Məhkəmə qərarları › İş №2(060)-8537/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8537/2021

29.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8537/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrail qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı qeyri-qanuni hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 29 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanına Cavabdeh ASC tərəfindən yazılmış 152 manat 85 qəpik borcun borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ilin dekabr ayına kimi Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, 128 saylı mənzilin sahibi X2 oğlu olmuşdur. Həm də o, **********280 saylı kodu ilə Cavabdeh ASC-nin abunəçisi olmuşdur. Oğlu 2014cü ildə dünyasını dəyişmişdir. Mənzil vərəsəlik qaydasında onun adına keçmişdir. Hazırda o, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, 128 saylı mənzilin sahibidir. 2014-cü ilin dekabr ayından indiyə kimi həmin mənzildə heç kim yaşamamışdır. Lakin Cavabdeh ASCnin işçiləri 2015-ci ilin iyul ayından başlayaraq vəfat etmiş oğlu Cəmaləddin Surətovun adına 152 manat 85 qəpik borc yazılmışdır. O, mövcud vəziyyəti dəfələrlə cavabdehə bildirsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Cavabdeh ASC-yə qarşı 152,85 manat məbləğində borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, iddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Qeyd olunan ünvanda 31.03.2019-cu il tarixdə sayğac yenisi ilə əvəz edilmiş, bu zaman köhnə sayğacın üzərindəki 152,59 manat göstərici iddiaçıya borc kimi yazılmışdır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri - AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözügedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Nümayəndə göstərilənlərə əsasən iddianın təmin ediməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 67 saylı evin 128 saylı mənzilin ¼ hissədə (yeni qaydalarla AZ 5009, Sumqayıt şəhəri, Niyazi küçəsi, 149, M1, m 2) İddiaçı payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 27.06.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AZ-İ 671560 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 oğlu 23.12.2014-cu ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12.01.2015-ci il tarixə 04 nömrə ilə qeyd edilmişdir. İşdə olan 1062 nömrəli, 01.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşamışdır və 2014-cü ilin dekabr ayından bu ünvanda yaşayış yoxdur. İş materiallarında olan abonent kartından görünür ki, ünvan 1 ünvanında X2 oğlunun adına açılmış sayğaca əsasən sudan istifadəyə görə 152,59 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanına müxtəlif tarixlərdə su sayğacı quraşdırılmışdır. Bununla əlaqədar həmin ünvana sudan istifadəyə görə borc hesablanmış, İddiaçı 152,85 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanına cavabdeh tərəfindən yazılmış borcu mübahisələndirir. Həmin mənzildə 2014-cü ildən yaşayış yoxdur. Bunu həmin tarixdən hal-hazıradək sudan istifadə ilə bağlı sərfiyyatın sıfır olması barədə abonent kartı və yaşayış yerindən arayış təsdiq edir. Buna baxmayaraq 31.03.2019-cu il tarixdə mənzildə sayğac dəyişdirilməsi həyata keçirilərkən iddiaçıya 152,59 manat borc yazılmışdır. Məhkəmə hesab edir ki, hazırki halda cavabdeh sözügedən borcun yazılmasına əsas olmuş sənədləri məhkəməyə təqdim etməmiş, ümumiyyətlə borcun nə ilə əlaqədar yazıldığını əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı əsassız olaraq hesablanmış 152,59 manat məbləğində borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya 152,59 manat məbləğində borc hesablandığı halda iddiaçı iddia ərizəsində 152,85 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Bu səbəbdən iddia tələbi qismən təmin olunmalı, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına hesablanmış 152,59 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 152,59 (bir yüz əlli iki manat əlli doqquz qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar