Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8391/2021 17.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyət hüququ əsasında miras qoyan X6 məxsus olmuş Sumqayıt şəhəri, 3-cü mik, ev 56/1, mənzil 12-də yerləşən ümumi sahəsi 31,47 kv. m olan miras əmlakın qanun üzrə 1-ci dərəcəli varis İddiaçı tərəfindən qəbul edilməsi üzrə müəyyənləşdirilmiş müddətin üzürlü səbəbdən gecikdirilmiş hesab edilməsi barədə və vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 3-cü mik, ev 56/1, mənzil 12-də yerləşən ümumi sahəsi 31.47 kv. m olan mənzil 14 № ilə reyestr kitabında qeydə alınmış Qeydiyyat Vəsiqəsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi 14C/908 №-li 14.09.2021-ci il tarixli arayışa əsasən şəxsi mülkiyyət hüququ əsasında mərhum X1na məxsus olmuşdur. Miras qoyan X8 02.06.2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. O, X9 24.08.1968-ci ildə Lənkəran şəhərində anadan olmuş, miras qoyan şəxs X3 qızıdır. Onun nikaha daxil olanadək qız soyadı, adı, ata adı X9 olmuşdur. 14.10.1993-cü ildə X10 ilə nikaha daxil olduqdan sonra soyadını dəyişərək "Rəcəbova” soyadı daşıyır. X1 və atası X11 1967-ci ildə nikaha daxil olmuşlar, nikaha daxil olarkən anası Məmmədova soyadını saxlamışdır. Nikah 1985-ci ildə pozulmuşdur. Onun doğum şəhadətnaməsində anasının soyadı, ata adı, adı X8, atasının soyadı, ata adı, adı X11 yazılmışdır. Onun X1nın 02.06.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 56/1, mənzil 12-də yerləşən xüsusi mülkiyyət hüququ əsasında mərhum anasına məxsus olmuş miras əmlakın varis kimi qəbul etməyinə dair ərizəsi cavabdeh Sumqayıt Regional "Asan Xidmət" Mərkəzi Notariat Ofisinin 16 sentyabr 2021-ci il tarixli 2571 saylı cavabı ilə rədd edilmiş, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh Sumqayıt Regional "Asan Xidmət" Mərkəzi Notariat ofisinin 16 sentyabr 2021-ci il tarixli 2571 saylı cavabı ilə razı deyil, hesab edir ki, o, miras qoyan şəxsin yeganə və qanun üzrə 1-ci dərəcə varisi olmaqla, miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə müraciət etməsə də, o, anasının ölümündən sonra miras əmlakı faktiki qəbul etdiyinə görə mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddət hesab edilməlidir. Miras qoyan mərhum anasının dəfnində iştirak etmiş, onu Sumqayıt qəbirstanlığında dəfn etmiş, dəfn xərclərini o, çəkmiş, anasının ölümündən sonra qaz, işıq, su və kommunal xidmət haqqlarını o, ödəmişdir. Anası rəhmətə gedən zaman pandemiya olduğuna görə o, notariat ofisinə müraciət edə bilməmiş, o, dəfndən qısa müddət sonra Rusiya Federasiyasına qayıtmışdır. Hesab edir ki, o, anasından miras qalmış evi və digər əşyaları faktiki qəbul etdiyinə görə-mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasını pandemiya ilə əlaqədar vərəsəliyin qəbul edilməsinə görə notariat ofisinə ərizə ilə müraciət etməməyini nəzərə alıb məhkəmə üzürlü hesab etməlidir və həmin miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini cavabdehə həvalə etməlidir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək miras qoyan X6 məxsus miras əmlakın ünvanında dəqiqləşmə etdiyini, qeyd olunan mənzil 12 ünvanının mənzil 7 kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan : Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin 2571 nömrəli 16 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.10.2021-ci il tarixli, №1409 saylı arayışdan görünür ki, X11 ilə X8 arasında nikahın pozulması 19 avqust 1982-ci il tarixdə, 36№-li aktla qeyd edilmişdir. AZ-İİ seriyalı 171352 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, X8 02.06.2020-ci il tarixdə ölmüşdür. AZ seriyalı ******* saylı «Doğum haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, X9 24.08.1968-ci il tarixdə anadan olmuş, atası X11, X1dır. 16.09.2021-ci il tarixli “X4” AQİS-dən çıxarışdan görünür ki, X9 ilə X10 arasında 14 oktyabr 1993-ci il tarixdə 45 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Rəcəbova soyadı verilmişdir. Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 1/56 saylı evin 07 saylı mənzili tam mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3759 saylı qeydiyyat nömrəsi ilə 21.08.1992-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 18 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli, 557 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin 2021-ci ilin sonuna qədər xidmət haqqı borcu ödənilmişdir. Mənzilin borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin müəyyən edilmiş hallarından göründüyü kimi miras qoyan X8 öldükdən sonra onun vərəsəsi İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum X2 miras qalmış əmlakın (Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən ümumi sahəsi 31,47 kv.m. olan 1/56 nömrəli evin 7 saylı mənzili) İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalı və miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 miras qalmış əmlak - Sumqayıt şəhəri, 3-cü mikrorayon, 1/56 saylı evin 7 saylı mənzilinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın və miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8391/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8391/2021
17.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver