Məhkəmə qərarları › İş №2(060)-841/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-841/2021

08.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-841/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanını maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, 11.01.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun qardaşıdır, 11.01.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Qardaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında şizofreniya paranoid forma, dərin psixi qüsur halı diaqnozu ilə qeydiyyatdadır. Qeyd edir ki, qardaşı 21.01.1982-ci il tarixdən bu günə kimi psixiatriya xəstəxanasında stasionar müalicədədir. Belə ki, 30.07.2020-ci il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunub və hal-hazırda müalicəsi davam edir. Bu barədə həmin Xəstəxananın 10.09.2020-ci il tarixli 6006 saylı arayışında da qeyd edilmişdir. Qardaşı uzun müddətdir ki, onun nəzarətindədir, illərdir qardaşının xəstəxanaya gedib-gəlməsini, geyim, qidasını bir bacı kimi özü təmin edir. Qardaşı daim onun nəzarətində olmuşdur. Müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı qardaşının imzası gərəkir. Qardaşı isə bunu edə bilmir. Bu səbəbdən, qərara gəlmişdir ki, qardaşı X2 fəaliyyət qabiliyyətsiz olması barədə sənədləri rəsmiləşdirsin. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi X6 məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi 11.01.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 bacısıdır. Sumqayıt Şəhər Məhkəməsinin 17.11.2020-ci il tarixli 2(060)-6258/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 20.02.2021-ci il tarixli 393 saylı ekspert rəyindən görünür ki, 11.01.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X1 mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Həmin şəxsin sağlamlıq durumu ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi həm müvafiq rəy, həmçinin Respublika Psixiatriya Xəstəxanasının 21.08.2020-ci il tarixli 5175 saylı və 10.09.2020-ci il tarixli 6006 saylı məktublarının məzmunundan da aydın görünür. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.01.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar