Məhkəmə qərarları › İş №2(060)-8373/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8373/2021

02.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8373/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əsassız əldə edilmiş pulun vərəsələrindən tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində borcun və 3000 manat məbləğində maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, 2018-ci ildə Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsində mənzil almaq qərarına gəlmiş və həmin vaxt Hüseynov İlham Atış oğlu ona özünü makler kimi qələmə verərək bu işdə köməklik göstərəcəyini demişdir. O, həmin vaxt mənə Z.Tağıyev qəsəbəsində 1 saylı yataqxananın 9 saylı otağının 13000 manata satıldığını deməklə onu həmin yataqxananın sahibi mərhum X7 ilə tanış etmiş və həmin vaxt mərhum və onun həyat yoldaşı Şəfiqə ona bildirmişlər ki, razılaşdırılmış pulu onlara versin və onlar da yaxın müddətdə yataqxananı sənədləşdirməklə onun adınaa alqı- satqı edəcəklər. O, da bu şəxslərə inanaraq 13000 manat pul vermiş və sonradan isə ona məlum olmuşdur ki, bu pulun 3000 manatını həmin makler İlham özünə götürmüş və 10000 manatı ilə yataqxana sahibi kimi özünü mənə təqdim etmiş M.Şiriyevə vermişdir. Lakin bu şəxslər vəd verdikləri vaxtda yataqxananı onun adına rəsmiləşdirməmiş və o, bundan sonra aldadıldığını başa düşərək məhkəmədə maklerə-Hüseynov İlham Atış oğluna qarşı iddia qaldırmaqla yataqxanaya görə vermiş olduğu pulları ondan tələb etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(060)-1492/2020 saylı qətnaməsi ilə onun cavabdeh Hüseynov İlham Atış oğluna qarşı pul və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilməklə cavabdehdən 3400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 3430 manat məbləğində pulun tutulması qət edilmiş və iddia tələbi qalan hissədə rədd edilmişdir. O, həmin qətnamə ilə razı olmadığı üçün ondan o, və qarşı tərəf apellyasiya şikayəti vermiş və AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 10.02.2021-ci il tarixli 2(105)- 212/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qarşı tərəf İ.Hüseynovun apellyasiya şikayəti qismən təmin edilməklə məhkəmə qətnaməsi «cavabdeh Hüseynov İlham Atış oğlundan 3400 manat məbləğində pul alınıb İddiaçı verilsin» hissəsində ləğv edilmiş və iddia qismən təmin edilməklə cavabdeh Hüseynov İlham Atış oğlundan 2500 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. O, bu qətnamədən kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin olunmamışdır və ona izah edilmişdir ki, o, yataqxanaya görə ödənilmiş pulu yataqxana sahibi kimi özünü ona təqdim etmiş Ağdam rayonundan məcburi köçkün Şiriyev Məmişə verildiyi üçün həmin pulu da ondan tələb etməlidir. Hazırda isə ona məlum olmuşdur ki. Şiriyev Məmiş dünyasını dəyişmişdir. Lakin o, ondan aldığı həmin pul isə Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsində özünə 2 mərtələbəli fərdi yaşayış evi tikmiş və hazırda onun həyat yoldaşı və uşaqları qeyd edilən evdə yaşayırlar. Belə hesab edir ki, Şiriyev Məmiş artıq həyatda olmadığı üçün onun ondan aldığı həmin vəsait onun qanun üzrə 1-ci növbə vərəsələrindən tutulmalıdır. Onu da qeyd edir ki, M.Şiriyevin həyat yoldaşı Şəfiqə onunla söhbət əsnasında pulu qaytaracağını bildirsə də həmin pulu ona qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində borcun və 3000 manat məbləğində maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 2001-ci ildə Məmiş Şiriyevlə ailə həyatı qurmuşdur. 2004-cü ildə sözügedən yataqxananı almışlar və həmin yataqxanada yaşamışlar. Sonradan Məmiş səhhətinda yaranmış problemlərə görə müalicə almaq üçün yataqxananı satmaq qərarına gəlmişdir. Məmişin yataqxananı hansı qiymətə satmasından məlumatı olmamışdır. Lakin makler tərəfindən Məmişə 9500 manat pul verildiyini bilir. Hazırda iddiaçının iddia tələbini əsassız hesab edir və göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçını ümumiyyətlə tanımır. Belə ki, atası ikinci dəfə ailə həyatı qurduqdan sonra 2004-cü ildən onunla yaşamamışdır. Yataqxananın satılması barədə sonradan məlumatı olub. Onun yanında iddiaçı yataqxananın alınması üçün atasına pul verməmişdir. Bundan əlavə, iddiaçının, atası öləndən sonra iddia qaldırmasını əsassız hesab edir və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhəri X1 20.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 300 kv.metr torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. Həmin ünvanda mərhum X3 həyat yoldaşı Cavabdeh1 və mərhumun qızı Cavabdeh2 yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının №2(102)-3262\2021 saylı, 20.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 3400 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3430 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-212/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İ.A.Hüseynovun verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(060)-1492\2020 saylı qətnaməsi qismən-“cavabdeh Hüseynov İlham Atış oğlundan 3400 (üç min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin” hissəsində ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Hüseynov İlham Atış oğlundan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5,29 (beş manat iyirmi doqquz qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi və həmin məbləğin 24,71 (iyirmi dörd manat yetmiş bir) qəpik manat hissəsinin cavabdeh Hüseynov İlham Atış oğlundan alınıb, İddiaçı verilməsi, İddiaçı verdiyi apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməmiş, cavabdeh Hüseynov İlham Atış oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-212\2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan 09.02.2021-ci il tarixli əlyazmanın surətindən görünür ki, Hüseynov İlham Atış oğlu İddiaçı 500 manat pul vermiş, qalanın da mart ayının əvvəli verdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan əlyazmanın surətindən görünür ki, İddiaçı 14 sentyabr 2018ci il tarixdə Hüseynov İlham Atış oğlundan aldığı iki otaqlı yataqxanaya görə İlhama 13400 manat pul vermişdir. O, Məmiş deyən şəxsi görməmiş və tanımamışdır. O, pulu Hüseynov İlham Atış oğluna oturduğu ofisində verdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan əlyazmanın surətindən görünür ki, Şiriyev Məmiş 2018-ci il sentyabr ayının 14-də Hüseynov İlham Atış oğlunun yanına getmiş və iki otaqlı yataqxananı satmasını xahiş etmişdir. O, da müştəri İddiaçı taparaq yataqxananı 13400 manata sataraq Hüseynov İlham Atış oğlu o puldan evinə gələrək 10000 manat ona verdiyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Baçısının Zeynalabdin qəsəbəsində nümayəndəsinin 20.09.2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatdadır. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı, hazırda vərəsə kimi cavabdehləri əsas götürərək onlardan pul tələb etsə də, lakin onların vərəsə olması barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 04.06.2018- ci il tarixli Qərarında göstərilir ki, bəzən borclunun ölümü və miras əmlakın vərəsələr tərəfindən qəbulu borcun başqa şəxsə keçirilməsi kimi qiymətləndirilir və zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq vermədikdə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borcun başqa şəxsə keçirilməsi əsası ilə zaminlik müqaviləsinə xitam verilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151 -ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh2 azyaşlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində borcun və 3000 manat məbləğində maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi” iddia tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar