Məhkəmə qərarları › İş №2(060)-851/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-851/2023

27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-851/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. Sumqayıt QİS-nin rəis müavini Fərhad Vəzirovun xəbərdarlıq bildirişində qeyd olunmuşdur ki, hörmətli abonent, Sumqayıt QİS-i, sizin ünvanda olan G-4 markalı 05026594 nömrəli məişət qaz sayğacı Dövlət yoxlanmasına göndərilmiş və Metrologiya Departmentinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğacın barabanının üzərində yad əşya( dəmir parçası) olduğundan və qapaq alt hissədən deşilərək daxilə keçdiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona məxsus **********02920 saylı abonent koduna xx.xx.2019-cu il tarixli, ******* №-li akta əsasən hesablanmış 464 manat borc və sayğac dəyərinə görə hesablanmış 64.67 manat borcun silinməsi və mediasiya üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, üzrlü səbəbdən məhkəmənin iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2019cu il tarixli aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə dövlət yoxlamasına gətirilmiş metrologiya departamenti sayğacların müayinə laboratoriyasının rəyinə görə G- 4 markalı 05026594 nömrəli sayğaca baxış keçirilmiş, çıxarılmış sayğacın barabanının üzərində yad əşya( dəmir parçası) olduğundan və qapaq alt hissədən deşilərək daxilə keçdiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4644 kubmetr qaz itkisi hesablanmışdır. «Azəriqaz» İB-nin Sumqayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, abonentə Sumqayıt QİS-i bildirmişdir ki, Sumqayıt QİS-i, ünvanda olan G-4 markalı 05026594 nömrəli məişət qaz sayğacı Dövlət yoxlanmasına göndərilmiş və Metrologiya Departmentinin verdiyi rəyə əsasən çıxarılmış sayğacın barabanının üzərində yad əşya( dəmir parçası) olduğundan və qapaq alt hissədən deşilərək daxilə keçdiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64.67 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməli olduğu və ödəniş qəbzinin surətinin isə Sumqayıt QİS-nə təqdim edilməli olduğu bildirilmişdir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X1 müraciət olunması qeyd olunmuşdur. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində, 11:40-12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğaca baxış zamanı sayğacın barabanının üzərində yad əşya( dəmir parçası) olduğundan və qapaq alt hissədən deşilərək daxilə keçdiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 464 manat məbləğində hesablanmış borc və 64.67 manat sayğacın dəyəri tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin: 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 464 manat borc və sayğac dəyərinə görə hesablanmış 64.67 manat məbləğində pulun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2019-cu il tarixli, ******* №-li akta əsasən hesablanmış 464 manat borc və sayğac dəyərinə görə hesablanmış 64.67 manat borc abonentin hesabından (abonent kodu **********02920) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2019-cu il tarixli, ******* №-li akta əsasən hesablanmış 464(dörd yüz altmış dörd) manat borc və sayğac dəyərinə görə hesablanmış 64.67(altmış dörd manat altmış yeddi qəpik) manat borc abonentin hesabından (abonent kodu **********02920) silinsin. Mediasiya orqanına müraciət etmək üçün ödənilmiş 50 manat rüsum cavabdehdən tutularaq iddiaçıya verilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar