Məhkəmə qərarları › İş №2(060)-8287/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8287/2021

16.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8287/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 aprel 1993-cü ildə vəfat etmiş atası X10 oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi evə dair mirasın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 iddiaçının atasıdır. Bunu 05 iyun 1901-ci ildə iddiaçının adına verilmiş, XVİ-ЖГ № 286434 saylı “Doğum haqqında şəhadətnamə” və 31.10.2006- cı ildə Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE Seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Atası 10 aprel 1993-cü ildə “Ürək damar çatışmazlığı” xəstəliyindən dünyasını dəyişmişdir. Bunu 30.06.1993-cü ildə Sumqayıt şəhər VVAQ Şöbəsi tərəfindən- verilmiş П-ЖГ№ 431016 №-li “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. Atasının vəfatı tarixində mülkiyyətində Xaçmaz rayonu, Müqtədiq qəsəbəsi, Nərimanov küçəsi ünvanında yerləşən fərdi ev vardır. Bu barədə mərhumun adına Xaçmaz rayon Tİ və MHQ idarəsi tərəfindən texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Həmin fərdi evi atasının vəfatından sonra iddiaçı onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığını üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur (23.09.2021-ci il tarixli, 2643 saylı məktub). Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: -ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 10 aprel 1993-cü il tarixdə ürək damar çatmazlığı səbəbindən ölmüşdür - ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X1 09 fevral 2010-cu il tarixdə hipertoniya xəstəliyindən ölmüşdür. - doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1956-cı il təvəllüdlü X3 atası X8, anası Zalova Tamam Həmidulla qızıdır. - Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən iddiaçıya ünvanlanmış 23 sentyabr 2021-ci il tarixli, 2643 saylı məktubdan görünür ki, İddiaçı mirasın qəbulu müddətinin bərpası ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən İddiaçı ünvanlanmış **********118 saylı, 21 aprel 2021-ci il tarixli məktubdan görünür ki, arxiv sənədlərində mərhum X4 adına yalnız Xaçmaz rayonu, Müqtədiq qəsəbəsi, Nərimanov küçəsində fərdi yaşayış evi aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mərhum atası X2 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçının hüquqi savadı olmadığından, eyni zamanda atasının ölümü ilə bağlı dəfn və yas mərasimlərinə başları qarışmış və mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı mərhum X4 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı mərhum X4 qanun üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 10 aprel 1993-cü ildə vəfat etmiş X10 oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi evin-miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 10 aprel 1993-cü ildə ölmüş X10 oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi evə dair miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar