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi (bundan sonra – Müəssisə) ilə istehlakçı arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilir. 1.5. Müqavilələr bu Qaydalara əsasən verilən texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra əhali qrupuna aid istehlakçılarla bu Qaydaların 1 nömrəli əlavəsi, qeyriəhali qrupuna aid istehlakçılarla isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılır.
3. İstilik və isti su sayğaclarının quraşdırılması və istismarı 3.1. Müəssisə və istehlakçı arasında istilik və isti su təchizatı xidmətlərinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində, bu mümkün olmadığı hallarda isə istilik mənbəyində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş müvafiq sayğac quraşdırılmalıdır. 3.2. Əhali qrupuna aid olan istehlakçılara göstərilən istilik təchizatı xidmətlərinin uçotu bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırılmış sayğac vasitəsilə, isti su təchizatı xidmətlərinin uçotu isə mənzillərin və ya yaşayış evlərinin girişində və ya onların daxilində quraşdırılmış sayğac vasitəsilə aparılır.
14. Məhkəmənin mövqeyi:
15. Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir.
16. Göründüyü kimi ünvan 2/117 iddiaçı Kərimov Ağcabəyim Baloğlan qızına satılmışdır. Sözügedən mənzil xx.xx.2019-cu il tarixdə sonuncunun adına rəsmiləşdirilmişdir.
17. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək tələbinin əsası kimi borcun mənzilin əvvəlki sahibinə aid olmasını və mənzilin artıq onun mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə hesab edir ki, mülkiyyətçinin dəyişilməsi istilik təchizatına görə yaranmış borcun silinməsinə əsas ola bilməz.
18. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı Kərimov Ağcabəyim Baloğlan qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbi»nə dair iddiası rədd edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Kərimov Ağcabəyim Baloğlan qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbi»nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva